İyunun 30-da Azərbaycan Dillər Universitetində (ADU) "Məzun günü" keçirildi. ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi məlumata görə, universitetin həyətində keçirilən tədbirdə ADU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edirdi.
ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov məzunları təbrik edərək bu gün həm sevinc içində olduğunu, həm də kədər hissi keçirdiyini bildirdi. Məzun adı qazananların gələcəkdə nüfuzlu dövlət xadimi olacaqlarını əminliyini ifadə etdi. Rektor dövlət səviyyəsində ADU-ya göstərilən qayğıdan danışdı.
"Məzun günü"ndə iştirak edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bu gün həm məzunların, həm müəllimlərin, həm də valideynlərin bayramı olduğunu söylədi. Gənclərin fəaliyyətinə qiymət verilməsi baxımından ADU-nun müstəsna yerinin olduğunu bildirən millət vəkili siyasi fəaliyyətində də ADU ilə əməkdaşlıq etməyindən məmnunluğunu ifadə etdi. O, sözünü məzunları təbrik etməklə bitirdi.
ADU-nun 1 saylı İngilis dili fakültəsinin məzunu Fatma Qurbanzadə həm sevindiyini, həm də kədərləndiyini dilə gətirdi. Azərbaycan təhsilinə və elminə layiqli şəxslər kimi yetişməyində universitet rəhbərliyinin, dekanların böyük əməyi olduğunu vurğulayan F. Qurbanzadə ADU-nun məzunu olmağından fəxr hissi keçirdiyini bildirdi.
Valideynlər adından danışan Tahir Ağayev də öz növbəsində məzunları təbrik etdi.
Çıxışlardan sonra universiteti fərqlənmə ilə bitirən tələbələrə diplomlar təqdim edildi. "Məzun günü" populyar incəsənət xadimlərinin konsert proqramı ilə davam etdi.
Qeyd edək ki, bu il 2010-2011-ci tədris ilində ADU-nu bitirən əyani magistrlərin sayı 137 nəfərdir. Həmçinin, 2 nəfər əcnəbi tələbə magistr pilləsindən məzun olur. Ümumilikdə götürdükdə isə bu il ADU-nu 984 bakalavr və 193 magistr bitirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB