Sabah Bakıda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi öz işinə başlayacaq-TƏDBİR
Sabah Bakıda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi öz işinə başlayacaq. SİA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov bildirib ki, iyulun 1-dən 3-dək davam edəcək konqresin keçirilməsi ilə bağlı Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası birgə qərar qəbul edib.
Qərara əsasən, konqresin təşkili və keçirilməsi üçün Beynəlxalq Proqram Komitəsi, Məsləhət Şurası və İşçi Qrupu yaradılıb. Konqresin Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə keçiriləcəyini deyən nazirin sözlərinə görə, tərkibinə müxtəlif ölkələrin nümayəndələrinin daxil edildiyi konqresin 27 nəfərdən ibarət Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov, sədr müavini AMEA-nın həqiqi üzvü, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi Akif Hacıyev, Beynəlxalq Proqram Komitəsinin sədri akademik Fikrət Əliyev və Məsləhət Şurasının sədri isə türkiyəli alim Hilmi Hacısalıoğludur.
"Konqresdə iştirak etmək üçün dünyanın 20-yə yaxın ölkəsindən 700 nəfərdən çox iştirakçı qeydiyyatdan keçib, onlardan 500 nəfəri öz çıxışının tezislərini göndərib. Konqresdə xarici ölkələrdən 300-ə qədər iştirakçı gözlənilir. Cəmiyyət öz sıralarında türkdilli ölkələrdən Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstanla yanaşı, Rusiya, Çin, ABŞ, Fransa, İsveç və digər ölkələrdən riyaziyyatçı alimləri də birləşdirir. Son illər Azərbaycanda humanitar elmlərin dəqiq və texniki elmləri qabaqlaması hiss olunsa da, hazırda bu tendensiya dəyişməkdədir. Riyaziyyat üzrə belə bir konqresin Azərbaycanda keçirilməsi şərəfli işdir. Üç gün ərzində riyaziyyat elminin müxtəlif sahələri ilə bağlı müzakirələr aparılacaq. Bu konqres Azərbaycanda riyaziyyat elminin inkişafına səbəb olacaq, ölkəni dünyaya tanıdacaq, riyaziyyat elmi ilə bağlı son yeniliklərlə Azərbaycan alimlərini tanış edəcək. Bu il Bakıda keçiriləcək konqresin sonunda Türk Dünyası Riyaziyyatçılar Cəmiyyətinin prezidenti və vitse-preizdenti seçiləcək" – deyə o əlavə edib.
M.Mərdanov qeyd edib ki, Türk Dünyası Riyaziyyat Cəmiyyətinin əsası 1999-cu ildə Türkiyənin Elazığ şəhərində qoyulub: "Cəmiyyətin ilk konqresi 1999-cu ildə Fırat Universitetində (Türkiyə, Elazığ), II konqresi 2007-ci ildə Sakarya Universitetində (Türkiyə, Adapazarı), III konqresi isə 2009-cu ildə Əl-Farabi adına Qazaxıstan Milli Universitetində (Qazaxıstan, Almatı) keçirilib. Təşkilatın fəaliyyətinin əsas məqsədi türk əsilli alimlərin bütün dünya üzrə inteqrasiyasına nail olmaq, onların qabaqcıl elmi mərkəzlərlə əlaqələrinin qurulmasına və möhkəmlənməsinə yardım etmək, yeni elmi nəticələri ölkələrimizin iqtisadiyyatının inkişafına yönəltmək, eyni zamanda, türksoylu alimlərin dünya miqyasında tanınmasına dəstək verməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB