1500-ə yaxın XI sinif şagirdi attestat almaq hüququqdan məhrum oldu-AÇIQLAMA

1500-ə yaxın XI sinif şagirdi attestat almaq hüququqdan məhrum oldu-AÇIQLAMA

Bakı şəhər məktəblərinin 1500-ə yaxın XI sinif şagirdi mərkəzləşdirilmiş buraxılış imtahanlarında bir və yaxud bir neçə fəndən qeyri-kafi qiymət aldığına görə attestat almaq hüquqdan məhrum olub. Bu barədə SİA-ya açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məlumat verib. O bildirib ki, hazırda Təhsil Nazirliyində Appelyasiya Komissiyası fəaliyyət göstərir. Bunun son nəticə olmadığını deyən Z.Əliqızının sözlərinə görə, ola bilsin ki, komissiyaya müraciət edən uşaqların bir qismi attestatlarını ala bilsinlər.

Bu il Bakı məktəblərini 23 minə yaxın şagirdin bitirdiyini deyən BŞTİ-nin sözçüsü qeyd edib ki, 1500 şagirdi çıxmaqla digər şagirdlərin attestatları məktəb direktorlarına təqdim olunub. O söyləyib ki, qiymətlər qeyd olunacaq, sənədlər təsdiqlənəcək və məzunlara təqdim olunacaq.

"Bu il ilk dəfə olaraq məzunlar arasında qızıl və gümüş medala layiq görülən qaliblərimizin sayını bilirik. Bu 18 nəfər məzunun 13 nəfəri qızıl, 5 nəfəri isə gümüş medala layiq görülüb. Bu gün Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva həmin şagirdlərlə görüşüb. Qaliblərə medallar ayın 30-u \"Buta Palace\"-də keçiriləcək məzun gecəsində təqdim olunacaq.

Bundan əlavə qeyd edim ki, attestatlar artıq məktəblərdədir, qiymətlər idarədə yoxlanıldıqdan sonra məktəblərə verilir, uşaqlara təqdim olunur. Biz müəyyən olunan vaxta qədər şagirdlərə attestatları təqdim edəcəyik. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 441-06-99 nömrəli "Qaynar xətt" xidməti aktivdir. Məzunlar və ya valideynlər attestatların verilmə prosedurunda hər hansı bir narahatçılıqlarla rastlaşarsa, operativ olaraq bizim "Qaynar xətt"ə müraciət etsinlər. Biz dərhal onlara müdaxilə edərək problemin həllinə çalışacağıq. Attestlar dövlət tərəfindən pulsuz olaraq verilən sənəddir və buna görə heç bir pul ödənilmir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə