Şagirdlərin attestat qiymətləri iyunun 24-də açıqlanacaq

Şagirdlərin attestat qiymətləri iyunun 24-də açıqlanacaq

Orta məktəblərin mərkəzləşdirilmiş buraxılış imtahanlarının nəticələri iyunun 24-də açıqlanacaq. Bu barədə SİA-ya Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Billurə Cavadzadə məlumat verib. O bildirib ki, iyunun 24-də mərkəzləşdirilmiş buraxılış imtahanlaırnın nəticələri nazirliyin internet saytında yerləşdiriləcək. Ondan sonra 1 həftə ərzində məzunların nəticələrini araşdırmaq məqsədilə Appelyasiya Komissiya fəaliyyət göstərəcək.

Qeyd edək ki, nazirlik tərəfindən respublikanın 60-a yaxın regionunda mərkəzləşdirilmiş buraxılış imtahanı keçirilib. XI siniflər üzrə keçirilən buraxılış imtahanlarında sualların ümumi sayı dəyişməsə də ayrı-ayrı fənlər üzrə dəyişikliklər edilib. Belə ki, ana dili və riyaziyyat fənləri üzrə suallar 25-dən 21-ə qədər azaldılıb, təbiət fənləri üzrə (kimya, biologiya, fizika, coğrafiya) suallar 10-dan 12-yə qədər artırılıb. Tarix və xarici dil fənləri üzrə sualların sayı isə (15) dəyişilməz qalıb. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə olunacaq test kitabçaları 18 variantda hazırlanıb ki, bu da sinifdə hər şagirdə bir variant deməkdir.

IX siniflərində ümumi orta təhsil səviyyəsi üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarında şagirdlər 90 dəqiqə ərzində ana dili və riyaziyyat fənlərinin hərəsindən 25 sual olmaqla 50 suala cavab verməlidirlər. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə olunacaq test kitabçaları 12 variantda hazırlanıb. Hər bir fənn üzrə sualların 20 faizdən 50 faizə qədərinə düzgün cavab verən şagird \"3\", 50 faizdən 80 faizə qədərinə düzgün cavab verən şagird \"4\", 80 faizdən yuxarı düzgün cavab verən şagird isə \"5\" ilə qiymətləndiriləcək. Cari tədris ilin orta məktəblərin buraxılış siniflərini 101521 şagird bitirib.

Bütün xəbərlər Facebook səhifəmizdə