Nazirlik rəsmisi: “Ucqar rayonlarda müəllimlərin yaş senzi ilə bağlı problem yarana bilər”

Nazirlik rəsmisi: “Ucqar rayonlarda müəllimlərin yaş senzi ilə bağlı problem yarana bilər”

"Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiya hazırlanaraq hökumətə təqdim edilib. Ancaq əsas sənəd sonda hökumət tərəfindən qəbul olunacaq". SİA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov məlumat verib. O bildirib ki, konsepsiyada əsasən müəllimlərə dövlət qulluğunun xüsusi növünün şamil edilməsi, buna əsasən onların sosial təminatında, öhdəliklərində bir sıra yeniliklərin olması gözlənilir. Hələlik konkret təminat və öhdəliklər barədə danışmağın tez olduğunu deyən nazirlik rəsmisi vurğulayıb ki, bu hələ layihə formasında hazırlanıb. Onun szölərinə görə, bu təkliflər müzakirə edildikdən sonra ətraflı məlumat vermək olar: "Konsepsiya əvvəllər işləyən və hazırda təqaüddə olan veteran müəllimlərə də şamil ediləcək. Əgər müəllimlərə status verilirsə, təbii ki, müəllim kimi fəaliyyət göstərmiş və göstərən insanlara şamil edilməli və ediləcəkdir".


Şöbə müdiri qeyd edib ki, hazırda Azərbaycanın təhsil sistemində 65 yaşı tamam olan 17000 müəllim var və bu da ümumi müəllimlərin 10 faizini təşkil edir. Bunun o qədər böyük rəqəm olmadığını deyən F.Qədirov vurğulayıb ki, ölkədə müəllim sıxlığı mövcuddur.

"Güman edirəm ki, yaşla əlaqədar atılacaq addım məktəblərdə kadr çatışmazlığına gətirib çıxarmayacaq. Bir qədər ciddi vəziyyət ucqar kənd məktəblərində yarana bilər. Hansı ki, orada hər fənn üzrə bir müəllim çalışır. Amma bu problem də həll ediləndir. Bu addım nə vaxt atılacaqsa, qərar nə vaxt həyata keçiriləcəksə, o zaman Təhsil Nazirliyi yeni müəllim qəbulu həyata keçirə biləcək. Biz həmin bölgələrə müəllimlər tapıb göndərə biləcəyik", - deyə o əlavə edib.

F.Qədirovun sözlərinə görə, yaşı 65-i keçən təhsil işçilərinin əsasən müəllimlər təşkil edir. Lakin məktəb direktorlarının içərisində də yaşı 65-i keçənlərin olduğunu deyən nazirlik rəsmisi qeyd edib ki, onların ümumi faizin 10 faizdən artıq deyil.

"Hazırda bütün müəllimlər məzuniyyətədir. Onlar məzuniyyətdən işlərinə qayıdacaqlar. Nə vaxt hökumət qərar qəbul etsə ki, bu məsələ artıq reallaşdırılsın, o zaman bu işə başlanacaq. İndidən demək olmaz ki, 65 yaşı tamam olmuş müəllimlər birdən və ya mərhələ-mərhələ təqaüdə göndəriləcək. Bu, hökumətin qərarından asılı olacaq", - deyə F.Qədirov söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə