İyulun 3-də III qrup üzrə 32869 abituriyent imtahan verəcək

İyulun 3-də III qrup üzrə 32869 abituriyent imtahan verəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 3-də 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. SİA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, imtahan respublikanın 4 şəhərində - Bakıda 41, Naxçıvanda 3, Gəncədə 6, Sumqayıtda 6 binada keçiriləcək. Onun sözlərinə görə, orta ümumtəhsil müəssisələrindən 2508 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 247 imtahan rəhbəri cəlb olunacaq.

2011-ci ildə III qrup üzrə 32869 abituriyentin ərizə təqdim etdiyini deyən M.Abbaszadə vurğulayıb ki, onların 29529 nəfəri Azərbaycan bölməsinin, 3340 nəfəri isə rus bölməsinin məzunudur: "Abituriyentlərin 9270 nəfərini oğlanlar, 23599 nəfərini isə qızlar təşkil edir. 17538 nəfər orta ümumtəhsil məktəblərinin builki, 13158 nəfər isə orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 149 abituriyent xarici ölkələrin vətəndaşıdır. 198 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1975 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1939 -cu ildən, ən gənc isə 1996-cı ildəndir.

Bakı şəhərində 23326 abituriyent, Naxçıvanda 1991 abituriyent, Gəncədə 3791, Sumqayıtda isə 3761 abituriyent imtahan verəcək. Attestat bazası iyunun 25-də Təhsil Nazirliyi tərəfindən komissiyaya təqdim olunub. Burada 2000 uşağın mərkəzləşmiş buraxılış imtahanlarından kəsildiyi və attestat almadığı barədə məlumatlar var. Onların da 612 nəfəri III qrup üzrə sənəd verən abituriyentlərin payına düşür. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq. İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən III ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunan sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək. III ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında öz əksini tapacaq. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənə biləcəklər".

M.Abbaszadə qeyd edib ki, abituriyentlər imtahan gələrkən yalnız şəxsiyyət vəsiqəsini, "İmtahana buraxılış vərəqəsi"ni və qələmi özləri ilə gətirməlidirlər. Onun sözlərinə görə, imtahan günü lazımi sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. TQDK sədri bildirib ki, imtahan binasına mobil telefon, konspekt və ya digər yardımcı vasitələr gətirilməsi qəti qadağandır.

"Giriş zamanı üzərində bunlar aşkar olunan abituriyentlər barədə akt tərtib olunaraq onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar. İmtahan zallarının hamısında su olacaq. Ona görə də abituriyentlər özləri ilə su, eləcə də digər avadanlıqlar gətirməsinlər. Abituriyentlər imtahana gələndə nə qədər böyük çanta götürsələr, onların problemləri də böyük olacaq. Buna görə də çanta ilə gəlməyə ehtiyac yoxdur", - deyə o əlavə edib.

M. Abbaszadə imtahan binalarında mobil telefonların işləməyəcəyini də qeyd edib.O vurğulayıb ki, bu ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə qəbul imtahanlarına mobil telefonların keçirilməsinin qarşısını almaq üçün xüsusi texnologiyadan istifadə edəcək. M.Abbaszadə bildirib ki, mobil telefonların yoxlanılması üçün əvvəlki illərdə də müəyyən texnologiyalardan istifadə edilib: "Amma bu il bu texnologiya daha da təkmilləşdirilib. Kim mobil telefonlarla imtahan binalarına girsə, biz dərhal bunu biləcəyik. Həmin adam dərhal tapılacaq və onun nəticələri heç nəyə baxılmadan ləğv olunacaq. Həmin şəxs imtahandan azad olunacaq".

TQDK sədri vurğulayıb ki, bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Onun sözlərinə görə, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə