Magistraturaya qəbul zamanı ən yüksək və ən aşağı müsabiqə vəziyyəti hansı ixtisaslar üzrədir?-AÇIQLAMA

Magistraturaya qəbul zamanı ən yüksək və ən aşağı müsabiqə vəziyyəti hansı ixtisaslar üzrədir?-AÇIQLAMA

İyunun 26-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı, Gəncə və Naxçıvan şəhərlərində cari tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək. SİA-nın xəbərinə görə, bu barədə TQDK sədrinin müavini Namiq Babayev 2011/2012-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə həsr olunan mətbuat konfransı zamanı məlumat verib. O bildirib ki, imtahanın ikinci mərhələsində iştirak etmək üçün bakalavrlar iyunun 8-dən 16-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmaları seçib təsdiq ediblər. N.Babayev vurğulayıb ki, proqram və ixtisaslaşma seçimində 20 fevral tarixində keçirilən qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar iştirak ediblər. Onun sözlərinə görə, bu hüquqa malik olan bakalavrlardan 7866 nəfəri qəbul proqramını və ixtisaslaşmaları seçərək təsdiqləyib.

"Onlardan 6809 nəfəri Azərbaycan bölməsinin, 1057 nəfəri isə rus bölməsinin məzunudur. Bakalavrların 3744 nəfərini oğlanlar, 4122 nəfərini isə qızlar təşkil edir. 4936 nəfər ali təhsil müəssisələrinin builki, 2930 nəfər əvvəlki illərin məzunudur. Müqayisə üçün bildirim ki, 2010-da 6608 bakalavr imtahanın ikinci mərhələsinə buraxılıb. Cari ildə qəbul aparılan ixtisaslaşmalar üçün ayrılan yerlərin ümumi sayı 5815-dir. Qəbul planının 2010-cu ildə 5242 olduğunu nəzərə alsaq, yerlərin sayının 10.9% artdığını deyə bilərik. İmtahan iyunun 26-da saat 14:00-da başlanacaq və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq. İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılır. Bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanın nəticələri www.tqdk.gov.az internet səhifəsində yerləşdiriləcək. Hər bir bakalavr öz imtahan nəticələrinə dair "məlumat vərəqi"ni internet vasitəsilə əldə edə biləcək", - deyə o əlavə edib.

N.Babayev qeyd edib ki, bakalavrlar iyunun 23-25-də öz elektron ərizələrinə daxil olaraq imtahana buraxılış vərəqəsini çap edib götürmələrini unutmasınlar.

TQDK sədrinin müavini ayrı-ayrı ixtisaslar üzrə də müsabiqə vəziyyəti barədə məlumat verib. O bildirib ki, maarif istiqamətləri üzrə 1 yerə 2,33 nəfər mübarizə apacaq və onların ümumi sayı 530 nəfərdir: "2010-cu ildə bu rəqəm 227 nəfər idi. MBA proqramları üzrə 1344 nəfər bakalavr müsabiqədə iştirak edəcək. 2010-cu ildə bu rəqəm 227 nəfər idi. TEMPUS üzrə 195 nəfərin iştirakı nəzərdə tutulub, amma 2010-cu ildə bu rəqəm 117 idi. Burada 1 yerə 8, 86 nəfər mübarizə aparacaq. Güzəştli minimal şərtlərin qəbul edilməsi üzrə respublikaya ixtisaslı kadrlar lazımdır. Hesab edirəm ki, bu sahə üzrə cari il vəziyyət kifayət qədər ürəkaçandır. Regionşünaslıq və torpaqşünaslıq üzrə 45 bakalavr ikinci mərhələyə keçib, ötən il burada rəqəmlər 9 nəfər olub (1 yerə 1,96). Zootexnika və baytarlıq üzrə 31 nəfər, 2010-cu ildə 10 nəfərdir (1 yerə 2,38). Faydalı qazıntı yataqlaırnın işlənməsi üzrə ixtisaslar üzrə 1 yerə 2,66 nəfər, geologiya üzrə 1 yerə 1,96, informatika və hesablama texnikası üzrə 1 yerə 3, 04 nəfər, turizm üzrə 1 yerə 3,74 nəfər, hüquq və beynəlxalq hüquq üzrə 2,52 nəfərdir.

Bunlarla yanaşı, aşağı müsabiqə vəziyyəti olan ixtisaslar da var. Xoreoqrafiya üzrə ikinci mərhələyə heç kim keçməyib. Dəmiryol nəqliyyatı, mexanika, daşınmaların təşkili, dəniz texnikası üzrə burada aşağıdır. Magistratura üzrə ifaçılıq ixtisasları üzrə sənət ixtisaslarında ixtisas imtahanı qabiliyyət imtahanı formasında olacaq. Bu gün aktyorluq sənəti üzrə 6 nəfər imtahan verib. İyunun 18-də rəssamlıq, qrafika və dizayn, iyunun 19-da isə musiqi sənəti üzrə imtahanlar keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə