Bəhram Xəlilov: “Həkimlər və müəllimlər dövlət qulluğunun xüsusi növünə aid ediləcəklər”

Bəhram Xəlilov: “Həkimlər və müəllimlər dövlət qulluğunun xüsusi növünə aid ediləcəklər”

"Hazırda Azərbaycanda "Dövlət qulluğu haqqında" qanunun şamil edildiyi dövlət qulluqçularının ümumi sayı 30 min nəfərdir. Başqa sahələrdə olduğu kimi, bu sahədə də islahatlar aparılır". SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında məlumat verib. O bildirib ki, Azərbaycanda həkimlər və müəllimlər dövlət qulluğunun xüsusi növünə aid ediləcək. Hazırda bu istiqamətdə işlərin aparıldığını və normativ hüquqi bazanın yaradıldığını deyən komissiya sədri vurğulayıb ki, onların "Dövlət qulluğu haqqında" qanunla müəyyən edilən statusları olmayacaq, ancaq hüquq mühafizə orqanlarının əməkdaşları kimi dövlət qulluğunun xüsusi növü olaraq xüsusi statusları olacaq.

B.Xəlilov qeyd edib ki, dövlət qulluğunun xüsusi növü şamil edildikdən sonra həkimlərin və müəllimlərin işə qəbulunun komissiya tərəfindən həyata keçirilib-keçirilməyəcəyi məsələsinin hələ müəyyənləşməyib.

Komissiya sədri dövlət orqanlarında çalışan 65 yaşdan yuxarı dövlət qulluqçularının sayına gəlincə bildirib ki, dövlət qulluqçularının reyestri aparılır. Onun sözlərinə görə, hazırda bu reyestrə 12 min dövlət qulluqçusu haqqında məlumatlar daxil edilib ki, onlardan da 300-ə yaxını 65 və ondan artıq yaşı olan dövlət qulluqçularıdır.

"65 yaşdan yuxarı olan 300 nəfər dövlət qulluqçularının ya təqaüdə göndəriləcək, ya da dövlət orqanları rəhbərinin icazəsi ilə 1 illik müqavilə bağlanacaq. Bu müqavilələr 5 ilə kimi uzadıla bilər. Dövlət qulluğuna qəbul aparılarkən 65 yaşı tamam olan və ya yaşı bu civarda olan şəxslərin sənədləri qəbul edilməyəcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə