TQDK sədri: \"Müsabiqədə iştirak üçün minimal bal 300-dən 250-yə endirilməsəydi, ali məktəblərdə 1000 plan yeri boş qalacaqdı\"-FOTO

TQDK sədri: \"Müsabiqədə iştirak üçün minimal bal 300-dən 250-yə endirilməsəydi, ali məktəblərdə 1000 plan yeri boş qalacaqdı\"-FOTO

"İyulun 3-də keçirilən III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə görə, 8981 abituriyent müsabiqəyə buraxılıb. Bu qrup üzrə plan yerlərinin sayı isə 8814-dür. Bu isə o deməkdir ki, düzgün ixtisas seçimi edilsə, müsabiqəyə buraxılanların hər biri ali məktəblərə qəbul ola bilər". SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu qrup üzrə dövlət sifarişli yerlərin sayı isə 2099-dur.

Dövlət sifarişli yerləri III qrup üzrə qəbul imtahanında 350-dən yuxarı bal toplayan abituriyentlər seçə biləcək. Həmin abituriyentlərin sayı isə 4525 nəfərdir. Buna əsasən deyə bilərik ki, III qrup üzrə dövlət sifarişli yerlərə müsabiqə vəziyyəti bir yerə iki nəfər təşkil edəcək".


TQDK sədri deyib ki, ixtisas seçərkən abituriyentlər daha çox öz istəklərini yox, ballarını nəzərə almalıdırlar: "Bu il 3 nəfər 690-700 bal arası, 11 nəfər 680-689, 1436 nəfər isə 500 baldan yuxarı nəticə göstərib. Bu qrup üzrə ən çox seçilən Azərbaycan dili müəllimliyi xtisası üzrə 320, hüquqşünaslıq üzrə 130, xarici dil üzrə isə 410 plan yeri ayrılıb. Adətən yüksək bal toplayan abituriyentlər yüksək ixtisasları seçmək istəyirlər. Bu il 500 baldan yuxarı nəticə göstərənlərin pulsuz oxuma şansı o qədər də yuxarı deyil".

Daha sonra TQDK sədri Məleykə Abbaszadə ali məktəblərin III ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün minimal keçid ballarının aşağı salınmasının səbəblərinə aydınlıq gətirib.O bildirib ki, III ixtisas qrupu üzrə 8000-dən çox plan yerləri ayrılıb. M.Abbaszadə qeyd edib ki, III ixtisas qrupu abituriyentlərinin müsabiqədə iştirak üçün minimal balı 300-dən 250-yə endirilməsəydi, ali məktəblərdə təxminən 1000 plan yeri boş qalacaqdı: "Dövlət sifarişli ixtisaslar üzrə tələblər isə olduğu kimi qalıb. III qrupda 350 baldan çox bal toplayan abituriyentlərin sayı 4525 nəfərdir. Amma dövlət sifarişli ixtisaslar üzrə plan yerlərinin sayı təqribən 2000 olduğu üçün bu abituriyentlərin hamısı bu ixtisaslar üzrə qəbul oluna bilməyəcək".

Builki abituriyentlərin 40 faizindən çoxunun əvvəlki illərin məzunları olduğunu deyən TQDK sədrinin sözlərinə görə, oğlanlar hərbi xidmətdən, qızlar da ailə qurduqdan sonra yenidən təhsil almaq istəyirlər. Onun sözlərinə görə, komissiya bunu və sayın çoxluğunu nəzərə alıb, onlara öz hesablarına ali təhsil almaq imkanı yaradır: "250 bal elə də aşağı nəticə deyil. Bizdə 0-100 bal nəticə göstərən abituriyentlər var. Ödənişli ixtisaslarda müsabiqə vəziyyətinin yaranması üçün bu addımı atdıq".

M.Abbaszadə bildirib ki, 0-100 arası bal toplayanların əksəriyyəti orta məktəbi bu il bitirib. Bu məzunların qəbul imtahanlarından əvvəl attestat imtahanı verərək attestatı aldıqlarını deyən komissiya sədri məktəbi bu il bitirənlərin bu qədər zəif nəticə göstərməsini anlaşılmaz olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com