Bu gün respublikada 1300-dən çox hemofiliyalı xəstə rəsmi qeydiyyatdadır

Bu gün respublikada 1300-dən çox hemofiliyalı xəstə rəsmi qeydiyyatdadır

"Bu gün talassemiyalı xəstələrə qanın ehtiyacı azalıb. Son 5 ildə talassemiyalı xəstələr üçün lazım olan dərmanlar respublikaya gətirilir və Səhiyyə Nazirliyi tərəfindən onlara çatdırılır". SİA-nın xəbərinə görə, bu barədə Respublika Elmi Praktiki Hemofiliya Mərkəzinin rəhbəri (REPHM) Elmira Qədimova məlumat verib. O bildirib ki, əgər 2005-ci ilə qədər bu xəstələrə qandan düzəldilən plazma və ya qan köçürülürdüsə, bu gün hökumət tərəfindən təchiz edilən dərmanlarla bunların qarşısını almaq olar.

E.Qədimovanın sözlərinə görə, bu gün respublikada 1300-dən çox hemofiliyalı xəstə rəsmi qeydiyyatdadır. Xəstələrin əsas aktivliyi, yəni 600-dən çoxunun Bakı və paytaxt ətrafında yaşadığını deyən mərkəz rəhbəri vurğulayıb ki, respublikanın regionlarında aktiv müraciət edən xəstələrin sayı azdır. O qeyd edib ki, rəsmi qeydiyyatda olan 1300 xəstənin 700-800 nəfəri diş çəkməsi, cərrahiyyə əməliyyatı zamanı aşkarlanır.

"Bugün o xəstəliyin ambulator müalicəsini apara bilirik. Belə ki, xəstə dərmanlarla təchiz olunur və evdə müalicə alır. O xəstələrin hər birində dərmanlar olmalıdır. Xəstədə hər hansı bir halda qanaxma ola bilər və onun normal şəraitdə qarşısını almaq üçün hər bir xəstənin evində bu dərmanların olması vacibdir", - deyə o əlavə edib.

Hər bir ölkənin qana ehtiyacı olduğunu deyən E.Qədimova qeyd edib ki, bütün ölkələrdə doğuş, cərrahiyyə əməliyyatları zamanı qan lazım olur: "Əgər ölkədə irsi qan xəstəlikləri-talassemiya, hemofiliya kimi xəstələr varsa, onlara qanın köçürülməsi çox əhəmiyyətli və vacibdir. Hemofiliyalı xəstələrə güclü qanaxmalar zamanı əlavə qan lazım olur, talassemiyalı xəstələr isə qansız yaşaya bilmirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə