Azərbaycan Respublikasında avqust-oktyabr aylarında Demoqrafiya və Sağlamlıq Sorğusu (DSS) keçiriləcək. Bu barədə SİA-ya İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə Kommunikasiyası və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səadət Hənifəyeva məlumat verib. O bildirib ki, sorğu əhalinin demoqrafiya və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, eləcə də təhlili üçün zəruri məlumatların toplanılması məqsədini daşıyır.
Sorğunun 2 istiqamətdə - ev təsərrüfatlarında yaşayan sosial qrupların sorğusu və qadınların fərdi sorğusu üzrə aparılacağını deyən S.Hənifəyevanın sözlərinə görə, DSS Bakıda və respublikanın səkkiz regionunda həyata keçiriləcək. Şöbə müdiri qeyd edib ki, hər təsadüfi yolla seçilən ev təsərrüfatından 15-49 yaş arası qadınlar müsahibəyə cəlb ediləcək: "Qadınlara ümumi məlumat xarakterli, dünyaya gətirdikləri, yaxud övladlığa götürdükləri uşaqlar, QİÇS və cinsi yolla keçən xəstəliklər barədə məlumatlı olub-olmaları ilə bağlı suallarla müraciət ediləcək. Sorğuda iştirak edən 15-49 yaşlı qadınlarda və onların 5 yaşadək olan övladlarında müəyyən antropometrik ölçülər də aparılacaq".
O əlavə edib ki, sorğunun 2011-ci ildə keçirilməsilə bağlı tədbirlərin hazırlanaraq icra olunması məqsədilə, aidiyyəti dövlət qurumlarının nümayəndələri daxil edilməklə, işçi qrup yaradılıb, onun keçirilməsi ilə bağlı tədbirlərin əlaqələndirilməsi və icrası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə tapşırılıb. Hazırda sorğunun aparılması üzrə intervüyerlər üçün təlimlər keçirildiyini deyən mərkəz rəsmisi qeyd edib ki, təlim və pilot sorğunun 72 iştirakçısı elan verildikdən sonra müraciət etmiş namizədlər sırasından müsahibə yolu ilə seçilib.
"Bir neçə testin nəticəsinə və təlim zamanı özünü göstərmə bacarığına əsaslanaraq, 72 nəfərdən 60 nəfər sorğuda iştirak üçün seçiləcək. Səyyar sorğu işlərinin isə avqust-oktyabr aylarında aparılması nəzərdə tutulur. Nəticələr səhiyyədə, təhsildə və demoqrafik siyasətdə rast gəlinən problemlərin həlli üçün əhəmiyyətlidir. Azərbaycanda Demoqrafiya və Sağlamlıq istiqamətində ilk belə sorğu 2006-cı ildə Dövlət Statistika Komitəsi tərəfindən "Macro International" tədqiqatların aparılması üzrə beynəlxalq təşkilatlarla birgə keçirilib", - deyə o vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB