Nailə Rzaquliyeva: “BŞTİ və məktəblər formaların standarta uyğunluğuna nəzarət edir və hansı firmanın malının alınmasına müdaxilə etmir”-MÜSAHİBƏ
Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdiri Nailə Rzaquliyevanın yap.org.az saytına müsahibəsi:
- Nailə xanım, daha bir tədris ili arxada qaldı. İlk öncə sona çatmış tədris ilindən söhbət açaq. Bu
tədris ili hansı yeniliklərlə əlamətdar oldu?
- Bəli, 2010-2011-ci tədris
ili uğurla başa çatıb. Bir struktur vahidi olaraq BŞT-nin yaranmasından keçən 5
illik dövr göstərdi ki, Bakı şəhərində təhsilin inkişafı baxımından çox işlər
görülüb. İlin yekunu göstərib ki, fəaliyyət planında nəzərdə tutulmuş işlər
əsasən yerinə yetirilib, bir çox sahələr üzrə kifayət qədər təcrübə əldə edilib.
2006-cı ildən başlayaraq BŞTİ tərəfindən irəli sürülən təhsilin demokratikləşdirilməsi,
humanistləşdirilməsi, differensiallaşdırılması və fərdiləşdirilməsi
prinsiplərinə və uşaq hüquqlarının qorunması ideyalarının təcrübədə
reallaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər şəhər təhsilinin
inkişafında əhəmiyyətli rol oynayıb. Bu il bizim üçün kifayət qədər yaddaqalan
və uğurlu olub. Məzunlardan 13 nəfər qızıl, 5 nəfər isə gümüş medalla təltif
olunublar. Müstəqilliyimiz dövründə ilk dəfə tətbiq edilən qızıl və gümüş
medalların verilməsi çox ciddi bir hadisə kimi diqqəti cəlb edib və cəmiyyətdə
müsbət hal kimi dəyərləndirilib. Bu günlərdə "Buta Palace"də tam orta təhsili
yüksək səviyyədə başa vuran və ictimai fəallığı ilə seçilən məzunlara həsr
olunmuş "Məzun-2011"
tədbiri hamının ürəyincə olub. Gənclərimiz bir daha hiss ediblər ki, Azərbaycan
xalqı və dövləti onlara inanır, onların gələcək təhsilində və fəaliyyətində
maddi və mənəvi dəstək verir.
İl ərzində yaddaqalan tədbirlərdən biri də
"Təhsildə İKT-nin tətbiqi-bilik, təcrübə, texnologiya" adlı baxış-sərgi oldu. Məktəblərin İKT ilə
təminatı proqramına uyğun olaraq keçirilən bu tədbir bir çoxlarının
inamsızlığına son qoymuş oldu. Məlum oldu ki, məktəblərimizdə İKT-nin tədris
prosesində tətbiqi, elektron dərs vəsaitlərindən istifadə olunması və internet
resurslarının hazırlanması sahəsində kifayət qədər səmərəli nəticəyə nail olunub. İndi məktəblərimizin beynəlxalq əlaqələri güclənib, pedaqoji kadrlarla yanaşı, şagirdlərimizin də İKT üzrə bilik və
bacarıqları bizim təsəvvür etdiyimizdən də yüksək səviyyəyə yüksəlib.
- İKT-nin tətbiqi və təhsilin məlumat sistemlərinin yaradılması
sahəsində nəzərdə tutulan işlərin sürətləndirilməsi, təhsilin idarə olunmasını
daha müasir mərhələyə istiqamətləndirir. Tabeliyinizdə olan ümumtəhsil məktəblərinə İKT-nin
tədris prosesində tətbiqi sahəsində hansı işlər görülür?
- Son illər təhsil
sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin
tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet
istiqamətlərdən biri olub. Artıq qloballaşan dünyada ölkələrin rəqabət
qabiliyyəti, ilk növbədə, onların informasiya kommunikasiya texnologiyalarından
səmərəli istifadəsi ilə müəyyənləşir. Bu baxımdan, son illər ölkənin təhsil
sistemində də İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin
tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması əsas prioritet
istiqamətlərdən birinə çevrilib."2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sistemininin formasiyalaşdırılması üzrə
Dövlət Proqramı"na əsasən elektron tədris sistemlərin informalaşdırılması,
təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihələr və tədbirlər,
təhsil ocaqlarında İKT infrastrukturunun qurulması istiqamətində BŞTİ
tərəfindən müəyyən addımlar atılıb. Amma İKT-nin tətbiqi üzrə elmi-metodiki
bazanın təkmilləşdirilməsi, ümummilli səviyyədə vahid elektron təhsil məkanının
təşəkkül tapması hələ də günün əsas tələbidir.
Təhsil sisteminin pedaqoji heyətinə tədris
prosesində İKT-dən effektiv istifadə edilməsi üçün mövcud kurrikulumlar -
Rİ-SOL "Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi", İntel
"Gələcək üçün Təhsil", "İnzibati idarəetmə heyəti üçün İKT-nin təhsilə tətbiqi"
üzrə təlim vəsaiti və "Elektron məktəb" təlim vəsaitləri əsasında treninqlər
keçirilib.
Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası
(Dünya Bankı) arasında 24 sentyabr 2008-ci il tarixdə imzalanmış Sazişə əsasən
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Təhsil Sektorunun
İnkişafı üzrə İkinci Layihə (2009-2014-cü illər) icra olunur. Layihənin "Yeni
tədris materiallarının hazırlanması və məktəb kitabxanalarının
müasirləşdirilməsi" altkomponenti çərçivəsində də işlər görülməkdədir. Bu
işlərdən biri kimi məktəblərin tələbatına uyğun olaraq, Bakı şəhərinin internet
şəbəkəsinə qoşulmuş ümumtəhsil məktəblərinə www.oxuyuruq.biz saytında dörd fənn
("Azərbaycan dili", "İnformatika", "Riyaziyyat", "Həyat bilgisi" fənləri) üzrə
innovativ elektron tədris resurslarından istifadə imkanı yaradılıb. Bu məqsədlə
Təhsil Nazirliyindən BŞTİ-yə göndərilmiş 240 abunə kartı Bakı şəhərinin 60
ümumtəhsil məktəbinin ibtidai sinif müəllimlərinə verilib. Yeni tədris ilindən kart əldə etmiş müəllimlərlə treninqlərin
keçirilməsi planlaşdırılır.
- Təhsilin inkişafına təsir edən amillər kimi
maddi-texniki baza və təhsil verənlərin səviyyəsi öndə gəlir. Bu mənada Bakı
təhsilində hansı müsbət dəyişikliklər baş verib?
- Son illərdə Bakı şəhərində 30 yeni məktəbin, 28 tədris korpusunun istifadəyə verilməsi, əksər təhsil müəssisələrinin istilik probleminin həll edilməsi dövlətin təhsilə, onun inkişafına qayğının bariz nümunəsi olub. Bu da öz növbəsində təhsil şəraitinin yaxşılaşdırılması, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində atılan mühüm addımlardan olub. Kifayət qədər yüksək səviyyədə texniki imkanlar, yeni texnologiyaların tətbiqi təlim şəraitinin tələb olunan səviyyədə qurulmasına imkan verib.
Bu gün Bakı şəhərinin məktəblərində aparılan
əsaslı təmir, yeni korpusların tikintisi şəraitin daha da yaxşılaşmasına imkan
verəcək. Belə ki, hazırda Bakının təhsil müəssisələri nəhəng tikinti
meydançasını xatırladır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin təsdiq etdiyi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq
Bakı şəhərində 6320 şagird yerlik məktəb binalarının, 2 məktəbdə idman və akt
zallarının, 120 uşaq yerlik uşaq bağçasının tikintisi, 36 məktəbdə və 57 uşaq
bağçasında əsaslı təmir, 4 uşaq bağçasında isə bərpa və gücləndirmə işləri
həyata keçirilir.
Bununla yanaşı, təhsil müəssisələri ən müasir
texnologiyalarla, təlim vasitələri və əyani vəsaitlərlə təmin olunmuşdur. Bu da
təhsilin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir edən amillərdəndir.
Əlbəttə ki, təhsildə əsas sima müəllim olaraq
qalır. Müəllimlərin bilik səviyyəsi, müasir təlim texnologiyalarını mənimsəmə
və tətbiqetmə səviyyəsi təhsilin keyfiyyəti ilə düz mütənasibdir. Bu mənada,
mən nikbinəm.
Müəllimlərimizin hazırlıq səviyyəsi, yeniliyi
tətbiqetmə istəyi kifayət qədər qaneedicidir. Yenə statistikaya müraciət edək.
Məlumdur ki, 2008-ci ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Sərəncamına əsasən hər il "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələri keçirilir. Bakı məktəbləri və müəllimlər bu
müsabiqələrdə fəal iştirak edirlər. BŞTİ tərəfindən sistemli işin
aparılmasının, müəllimlərin fəaliyyətinin kompleks öyrənilməsinin qaliblərin
müəyyənləşdirilməsində maksimum obyektivliyin təmin edilməsinin nəticəsidir ki,
dörd il ərzində Bakının 88 məktəbi və 183 müəllimi bu müsabiqələrin qalibi olub. Çox ciddi tələblər əsasında keçirilən müsabiqələrdə qazandığımız
nailiyyətlər sevinməyə əsas verir. Deməli, inkişaf var və olacaq.
- Son dövrlərdə "təhsilin keyfiyyəti" ifadəsi daha çox işlədilir.
Əsasən də tənqidi iradlar üstünlük təşkil edir. Təcrübəli pedaqoq, təhsili
idarə edənlərdən biri kimi bu məsələyə münasibətiniz maraqlı olardı.
- İslahat proqramının
müddəalarına uyğun olaraq təlim-tərbiyə prosesində keyfiyyət amilini ön plana
çəkmək və bu işin təşkilində təhsil müəssisələrinin, pedaqoji kollektivlərin
qüvvələrini səfərbər etmək Təhsil İdarəsinin əsas işlərindən biridir.
İlk növbədə,
onu qeyd etməliyəm ki, əgər təhsilin keyfiyyəti yoxdursa, deməli təhsil də
yoxdur.
Təhsil dinamik inkişaf edən sahədir. Onun
keyfiyyət göstəriciləri təkcə ali məktəbə qəbulla ölçülə bilməz. Təhsilin
keyfiyyətində yalnız qəbul imtahanında toplanan ballar nəzərə alınsa, bu,
birtərəfli yanaşma olar. Bəs, tərbiyə prosesi necə olsun? Mübarizlər, fəridlər
vətənpərvərlik tərbiyəsini məktəbdə almayıbmı? Bu cəsurluq, mübarizlik, Vətən
yolunda şəhidlik həmin tərbiyənin, təhsilin nəticəsi deyilmi? Bax, məsələyə bu
istiqamətdən yanaşanda ayrı mənzərə alınır. Ona görə də cəmiyyətin həyatına
bilavasitə təsir edən, strateji sahə olan təhsildə eyib axtarmaq meylindən
birdəfəlik əl çəkmək, onun inkişafına təsir edəcək ağıllı təkliflər irəli
sürmək, cəmiyyətin bütün potensialını təhsilə dəstək istiqamətində hərəkətə
gətirmək lazımdır.
Hər bir təhsil müəssisəsində təlim-tərbiyənin
keyfiyyətinin yüksəldilməsi məqsədlərinə nail olmaq üçün təhsil sahəsində
dövlət siyasətinin əsas prinsiplərindən biri kimi təhsilin humanistləşdirilməsi
əsasında yeni pedaqoji təfəkkürün formalaşdırılması və inkişafı sahəsində
qazanılmış təcrübəyə geniş istinad edilməli, bu istiqamətdə aparılan işlər
davam etdirilməlidir.
- Bakı şəhəri üzrə təhsil müəssisələrindən ali
məktəblərə qəbul səviyyəsi də həmişə yuxarı olub. Bu mənada siz daha inamlı danışa bilərsiniz...
-
Bəli. Əgər təhsilin keyfiyyəti təkcə ali məktəblərə qəbul səviyyəsi ilə ölçülsə
belə, Bakı təhsilində bu proses inkişaf edən və artan xətlə gedir.
Məzunlarımızın 2010-cu ildəki nəticələri bunu deməyə əsas verir. Belə ki,
2010-cu ildə ali məktəblərə qəbul olunan məzunlarımızın xüsusi çəkisi 41.49%
olub, orta bal 2009-cu ilə
nisbətən 9 % artıb. Təhsilin keyfiyyət
göstəricisi 500 və 600 baldan çox bal toplayanların sayı ilə müqayisə olunduğu
halda, bu rəqəmlər də ürəkaçandır. 2009-cu ilə nisbətən 2010-cu ildə 500 baldan
yuxarı nəticə göstərənlərin sayının 1727-dən 2062-yə yüksəlməsi (artım 20
faiz), 600–dən yuxarı bal toplayanların sayının 159 nəfər, yaxud 40 faiz
artması bizi sevindirir. 2 nəfər məzun 700 bal, hər 15 abituriyentdən biri
600-dən yuxarı, hər 4 abituriyentdən biri 500-dən yuxarı balla tələbə adını
qazanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yarandığı
2006-cı illə müqayisədə isə 2010-cu ildə ali məktəblərə qəbul 10,04 faiz,
məzunların orta balı 13,7 faiz, 500-dən yuxarı bal toplayanlar 2,27 faiz,
300-dən çox bal toplayanlar 6,53 faiz artmış, 100-dən aşağı bal toplayanların
sayı 8,35 faiz azalıb. Bu göstəricilər
respublika üzrə göstəricilərə bərabər və bəzi hallarda ondan yuxarıdır. Lakin
bu, son hədd deyildir. Biz nə bununla kifayətlənmirik, nə də arxayın olub
öyünmək fikrində deyilik. Sadəcə bunları bir statistika kimi nəzərə çatdırırıq.
Hədəflərimiz isə daha yüksək nəticələrdir.
- Bakı Şəhəri üzrə Təhsil İdarəsinin cəmiyyət tərəfindən müsbət
qarşılanan təkliflərindən biri də vahid məktəbli formasına keçilməsi oldu. Bu
sahədə hansı yeniliklər var və yeni dərs ilində məktəbli formasının tətbiqi
necə olacaq?
- Vahid məktəbli forması
ideyası ilk dəfə 2007-2008-ci dərs ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi
tərəfindən irəli sürüldü və Təhsil Nazirliyi tərəfindən dəstəklənib. O zaman
hər bir məktəb valideynlərlə birlikdə formanı özü müəyyənləşdirib. Lakin
tədricən proses təkmilləşmə tələb etdiyindən bütün məktəblərin eyni formaya
keçilməsi qərara alınıb. Çünki hər məktəbin bir forma tətbiq etməsi şagirdlərin
yerdəyişməsi zamanı ciddi problemlərə və narazılıqlara səbəb olub. Keçən dərs
ilindən bütün ümumtəhsil məktəblərində vahid formanın tətbiqinə başlanılıb.
İlkin mərhələ kimi I-IV siniflər vahid formaya keçib. Yeni dərs ilində isə
bütün siniflərdə vahid forma tətbiq olunacaq. Yeri gəlmişkən, qeyd etməliyəm
ki, müxtəlif eskizlər içərisindən ibtidai və yuxarı siniflər üçün iki forma
seçilib. Yaş səviyyəsinə uyğun olaraq valideynlər uşaqlarına bu formaları ala
bilərlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və məktəblər formaların standarta
uyğunluğuna nəzarət edir və hansı firmanın malının alınmasına müdaxilə etmir.
Bir sözlə, vahid məktəbli forması ictimaiyyət tərəfindən birmənalı şəkildə
qəbul olunub, dəstək qazanıb. Bu məsələni tam həll edilmiş hesab etmək olar.
- Nailə xanım, istedadlı uşaqların müəyyən
edilməsi, onların istedadının daha da inkişaf etdirilməsi həm ictimai
tələbatdan doğan sosial sifarişdir, həm də dövlətin təhsil siyasətinin tərkib
hissəsidir. Bu sahədə
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin gördüyü işlər haqqında məlumat verməyinizi
xahiş edirik.
- Ulu öndərimiz Heydər
Əliyev deyirdi ki, "… Azərbaycanın uşaqları ölkəmizin, xalqımızın milli
sərvətidir, gələcəyidir və ümididir. Ona görə də uşaqlara
qayğı göstərmək hər bir vətəndaşın borcudur". Ümummilli liderin ideyalarını
uğurla davam və inkişaf etdirən cənab Prezidentin təsdiq etdiyi "Xüsusi
istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı
uzrə Dövət Proqramı"na uyğun olaraq şəhərin ümumtəhsil məktəblərində təhsil
alan və xüsusi istedadı ilə fərqlənən şagirdlər son beş ildə həyata keçirilən
tədbirlər zamanı aşkara çıxarılıb, həm də onların
istedadının qayğısına qalınıb. BŞTİ-də yaradılmış
"İstedad bankı"nda hər bir uşaq haqqında müfəssəl məlumat var və biz daim
onların fəaliyyətini izləyir, lazımi dəstəyi göstərə bilirik. İstedadların üzə
çıxarılmasında fənn olimpiadalarının əhəmiyyəti çox böyükdür. Bakı
məktəblərində fəaliyyət göstərən olimpiadalara hazırlıq mərkəzləri bu mənada
xeyli iş görür. Hər il şagirdlərimizin tutduqları qalib yerlərinin sayının
artması da bu mərkəzlərin, fənn müəllimlərinin fəaliyyəti nəticəsində mümkün
olur. Məlumat üçün bildirim ki, fənn olimpiadalarının respublika turunda qalib
şagirdlərin sayı 2006-cı ildə 48, 2007-ci ildə 69, 2008-ci ildə 92, 2009-cu
ildə 105, 2010-cu ildə 106, 2011-ci ildə isə 108 nəfər olub.
Hər il Bakı şəhərinin məktəblərində ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü yüksək
səviyyədə qeyd edilib, bu tədbirlər elm, bilik
yarışına çevrilib. Son dörd ildə ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş "Azərbaycan-dünyam
mənim", "Biz Heydər Əliyev irsini öyrənirik", "İstedadlı şagirdlərin potensial
imkanlarının optimal yolları" və "Məktəbli gənclər Heydər Əliyev zəkasının
işığında" mövzuları üzrə təşkil edilmiş olimpiada, inşa yazı müsabiqələri və
konfranslar da belə tədbirlərdəndir. Qeyd edim ki, bu tədbirlər il boyu
keçirilmiş, bir neçə mərhələdən ibarət olmaqla təhsilin bütün sahələrini əhatə
edib.
- Məlumdur ki, məktəbəqədər təhsil pilləsi təhsilin bünövrəsi hesab
edilir. Bu təhsil
pilləsinin inkişafı üçün ciddi qərarlar və Dövlət Proqramı da mövcuddur. Bakı
şəhərində məktəbəqədər təhsil sahəsində son illərdə görülmüş işlər nədən
ibarətdir?
- Məktəbəqədər təhsilin
baza, bünövrə adlandırılması onun mahiyyətini özündə ehtiva edir. Bu təhsil pilləsi həm də
çox ciddi diqqət tələb edir. Hazırda bu sahənin inkişafı o səviyyədədir ki,
valideynlər uşaqlarını mütləq uşaq bağçalarına verməyi düşünür. Lakin bizim
hamını qəbul etmək imkanımızın olmaması bir qədər narazılıq yaradır.
"Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı"nda
qarşıya qoyulan "Məktəbəqədər təhsil vahid təhsil sisteminin ilk pilləsi
olmaqla uşaqların intellektual, fiziki və psixoloji inkişafında, onların
şəxsiyyətinin formalaşmasında və məktəbə hazırlanmasında xüsusi əhəmiyyətə
malikdir" konseptual müddəasının tələbləri baxımından yanaşdıqda bu məsələnin
təcili şəkildə həlli tələb olunur və bu sahədə görülən işlər nikbin olmağa əsas
verir. Qeyd edim ki, son illər məktəbəqədər təhsil sahəsində fəaliyyət xeyli
yaxşılaşıb, bağçayaşlı uşaqların
məktəbəqədər təhsilə və məktəbəhazırlıq qruplarına cəlb edilməsi səviyyəsi artıb, 2010-cu ildə məktəbəqədər təhsil müəssisələrində əlavə olaraq 150
qrup açılıb. Nəticədə bağçayaşlı
uşaqların məktəbəqədər təhsilə və məktəbəhazırlıq qruplarına cəlb edilməsi
səviyyəsi artıb, bu rəqəm 2006-cı ildəki
4380 nəfərdən 2010-cu ildə 9646 nəfərə çatdırılıb. Yeni bağçaların tikilməsi, mövcud infrastrukturun əsaslı təmir
edilməsi, uşaq bağçalarında məskunlaşmış məcburi köçkünlərin mənzillə təmin
edilməsi, yaxın gələcəkdə qrup otaqlarının sayının artmasına və bağçayaşlı
uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsinin yüksəlməsinə şərait
yaradacaq.
- Söhbətimizin nikbin notları təhsildə inkişaf
tendensiyasından xəbər verir. Bu cür inamlı danışmağınız təbii ki, real nəticələrə və faktlara
əsaslanır. Bəs yaxın gələcəkdə təhsilimizin inkişafını necə görürsünüz?
- 20 il bundan əvvəl
Azərbaycanda dövlət müstəqilliyinin bərpası, ölkəmizin ictimai-siyasi,
sosial-iqtisadi həyatında yeni bir dövrün başlanması ilə nəticələnib. Bütün
fəaliyyət sahələri kimi, təhsildə də əsaslı keyfiyyət dəyişiklikləri üçün real
şərait yaranıb. Hazırda həyata keçirilən bir çox ardıcıl tədbirlər yerlərdə
yaradıcı iş əzmini, təşəbbüskarlıq meyllərini xeyli artırmaqla bərabər,
təhlillər aparmaqla illərlə davam edən nöqsan və çatışmazlıqların aşkara
çıxarılmasına, eyni zamanda onların aradan qaldırılması yollarının perspektiv
fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə əhəmiyyətli dərəcədə müsbət
təsir göstərib.
Bütün bu göstərilənlərlə əlaqədar qeyd olunmalıdır
ki, ümumtəhsil məktəbi şagirdlərinin cəmiyyətin tələbatına uyğun bilik
səviyyəsinin, bütövlükdə təhsilin keyfiyyətinin təmin olunması sahəsində
elektron məktəblərin yaradılmasında öz həllini gözləyən problemlərin hələ də
qalmasına baxmayaraq, təlim-tərbiyə prosesinin təşkili, təhsilin idarəolunması,
təhsil sisteminin informasiyalaşdırılması təhsilimizin gələcək inkişafına,
mövcud problemlərin qısa zaman kəsiyində aradan qaldırılmasına böyük ümidlər
yaradır.
Bütün bu proseslər təhsilin gələcəyinə nikbin baxmaq üçün yetərlidir. Məncə, artıq milli təhsil sisteminin formalaşması başa çatıb. İndi biz dünyanın yaxşı təcrübələrindən faydalanmaqla dünya təhsil sisteminə inteqrasiya prosesini başa çatdırmalı, bütün səviyyələrdə ən yaxşı nəticələrə nail olmalıyıq. Bu, dönməz və tarixi bir prosesdir. Hər bir təhsil işçisinin də vəzifəsi bu prosesdə öz yerini tutmaq və gələcək inkişafımız üçün öz töhfəsini verməkdir.
Beşillik fəaliyyət üçün kifayət qədər işlərin görülməsi təqdirəlayiq olsa da, hələlik bunlarla kifayətlənmək olmaz.
Yaradılmış elektron məlumat sistemlərinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, keyfiyyətə nəzarət mexanizmlərinin yeni forma və üsullarının axtarışı və tətbiqi sahəsində görüləcək işlər çoxdur.
Qarşıda duran mühüm məsələlərin və vəzifələrin müasir tələblər baxımından yerinə yetirilməsi üçün 2011-2012-ci tədris ilində BŞTİ-nin kollektivi tabelikdə olan təhsil müəssisələri ilə birlikdə işləmək və qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətini təmin etmək əzmilə fəaliyyət göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB