Səməd Seyidov “British Council”ın rəhbərini və Biznesin İnkişaf Proqramının direktorunu qəbul edib

Səməd Seyidov “British Council”ın rəhbərini və Biznesin İnkişaf Proqramının direktorunu qəbul edib

İyulun 8-də Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov "British Council"-ın rəhbəri Pol Klemensonu və "British Council"-ın Biznesin İnkişaf Proqramının direktoru Tom Hintonu qəbul edib.

ADU mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonağı salamlayan rektor Səməd Seyidov onu Azərbaycan Dillər Universitetində görməkdən məmnun olduğunu bildirib. O, bildirib ki, bizim prioritetimiz təkcə ingilis dilini deyil, bütün Avropa dillərini öyrənmək və öyrətməkdir. Rektor rəhbərlik etdiyi universitetdə müxtəlif dillərin tədris olunduğunu diqqətə çatdırıb: "Universitetimizin xüsusi çəkisi vardır. Biz bu sahədə öz yeri olan universitetik".- deyə vurğulayıb.

"British Council"-ın bu əməkdaşlıqda öz rolunun olduğunu deyən S. Seyidov 2010-cu ildə "British Council"la əlaqələrin daha səmərəli olduğunu diqqətə çatdırıb və deyib ki, "British Council"-la əməkdaşlıq ADU üçün çox önəmlidir. Rektor Böyük Britaniya universitetləri ilə əlaqələrə də diqqət çəkib: "Bizim Böyük Britaniya universitetləri ilə əməkdaşlığımızdan danışarkən Esseks Universiteti ilə əlaqələrin xüsusi önəmini də qeyd etmək istəyirəm. "British Council" və səfirliklə bərabər, biz Esseks Universiteti ilə müqavilə imzaladıq. Digər Böyük Britaniya universitetləri ilə də bu əlaqələrin qurulması istiqamətdə işlər görülür".

Öz növbəsində, Pol Klemenson Biznesin İnkişaf Proqramının direktoru Tomas Hintonu təqdim edib. Qeyd edib ki, ingilis dilinin tədrisi ilə bağlı universitetlərlə əlaqələrin qurulmasında maraqlıdırlar. P. Klemenson Universitetin imkanlarından və təhsil sahəsindəki əməkdaşlıqdan da danışıb.

Tomas Hinton da çıxışında universitetlərarası əlaqələrə toxunub.

Səməd Seyidov deyib ki, ingilis dilinin tədrisini yüksəltmək çox vacib məsələdir. O, bildirib ki, dil mərkəzləri açmaq beynəlxalq aləmə nüfuz etmək üçün bir vasitədir.

Görüşün sonunda gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə