Azad Hacıyev: \"Heç bir problem yaranmaması üçün donorların qəbulunu bir qədər artırmaq lazımdır\" -MÜSAHİBƏ
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Azad Hacıyevin SİA-ya müsahibəsi
- Hazırda Azərbaycanda qan donorluğu ilə bağlı vəziyyət necədir?
- Azərbaycanın kifayət qədər qan donoru var, ancaq bu istiqamətdə yenə də iş gedir, maarifləndirmə işləri aparılır. Bu işin mütəmadi olaraq davam etdirilməsinə çox böyük ehtiyac var. Ümumiyyətlə, donorların, qanverənlərin sayını artırmaq lazımdır. Başqa ölkələrlə müqayisədə bizdə bu göstərici nisbətən aşağıdır. Müxtəlif üsullar, tədbirlər çərçivəsində bu istiqamətdə daima işlər gedir.
- Bu gün ölkədə qana ehtiyacı olan nə qədər xəstə var?
- Qana ehtiyacı olan xəstələrin sayı dəyişən bir rəqəmdir. Orta hesabla hər gün bizim Bakıda yerləşən Mərkəzi Qan Bankında müxtəlif iliklərə 100 yaxın qan vahidi buraxılır. O cümlədən regional banklarda, rayonlarda da bu rəqəmə yaxın qan veirlir. Ancaq bu tədbirlər onu göstərir ki, heç bir problem yaranmaması üçün donorların qəbulunu bir qədər qaldırmaq lazımdır.
- Əhali arasında daha çox hansı qan qrupunda qana ehtiyac var?
- Məsələ bundadır ki, əhali və xəstələr arasında hər zaman nadir olan qan qruplarına ehtiyac olur. Bizim də bu qruplar üçün 200-300 vahid qan ehtiyatımız olur. Ancaq bəzi hallarda ehtiyac az olur. Müəyyən qruplar üzrə ehtiyac çox olduqda isə müəyyən problemlər yaranır. Digər qan köçürmə ilə məşğul olan tibb mərkəzlərindən qan əldə olunur və yaranan tələbatı ödəyirik. Ancaq biz istərdik ki, belə vəziyyətlər yaranmasın. Ona görə də gündə yeni təkliflər, fikirlər tapırıq ki, işlər daha səmərəli getsin.
- Qan daha çox hansı xəstəliklərdən əziyyət çəkən şəxslərə lazım olur?
- Elə xəstəliklər var ki, onlara daim qan lazım olur. Misal üçün talassemiya irsi qan xəstəliyidir ki, onlara qan köçürmək əsas müalicə vasitəsidir. Digər hallarda ehtiyac olduqda müvəqqəti qan köçürülür. Leykoz xəstələrinə, bundan əlavə, tək hematologiya ilə bağlı yox, həm cərrahiyə, həm travmatologiya, həm onkologiya, həm də ginekologiyada təbii ki, qana ehtiyac yarana bilər.
- Hazırda bu sahədə vəziyyəti daha da yaxşılaşdırmaq məqsədilə qanunvericilikdə hər hansı bir dəyişikliklərin edilməsinə ehtiyac varmı?
- Ümumiyyətlə, dünyada tibb sahəsində qan xidmətinə aid olan hər gün yeni bir kəşflər olunur. Biz çalışırıq ki, dünyada əldə olunan ən müasir yeniliklər bizdə də olsun. Bu istiqamətdə Səhiyyə Nazirliyi və müvafiq qurumlarla iş aparırıq. Çalışırıq ki, bütün işlər müasir tələblər səviyyəsində dünya standartlarına uyğun səviyyədə qurulsun, yeni metodlardan ölkədə istifadə olunsun və müasir avadanlıqlar təhciz edilsin. Bizdən keçən qan bankda yoxlanılır.
- Qan donorları vasitəsilə hər hansı bir xəstəliyə yoluxma hadisəsi baş veribmi?
- Bizdən verilən qanlarda belə bir hala rast gəlinməyib. Ola bilsin ki, kimsə qeyri-rəsmi qan alsın və bunun nəticəsində belə hal baş versin. Ancaq Qan Bankında olan qanlar yoxlanılıb və 100 % təminat var. Ona görə də əminik ki, bizim mərkəzdən keçən qanlarda belə hallar baş verə bilməz.
- Qan tədarükünün saxlanması üçün Mərkəzi Qan Bankında bütün lazımi şəraitlər varmı?
- Bu istiqamətdə mütəmadi olaraq işlər aparırıq. Qan donorlarının saxlanılması istiqamətində müəyyən dondurucu sistemlər almışıq. Orada həmin qanlar toplanılır və biz çalışırıq ki, müasir dövrdə istifadə olunan bütün avadanlıqlar bizdə də olsun. Bundan əlavə, onların saxlanmasına hər bir müasir şərait yaradılsın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB