Məleykə Abbaszadə: “Nəzarətçilərin məvaciblərinin gecikdirilməsi TQDK-nın yox, bank sisteminin problemidir”

Məleykə Abbaszadə: “Nəzarətçilərin məvaciblərinin gecikdirilməsi TQDK-nın yox, bank sisteminin problemidir”

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə qəbul kampaniyasının gedişatına həsr olunan növbəti mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, komissiya sədri kampaniya dövründə müşahidə olunan bir sıra məsələlərə münasibət bildirib. M.Abbaszadə vurğulayıb ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası orta məktəblərdə mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsində və nəticələrin tez bir zamanda açıqlanmasında Təhsil Nazirliyinə texniki kömək göstərməyə hazırdır. Onun sözlərinə görə, onlarda yoxlama prosedurlarının hansı formada keçirildiyi məluma deyil.

"Amma təşkilatı məsələlər onlarda daha mürəkkəbdir, nəinki bizdə. Çünki bizdə bu proses elə avtomatlaşdırılıb ki, imtahan günü materiallar daxil olan kimi qapalı şəraitdə işçi qrupu onların üzərində işləməyə başlayır. Onlarda ola bilsin ki, müəyyən təşkilatı problemlər var. Bizə müraciət olunmayıb ki, hansısa texniki köməklik göstərək. Əgər müraciət olarsa, texniki köməklik göstərməyə həmişə hazırıq", - deyə o əlavə edib.

TQDK sədri bəzi yerlərdə nəzarətçilərin məvaciblərinin gecikdirilməsi məsələsinə də münasibət bildirib. O vurğulayib ki, əvvəllər imtahanlarda iştirak edən nəzarətçilərə qurtardıqdan sonra lazımi məvaciblər təqdim olunurdu: "Amma müəyyən qanundan sonra məvacibləri nağd yox, kart vasitəsilə vermək tapşırılıb. Bu ümumi bir qanundur və bundan kənara çıxa bilmərik. Pul nəzarətçilərin kartlarına köçürülür. Bütün kartların zəmanət məktubu var ki, bu prosedurlar 3 gün ərzində aparılır. Mərkəzi banklar bu işi yaxşı görürlər. Ancaq bəzi banklar və onların filialları var ki, onlar bu işi düzgün qura bilmirlər. İmtahanlarda 5000 nəzarətçi iştirak edir və əmək haqqından müəllimlərə başqa müəyyən rüsumlar var ki, onları da köçürürük. Bankların işlərindən asılıdır. Onlar pulları vaxtı-vaxtında köçürüb nəzarətçi müəllimlərə verməlidirlər. Bu şikayətlər əsasən hesabları bankların filiallarında olanlar tərəfindən edilir. Bizə isə bütün banklardan zəmanət var ki, 3 iş günü ərzində bu köçürmələr başa çatdırılır. Bizim yox, bunlar bank sisteminin problemidir".

M.Abbaszadə Rusiya və Türkiyədə aparılan imtahanlarda bəzi neqativ halların aşkarlanmasına və bunların Azərbaycandakı imtahanlara nə dərəcədə təsir etməsinə münasibət bildirib. O bildirib ki, bir vaxtlar Rusiya və Türkiyənin apardığı qəbul imtahanları nümunə göstərilib və təklif olunub ki, bu modellərə keçilsin.

"İndi bu il imtahanlar elmi-nöqteyi nəzərdən bütün ölkələrdə eyni səviyyədədir. Amma imtahanın təşkilatı, təhlükəsizlik məsələləri Rusiya və Türkiyədə fərqlidir. Orada milyonlarla insan var. Rusiyada imtahan verənlərin sayı milyonlarladır, bizdə isə bu rəqəm 110-120 mindir. Təşkilati məsələlər onlarda daha mürəkkəbdir. Amma bu məsələləri də həll etmək olardı. Bu sistemdə hər bir mərhələdə yoxlamalar aparılır deyə, çalışırıq ki, texniki səhvlər uşaqların teleyinə təsir göstərməsin. İlboyu imtahanı hazırlayırıq ki, belə problemlər yaranmasın", - deyə o əlavə edib.

Daha sonra TQDK sədri jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə