Təhsil Nazirliyi ADU-da imtahanların gedişi ilə bağlı sorğu keçirib

Təhsil Nazirliyi ADU-da imtahanların gedişi ilə bağlı sorğu keçirib

İyunun 13-də Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi İradə Quliyeva Azərbaycan Dillər Universitetində (ADU) yay imtahan sessiyasının gedişini izləyib. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, izləmə prosesində ADU-nun Tədris hissəsinin müdiri Lyudmila Muradova və İctimaiyyətlə əlaqələr və mətbuat xidməti rəhbərinin müavini Şəfaqət Kazımova da iştirak edirdi. 1 saylı İngilis dili fakültəsinin II kursunda "Pedaqogika", "Orta oxu və nitq", "Azərbaycan ədəbiyyatı", "Riyaziyyatın ibtidai kursu" və "Rus ədəbiyyatı tarixi" fənlərindən keçirilən imtahanların monitorinqini aparan Təhsil Nazirliyinin baş məsləhətçisi İradə Quliyeva bildirdi ki, yay imthan sessiyasında operativliyi və şəffaflığı təmin etmək və yaranacaq mövcud halların aradan qaldırılması məqsədilə nazirlikdə "Qaynar xətt" fəaliyyət göstərir. O, Təhsil Nazirliyinin imtahanların gedişi ilə bağlı sorğu keçirdiyini tələbələrin diqqətinə çatdırdı.

Tələbələr imtahanların obyektiv və şəffaf keçirildiyini, eləcə də neqativ halların baş vermədiyini nazirlik rəsmisinin nəzərinə çatdırdılar. Sonra sorğu anketi tələbələrə paylandı.

Qeyd edək ki, sorgu anketində 20 sual yer alıb. Anketdə yay imtahan sessiyasında rüşvətxorluq halları, imtahanlar zamanı müəllimlər tərəfindən rüşvət tələb edilməsi, təhsilə münasibət və neqativ halların aradan qaldırılması istiqamətində təkliflərin verilməsi ilə bağlı məsələlər də öz əksini tapıb.

Məlumat üçün bildirək ki, yay imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə ADU-da Operativ Qərargah yaradılıb. Bununla yanaşı, ADU-nun 440-35-05, 440-64-82 saylı şəhər və 146, 264 saylı daxili telefonları və [email protected] ünvanlı elektron poçtu "Qaynar xətt" elan edilib.

Xatırladaq ki, Alman dili və 2 saylı İngilis dili fakültələrində imtahanlar iyunun 1-də, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsində iyunun 2-də, 1 saylı İngilis dili, Tərcümə, Filologiya və Fransız dili fakültələrində iyunun 3-də başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə