Bu gün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Qan Donoru Gününə həsr edilən dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan İSİM-in sədri Ceyhun Məmmədov bildirib ki, 2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatı Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib. Onun sözlərinə görə, bəyanatda hər il 14 iyun tarixinin Ümumdünya Qan Donoru Günü kimi keçirilməsi qərara alınıb: "Ümumdünya Qan Donoru Günü bütün dünyada qeyd olunaraq, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyəti, bir sıra digər təşkilat və qurumlar tərəfindən dəstəklənir. Bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları və digərlərini ölümdən xilas etməyə kömək edir. Ölkəmizdə yayılan hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və donor qanına tələbatı artırır. 14 iyunun Beynəlxalq Donor Günü kimi qeyd edilməsinin məqsədi bir daha könüllü qan donorlarına hörmət və ehtiramı nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, donorluğa yeni insanları cəlb etməkdir".
C.Məmmədov əlavə edib ki, qan donorluğu haqqında əhalinin daha da ətraflı şəkildə maarifləndirilməsi üçün 905 saylı \"Qaynar Xətt\" yaradılıb. Onun sözlərinə görə, bu nömrəyə zəng pulsuzdur və qan donorluğu ilə maraqlanan, kiminsə həyatını xilas etmək üçün qan vermək istəyən şəxslər bura ilə əlaqə saxlaya bilərlər.
Daha sonra çıxış edən Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Azad Hacıyev bildirib ki, Azərbaycanda donorçuluğun inkişafı müxtəlif mərhələlərdən keçib. Onun sözlərinə görə, birinci mərhələ 1927-1942-ci illəri əhatə edir ki, bu dövrdə də 1927-ci ildə ilk qan köçürülüb, 1931-ci ildə ilk qanköçürnə kabineti təşkil edilib, 1935-ci ildən başlayaraq iri xəstəxanaların tərkibində qanköçürmə şöbələri yaradılıb.
"İkinci mərhələ 1943-1946-cı illəri əhatə edir. 1943-cü ildə Elmi-Tədqiqat Qanköçürmə İnstitutu təşkil edilib. O vaxtdan donorluğa insanlar cəlb olunmağa başlayıb. III mərhələ 1957-1990, IV mərhələ 1991-2003, V mərhələ isə 2003-2010-cu illəri əhatə edir. 2005-ci ildə "Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında" qanun qəbul edilib. Bu qanun qan xidmətinin inkişafına müsbət təsir göstərib. Azərbaycan qanköçürmə xidmətinin strukturu 2010-cu ilin noyabr ayında müəyyən dəyişikliklər edilib. Bundan sonra, daha 5 regionda əlavə yardım xidməti mərkəzləri yaradılıb", - deyə o əlavə edib.
Donorların sayı barədə də məlumat verən A.Hacıyev qeyd edib ki, bu say son illərdə artıb: "Fərdi şəkildə qan verən donorların sayı 2011-ci ilin yanvarında 1424, fevralında 1458, martında isə 1500 nəfər olub. Briqada şəraitində qan verən donorların sayı isə yanvarda 1097, fevralda 1422, martda isə 1453 nəfər təşkil edib. Bu 3 ayda da tədarük olunan qanın miqdarında müsbət dinamika müşahidə olunub".
Tədbirin davamında mövzu ətrafında müxtəlif müzakirələr aparılıb. Digər qurumları təmsil edən qonaqlar mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB