BDU-da Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

BDU-da Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Bu gün Bakı Dövlət Universitetində (BDU) Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. BDU-nun Mətbuat və İnformasiya şöbəsindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, bütün dünya miqyasında tanınmış siyasi və dövlət xadimi kimi adını tarixə yazmış ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışını – Qurtuluş Gününü qeyd edirik. Bu, Azərbaycan xalqı üçün çox böyük bir bayram, möhtəşəm bir tarixi hadisədir. Heydər Əliyev hakimiyyətdə olduğu bütün illərdə Azərbaycanın intibahı üçün çalışıb, Azərbaycan xalqının, Azərbaycan torpağının adını bütün dünyada uca zirvələrə qaldırıb, doğma vətənini hər yerdə ləyaqətlə təmsil edib. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan fəlakət və xaosdan xilas olub, dövlət çevrilişlərinə cəhdlərin qarşısını alıb, "Əsrin müqavilə"si imzalanıb, Azərbaycan dünyanın ən iri dövlətləri və beynəlxalq qurumları tərəfindən etiraf olunub.

Rektor bildirib ki, xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var. Xalq o vaxt daha xoşbəxt olur ki, həmin siyasi kurs ölkədə uğurla davam etdirilir. Bu gün ulu öndərimizin qoyub getdiyi ənənələrin, ideyaların prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi xalqımızı tərəfindən böyük sevinc və rəğbətlə qarşılanır.

Tədbirdə iştirak edən YAP-ın icraçı katibi Əli Əhmədov və digər rəsmi şəxslər bu günün əhəmiyyətindən, ulu öndərimizin xalqın rifahı, Azərbaycanın gələcəyi üçün yerinə yetirdiyi işlərdən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə