\"Bu gün Bakıda əhalinin 35-40 faizi psixoloqa müraciət edir\"-MÜSAHİBƏ

\"Bu gün Bakıda əhalinin 35-40 faizi psixoloqa müraciət edir\"-MÜSAHİBƏ

Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının sədri Elmira Mirzəyevanın SİA-ya müsahibəsi


- Bugünki gənc nəslin vəziyyətini necə qiymətləndirirsiniz və onların problemləri əsasən nədən ibarətdir?


- İnkişafda və formalaşmaqda olan gənc nəslin təbii ki, problemləri var. Əgər problem olmasa demək ki, inkişaf da yoxdur. Əgər hər şey yaxşıdır desək, buna inanmayın. Amma bu gün düzgün yanaşmamağımızın əsasında istedadları itiririk. Bu düzgün yanaşma elə insan övladının ilk gün dünyaya gəlməsindən başlayır. Bu gün gənc analar çox yanlış olaraq onları təbii yolla dünyaya gətirməkdən qorxurlar və əməliyyat yoluna əl atırlar. Ancaq analar unudurlar ki, insan övladı həyatda ilk çətinliyi və həyata mübarizəni dünyaya gələn anlarda öyrənir. Təsəvvür edin ki, biz öz övladımızı bu mübarizədən tamamilə məhrum edirik. İknci bir tərəfdən körpə uşaq yemək yemirsə, valideyn onu qorxudur - "Həkim gəlib sənə iynə vurar" deməsi uşaqda stress yaratmırmı? Təbii ki, yaradır. Normalda uşaq xəstə deyilsə, yuxusuzluq, iştahanın olmaması, az yemək bu kimi əlamətlər normaldır. Valideynlər elə bir nəyin bahasına olursa-olsun bu yazıq uşaqları yedirtməyi plan qoyublar. Ana "yat polis gəldi", "çaqqal gəldi" deməklə bərabər sifətini elə bir əcaib formaya salır ki, uşaq da fikirləşir ki, anam dediyi o dəhşətli, çox qorxulu bir şeydir. Anam qorxursa, mən kiməm. Özümüz uşaqda qorxu, həyacan, stress yaradırıq və unuduruq ki, bir çox xəstəliklər də bunlardan yaranır. Əvvəlki dövrlərdə analar, nənələr yuxudan əvvəl uşağa nağıl danışar, layla çalardı. Stress içində yatan uşağın əsəbi sakit olar? Bu, uşaqlarda nevroz yaradır. Bu uşaq yatsa da yuxuda dəhşət görəcək, sonrada başlayacaq ağlamağa. Hər bir insan övladı nəyisə özü əli ilə yaratmaq, öz zəhmətinin bəhrəsini görmək istəyir. Analar, atalar "Sən bunu edə bilməzsən" deməklə uşaqda özünə inamsızlıq yaradır. Ondan sonra yeniyetməlik dövründə intiharlar, evdən qaçmalar baş verir. Bunların hamısı valideynin övladına qoyduğu qadağalar və işlətdikləri zorakılığının nəticəsidir. Bilirsiniz, mən burda valideynləri də qınamıram. Valideynlərin də pedaqoji, psixoloji maarifləndirilməsi çox önəmlidir. Ancaq onların bilik səviyyələri həddindən artıq azdır. Bu həyatda hər şey ola bilər. Valideynin hadisəyə emosional yox, şüurlu münasibət bəsləməsinə çox böyük ehtiyac var. Uşaq nəisə bir səhv hərəkət etdikdə, ona elə bir hədə-qorxu gəlirik ki, özü də peşman olur. Mən hesab edirəm ki, Azərbaycan ailəsi üçbucağının ən yüksək pilləsində uşaq dayanır. Biz onun yaxşı qidalanmasına, təhsil almasına, yatağının rahat olmasına və digər bu kimi ehtiyaclarının ödənilməsinə maksimum çalışırıq. O ki qaldı həyatı vacib məsələlərə-ailə qurmaq məsələsinə, peşə seçiminə burda artıq uşaqlarımıza heç də sərbəstlik verə bilmirik. Bu da Azərbaycan ailəsinin demokratiyadan bir az kənar olmasıdır. Elə ailələr var ki, oğlunun hüquqşünas, qızının həkim olmasını istəyir. Ancaq gecə-gündüz çalışıb instituta daxil olan bu qız birinci gün meyidxanada meyidi görən zaman ürəyi gedir. Çünki insan peşəni seçəndə o peşəyə qarşı meyli, marağı, imkanları, qabiliyyəti, istedadı olmalıdır. Bu zaman da gözəl mütəxəssis yetişəcək. Əgər bunlar yoxdursa, sadəcə diplom naminə oxuyursa və yaxud da valideynin istəyini həyata keçirmək üçün oxuyursa, o zaman bir mütəxəssis kimi özünü doğrulda bilməyəcək. Bu gün ailə qurmaqda valideynlər gənclərin şəxsi həyatına çox müdaxilə edir və bu da hardasa erkən nigahların, yeni qurulan ailələrin dağılmasına səbəb olur. Yeni qurulan ailə üçün ilk 2-3 il böhran ilidir. Bu müddətdə qaynanalar və digərləri müdaxilə edirlərsə də inanın ki, 50% həmin ailənin dağılma təhlükəsi var. Biz valideynlər unutmamalıyıq ki, o bizim övladımızdır və onun həyatının hakimi deyilik. Biz ancaq valideyn kimi dəstək, istiqamət verə bilərik, lakin onun həyatına məxsus olan həyatı vacib hadisələri hər bir insan özü qərar verməli və özü həll etməlidir.


- Uşaq və yeniyetmələrdə ən çox rast gəlinən problemlər özünü hansı şəkildə büruzə verir?


- Bu problemlər iddia səviyyəsinin aşağı olması, özünə güvənsizlik, qiymətləndirmək səviyyəsinin aşağı olması, hardasa müstəqil qərar verə bilməməsi kimi özünü büruzə verir. Bu yaxınlarda məktəbə uşaq gətirilib və onun nitqində qüsur var. Uşaq məktəbə gələndə psixiloji xidmətdə profilaktik iş aparırıq ki, diaqnostikaya, konsultasiyaya və korreksiyaya ehtiyac qalmasın. Valideynə deyirəm ki, "xanım sizin uşağı bu vəziyyətdə məktəbə qoymaq olmaz". Əgər bu uşağı belə vəziyyətdə məktəbə gətirsəniz, bu uşaqda kompleks yaranacaq. Çünki bir-iki dəfə həmyaşıdları ona gülsə, o uşaq ümumiyyətlə özünə qapanacaq və bildiyini də deməyəcək.


- Ümumiyyətlə, Azərbaycanda uşaqların neçə faizi psixoloji durumun normal olmamasından əziyyət çəkir?


- Bu gün Azərbaycanda əhalinin bir qismi hələ psixoloqla psixiatr arasında olan fərqi bilmir. Mən demək istəyirəm ki psixoloqa kimlər müraciət edir? Psixoloqa sağlam insanlar müraciət edir və özləri gedirlər. Onlar bilirlər ki, hazırki həyatlarında narahat edən hansısa problem var. Bu insan stress keçirən ola bilər, peşə seçimi ilə bağlı müraciət edə bilər, ailə quran gənclər müraciət edirlər. Psixoloq heç kimin əvəzinə hökm, qərar verə bilməz. Psixoloq sadəcə məsləhət verə və o hadisələri həmin ona müraciət edən şəxslə bir dəfə təhlil edə bilər. Bir də görürsən ki, insan dalana dirənib və oradan çıxış yolu tapa bilmir. Niyə tapa bilmir? Stressdən və haradasa şüurun daralmasından, o hadisənin təsirindən çıxış yolu tapa bilmir. Həmin çıxış yolunu da həmin anda psixoloq ona göstərir, təhlil edir ki, özü onu tapsın.

Qeyd edim ki, psixoloqun obyekti sağlam, psixiatrınkı isə xəstə olur. Psixiatrın iş yeri xəstəxanadır, onun müalicəsi də altagenlər və kimyəvi dərman preparatlardır. Psixoloq isə relaks məşğələlər, əməliyyatlar, travma, psixoloji məsləhət, profilaktika, diaqnostika edir. Yəni, psixoloqun obyekti sağlam ruhdur. Onu da demək istərdim ki, xalqımız bir az ehtiyatlı olsun. Hardasa psixologiya elmindən kənar delitant, bəzən də ruhi xəstə insanlar özlərini psixoloq adlandırırlar. Onlar müraciət edən şəxslərə kömək etmək əvəzinə daha da böyük ziyan vururlar. Ümumiyyətlə, dünya standartlarına görə, psixoloqa müraciət edəndə onun diplomu, sertifikatları ilə maraqlansınlar. Psixologiya böyük elmdir və onun tibbi, praktik və digər müəyyən istiqamətlərdə fəaliyyət göstərən bir çox psixoloqlar var. Sadəcə olaraq bu istiqamətlərdə fəaliyyət göstərmək üçün mənim əsasım olmalıdır. Mənim əsasım nə ola bilər? Əsasım bu həyata keçirdiyim praktik psixologiyanın bu sahəsinə uyğun, mənə işləməyə əsas verən diplom və ya sertifikatım olmalıdır. Əgər mənim diplom və ya sertfikatım yoxdursa, onda heç bir əcnəbi layihə, tezis, metodika, priyom Azərbaycanda olduğu kimi kortəbii halda istifadə oluna bilməz. Çünki bizim etnopsixilogiyamız və milli mentalitetimiz var. Fransada qadının qəhqəhə çəkib gülməyi qadının böyük mədəniyyətindən deyilsə, Azərbaycanda o heç də belə qəbul olunmur, bu tamamilə başqa səpgidə qəbul olunur.


- Azərbaycanda əhalinin təxminən neçə faizi psixoloqa müraciət edir?


- Bu faizləri bütövlükdə Azərbaycan üzrə götürmək bir az düzgün olmaz. Çünki Bakı və regionlarda bu bir az fərqlidir. Regionlarda psixoloqa müraciət edənlər demək olar ki, yox dərəcəsindədir. Ancaq mən deyərdim ki, bu gün Bakıda əhalinin 35-40 faizi psixoloqa müraciət edir. Artıq paytaxtda bir çox kabinetlər açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə