TQDK-nın sədr müavini: “Rus bölməsi abituriyentlərinin “Azərbaycan dili” fənnindən imtahan göstəriciləri yaxşılaşıb”
İyunun 26-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rus bölməsinin abituriyentləri üçün "Azərbaycan dilli" fənni üzrə Bakı və Naxçıvan şəhərlərində imtahan keçirəcək. SİA-nın xəbərinə görə, TQDK-nın sədr müavini Namiq Babayev bildirib ki, bu il mayın 22-də keçirilən "Azərbaycan dili" fənni üzrə birinci imtahanda 10087 abituriyent iştirak edib və onlardan 8696-sı imtahanı uğurla başa vurub. Onun sözlərinə görə, həmin imtahanda "qeyri-məqbul" qiyməti alan abituriyentlərə növbəti imtahanda iştirak etmək şansı verilir: "İmtahanda 2538 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 1572 nəfəri mayın 22-də "Azərbaycan dilli" üzrə keçirilən birinci imtahandan qeyri-məqbul qiymət alanlar, 966 nəfər isə ərizəsini həmin imtahanda iştirak üçün nəzərdə tutulan vaxtdan sonra təsdiqlədənlərdir. İmtahanda iştirak edəcəyi nəzərdə tutulan abituriyentlərdən 1156 nəfəri qız, 1382 nəfəri isə oğlandır. Abituriyentlər "imtahana buraxılış vərəqəsi"ni gələn həftədən TQDK-nın internet saytına daxil olaraq çap edə biləcək".
TQDK sədrinin müavini bildirib ki, imtahan saat 11:00-da başlayacaq və 45 dəqiqə ərzində aparılacaq. Abituriyentlərə "Azərbaycan dilli" fənnindən 30 test tapşırığının təqdim ediləcəyini deyən N.Babayev qeyd edib ki, hər düzgün cavab 1 balla qiymətləndirilir və səhv cavab düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.
""Azərbaycan dili" fənnindən test imtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir. İmtahanın nəticəsinə görə "məqbul" alan abituriyentlər qəbul imtahanına buraxılacaq. Ümumilikdə götürdükdə bu il rus bölməsi abituriyentlərinin "Azərbaycan dili" fənnindən göstəriciləri ötən illə müqayisədə yaxşıdır. Bu imtahanlar dövlət dilinin daha da yaxşılaşdırılmasına səbəb olub. Ötən il keçid üçün 15 bal müəyyən edilmişdi, lakin sonradan bu 12 bala endirildi. Ancaq bu il artıq 15 balın aşağı salınmasına ehtiyac olmadı. Keçən il bu imtahanlarda 700 nəfər uğursuzluq qazanıb. Cari il isə həmin rəqəmlərin az olacağını düşünürük", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB