Səadət Hənifəyeva: “Donorluğun inkişafı üçün tək Səhiyyə Nazirliyi deyil, qeyri-hökumət qurumları da öz töhfəsini verməlidir” - AÇIQLAMA

Səadət Hənifəyeva: “Donorluğun inkişafı üçün tək Səhiyyə Nazirliyi deyil, qeyri-hökumət qurumları da öz töhfəsini verməlidir” - AÇIQLAMA

İyunun 14-ü bütün dünyada Beynəlxalq Donor Günü kimi qeyd olunur. Bu günlə əlaqədar olaraq sabah Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi dəyirmi masa keçirəcək. Bu barədə SİA-ya İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə Kommunikasiyası və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səadət Hənifəyeva məlumat verib. O bildirib ki, 14 iyunun Beynəlxalq Donor Günü kimi qeyd edilməsinin məqsədi bir daha könüllü qan donorlarına hörmət və ehtiramı nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, donorluğa yeni insanları cəlb etməkdir.

2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən bəyanatın qəbul edildiyini deyən İSİM sözçüsü vurğulayıb ki, burada hər il 14 iyun tarixinin Ümumdünya Qan Donoru Günü kimi keçirilməsi qərara alınıb: "Ümumdünya Qan Donoru Günü bütün dünyada qeyd olunaraq, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyəti, bir sıra digər təşkilat və qurumlar tərəfindən dəstəklənir. Bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları və digərlərini ölümdən xilas etməyə kömək edir. Ölkəmizdə yayılmış hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və donor qanına tələbatı artırır".

S.Hənifəyeva bildirib ki, hər il 159 ölkə donorları haqqında Ümumdünya Səhiyyə Təşkilatına hesabat verir. Hər il dünyada donorlar tərəfindən 92 milyon dəfə qan verildiyini deyən nazirliyin şöbə müdiri qeyd edib ki, bunun 45 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür: "Səhiyyə Nazirliyinin "2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı"nın həyata keçirilməsi barədə" və "Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi barədə" əmrləri donor qanına tələbatın ödənilməsinə yönəldilib. Lakin donorluğun inkişafı üçün tək Səhiyyə Nazirliyi deyil, müxtəlif hökumət və qeyri-hökumət qurumları, görkəmli xadimlər, kütləvi informasiya vasitələri öz töhfəsini verməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə