İyun 30-da Azərbaycan Dillər Universitetində tələbələrinin "Məzun günü" keçiriləcək. ADU-nun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zeynəb Kazımovanın SİA-ya veridiyi xəbərə görə, tədbirdə ADU-nun rektoru, professor Səməd Seyidov universiteti fərqlənmə ilə bitirən tələbələrə diplomlarını təqdim edəcək. O bildirib ki, tədbir konsert proqramı ilə davam edəcək.
"Bu il universitetdə imtahan sessiyası şəffaf və təşkilatı cəhətdən yüksək səviyyədə keçib. Hər il olduğu kimi bu il də "Qaynar xətt" sistemi tələbələrin ixtiyarına verilib. Onların öz irad və ya təkliflərini bildirmək üçün hər fakultəyə qutular qoyulub. Ümumilikdə, universitet daxilində hər 10 gündən bir bu qutular açılıb yoxlanılıb. Bu il qutulardan imtahan sessiyası ilə bağlı elə bir narazılıq ifadə edən məsələ ortaya çıxmayıb. Qutuların açılmasında mətbuat xidməti şəxsən iştirak edir və bu da imtahanların keçirilməsində şəffaflığın bilavasitə KİV-ə çatdırılması üçün vacibdir. Həmçinin biz burada bir jurnalist və yaxud ictimai fikir nümayəndəsi kimi çıxış edə bilirik. Rektorun imtahanlarla bağlı imzaladığı xüsusi əmrdə də mətbuat xidməti rəhbəri operativ qərargahın üzvlərindən biridir. 4-cü kurslarda isə buraxılış imtahanları ləğv edildiyindən onlar artıq öz anket hesabatlarını təqdim ediblər", - deyə o əlavə edib.
Z.Kazımova qeyd edib ki, universitetdə cəmi 5000-ə yaxın tələbə təhsil alır. Onun sözlərinə görə, bu il ADU-nu bitirən bakalavrların sayı, yəni, əyani təhsil alanlar 863 nəfərdir: "Bununla yanaşı, 52 tələbə axşamın məzunları olan bakalavrlardır. 69 tələbə isə əcnəbi tələbələrdir. Bu il ADU-nu bitirən əyani magistrların sayı 137 nəfərdir. Həmçinin, 2 nəfər əcnəbi tələbə magistraturadan məzun olur. Ümumilikdə götürdükdə isə bu il ADU-nu 984 bakalavr və 193 magistr bitirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB