Nazir: “Təhsil sahəsində çalışan işçilərin 15 faizinin yaşı 65-dən yuxarıdır”

Nazir: “Təhsil sahəsində çalışan işçilərin 15 faizinin yaşı 65-dən yuxarıdır”

"Ölkə prezidenti tərəfindən Azərbaycan Nazirlər Kabinetinə dövlət büdcəsində çalışan, yaşı 65-dən çox olan şəxslərlə bağlı tapşırıq verilib. Bütün nazirliklər bu istiqamətdə iş görür. Yəqin ki, bu işlər yaxın zamanlarda yekunlaşacaq".

SİA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycanda təhsil sahəsində çalışan işçilərin 15 faizinin yaşı 65-dən yuxarıdır: "Amma ali təhsil müəssisələri və elmi-tədqiqat institutları bu sıraya daxil edilmədiyindən biz 65 yaşdan yuxarı şəxsləri yenidən saymamışıq. Xüsusi tapşırıq bizə daxil olmayıb. Bu tapşırıq veriləndən sonra bu məsələ ilə daha ciddi məşğul olacağıq".

M. Mərdanov həmçinin nazirliyinin əməkdaşı Orxan Kərimovun həbsinə münasibət bildirib: "Təhsil Nazirliyinin maliyyə şöbəsinin müdir müavini Orxan Kərimovun həbsi onun vəzifəsi ilə bağlı deyil. Bu, tamamilə başqa məsələdir. Hazırda bununla bağlı Respublika Prokurorluğunda istintaq gedir. Təhsil Nazirliyindən də müvafiq sənədlər tələb olunduqca, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim edirik".

M. Mərdanov eyni zamanda bu il qızıl və gümüş medal alan şagirdlərin ali məktəblərə imtahansız qəbul olunması məsələsinin gündəmdə olmadığını deyib: "Qızıl və gümüş medalların verilməsi ilk dəfə tətbiq olunduğundan Təhsil Nazirliyi bu prosesi çox ciddi nəzarətdə saxlayıb. Təhsil Nazirliyində bununla bağlı təşkilat komitəsi yaradılıb. Qərara alınıb ki, qızıl və gümüş medallar verərkən Təhsil Nazirliyinin apardığı yoxlama və buraxılış imtahanlarının nəticələri və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq imtahanlarının nəticələri nəzərə alınsın. Buna görə də medal alanların sayı çox az oldu".

Onun sözlərinə görə, Təhsil Nazirliyi ümumilikdə 60 nəfərin siyahısını TQDK-ya göndərib: "Bu namizədlərdən 35 nəfəri həm yoxlama, buraxılış imtahanlarında, həm də TQDK-nın qəbul imtahanlarına hazırlıqla bağlı keçirdiyi sınaq imtahanlarının nəticələrinə görə, qızıl medala, 16 nəfəri isə gümüş medala təltif olunmağa layiq görülüb. 9 nəfərin nəticələri yüksək olmadığından onlar heç bir medalla təltif olunmayıblar. Qızıl medallara layiq görülənlərdən 13 nəfəri Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin, 10 nəfəri Təhsil Nazirliyinin tabeliyində olan məktəblərin, 5 nəfəri özəl məktəblərin, 7 nəfər isə bölgə məktəblərinin məzunudur. Gümüş medal alanların 5 nəfəri Bakı məktəblərinin, 5 nəfəri Təhsil Nazirliyinin tabeliyində olan məktəblərin, 1 nəfər özəl məktəbin, 5 nəfər isə bölgə məktəblərinin məzunudur. Gələn isə necə olacaq, deyə bilmərəm. Belə məsələlərdə tələsmək lazım deyil. Mən tam əminəm ki, qızıl və gümüş medal alan şagirdlərin hamısı istədikləri ali məktəblərə daxil ola biləcəklər".


Bütün xəbərlər Facebook səhifəmizdə