Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlərin test imtahanının nəticələri açıqlanıb
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti, Vəkillərin İxtisas Komissiyası (VİK) ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
SİA-nın məlumatına görə, imtahan Bakı Dövlət Universitetinin yeni tədris binasında saat 10:00-da başlanıb və 3 saat davam edib.
Birinci yazılı (test) imtahan mərhələsində iştirak etmək üçün 605 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 74 nəfəri imtahana gəlməyib.
Yazılı imtahanda namizədlərə 100 sualdan ibarət test tapşırığı təqdim olunub. Vəkillər Kollegiyası tərəfindən hazırlanmış 80 sual namizədlərin hüquq sahəsi üzrə biliyini, TQDK tərəfindən hazırlanan 20 sual isə onların məntiqi nəticə çıxarma qabiliyyətini yoxlamaq üçün müəyyən edilib. Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilib.
Yazılı (test) imtahanın yekununa görə, birinci mərhələdə tələb olunan imtahan şərtini ödəyərək test imtahanından 60 və daha çox bal toplayan 177 nəfər imtahanın növbəti ikinci mərhələsinə-şifahi müsahibəyə buraxılıb.
İmtahanın nəticələri TQDK-nın internet saytında yerləşdirilib və namizədlərin imtahan nəticələri haqında arayışlar Vəkillər Kollegiyasına təqdim olunub.
Növbəti ikinci mərhələ Vəkillər Kollegiyası tərəfindən aparılacaq. Yazılı test imtahanından keçid balı toplayan namizədlərlə şifahi müsahibə keçiriləcək.
İkinci mərhələdən keçənlər isə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında 3 aylıq təhsil alacaqlar. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən kollegiyanın üzvlüyünə müəyyən olunan qaydada qəbul edilən, vəkil andı içən şəsxlər vəkillik fəaliyyətini həyata keçirə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB