Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresində 300-ə qədər xarici qonağın iştirakı gözlənilir

Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresində 300-ə qədər xarici qonağın iştirakı gözlənilir

Sabah Bakıda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi öz işinə başlayacaq. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadənin SİA-ya verdiyi xəbərə görə, iyulun 1-dən 3-dək davam edəcək konqresin keçirilməsi ilə bağlı Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası birgə qərar qəbul edib. O bildirib ki, qərara əsasən, konqresin təşkili və keçirilməsi üçün Beynəlxalq Proqram Komitəsi, Məsləhət Şurası və İşçi Qrupu yaradılıb. Konqresin Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə keçiriləcəyini deyən B.Hüseynzadə vurğulayıb ki, konqresin tərkibinə müxtəlif ölkələrin nümayəndələrinin daxil edildiyi 27 nəfərdən ibarət Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov, sədr müavini AMEA-nın həqiqi üzvü, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi Akif Hacıyev, Beynəlxalq Proqram Komitəsinin sədri akademik Fikrət Əliyev və Məsləhət Şurasının sədri isə türkiyəli alim Hilmi Hacısalıoğludur.

"Artıq konqresin saytında dünyanın 20-yə yaxın ölkəsindən 700 nəfərdən çox iştirakçı qeydiyyatdan keçib, onlardan 500 nəfəri öz çıxışının tezislərini göndərib. Konqresdə xarici ölkələrdən 300-ə qədər iştirakçı gözlənilir. Türk Dünyası Riyaziyyat Cəmiyyətinin əsası 1999-cu ildə Türkiyənin Elazığ şəhərində qoyulub. Cəmiyyət öz sıralarında türkdilli ölkələrdən Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstanla yanaşı, Rusiya, Çin, ABŞ, Fransa, İsveç və digər ölkələrdən riyaziyyatçı alimləri də birləşdirir. Cəmiyyətin ilk konqresi 1999-cu ildə Fırat Universitetində (Türkiyə, Elazığ), II konqresi 2007-ci ildə Sakarya Universitetində (Türkiyə, Adapazarı), III konqresi isə 2009-cu ildə Əl-Farabi adına Qazaxıstan Milli Universitetində (Qazaxıstan, Almatı) keçirilib. Təşkilatın fəaliyyətinin əsas məqsədi türk əsilli alimlərin bütün dünya üzrə inteqrasiyasına nail olmaq, onların qabaqcıl elmi mərkəzlərlə əlaqələrinin qurulmasına və möhkəmlənməsinə yardım etmək, yeni elmi nəticələri ölkələrimizin iqtisadiyyatının inkişafına yönəltmək, eyni zamanda, türksoylu alimlərin dünya miqyasında tanınmasına dəstək verməkdir", - deyə o əlavə edib.


Bütün xəbərlər Facebook səhifəmizdə