BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən Azərbaycanın hazırladığı Alternativ hesabatla bağlı dinləmələr keçiriləcək

BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən Azərbaycanın hazırladığı Alternativ hesabatla bağlı dinləmələr keçiriləcək

Bu gün BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim olunacaq Azərbaycanda uşaqların vəziyyəti ilə bağlı hazırlanan Alternativ hesabatın ictimai müzakirəsi keçirilib. SİA-nın xəbərinə görə, ictimai müzakirədə nazirliklərin, dövlət komitələrinin, yerli qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.


Tədbiri giriş sözü ilə açan Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev Alternativ hesabat haqqında ətraflı məlumat verib. O bildirib ki, QHT Alyansı 2005-ci ildən etibarən Azərbaycanda uşaqların vəziyyəti ilə bağlı Alternativ hesabatı hazırlayır və BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinə təqdim edir. Onun sözlərinə görə, alternativ hesabatın BMT-nin Uşaq Hüquqları Komitəsində müzakirəsindən sonra Azərbaycanda uşaqların müxtəlif problemlərinin həll olunması ilə bağlı təklif və tövsiyələr hazırlanaraq hökumətə təqdim olunur.


"Növbəti hesabatın hazırlanmasında Uşaq Hüquqları üzrə QHT Alyansına daxil olan 80-dən çox QHT-nin yaxından iştirak edib. Burada bir sıra məsələlər öz əksini tapıb. Hesabatda öz əksini tapan məsələlərdən biri də yuvenal ədliyyə sistemindəki islahatlarla bağlıdır. Xüsusi olaraq Azərbaycanda yuvenal ədliyyə ilə bağlı qanunun qəbul edilməsi, ixtisaslaşmış məhkəmələrin, polis əməkdaşlarının, vəkillərin hazırlanması və sahədə ixtisaslaşma işinin həyata keçirilməsi mühüm məsələlərdəndir. Bu gün tam olmasa da böyük ölçüdə yuvenal ədliyyə islahatları sahəsində bir çox işlər həyata keçirilib. Parlamentin payız sessiyasında yuvenal ədliyyə ilə bağlı qanunun müzakirəsi gözlənilir. Artıq parlamentdə sosial xidmətlər haqqında qanunun qəbul edilməsi imkan yaradacaq ki, gələcəkdə bu işlərin dövlət tərəfindən maliyyələşdirilməsi, sosial reabilitasiya mərkəzləri daha çox fəaliyyət göstərməsi mümkün olacaq.


Bu sahədə əsas ağırlıqlı məsələ səhiyyə islahatları, internat məktəblərini bitirənlərin sonradan cəmiyyətə uyğunlaşmasıdır. Bu və ya digər məsələlər yuvenal ədliyyə proqramında öz əksini tapacaq. Hesabatda qeyd olunub ki, QHT-lərlə dövlət orqanları arasında münasibətlər istənilən səviyyədə deyil. Təklif olunub ki, bu və ya digər qurumlarda ictimai komitələrin yaradılsın. Bu imkan verir ki, hökumət qurumları ilə QHT-lərin əməkdaşlığı daha da güclənsin, eyni zamanda, QHT-lərin fəaliyyətinə ictimai nəzarət artırılsın. Bundan əlavə dövlət qurumları tərəfindən QHT-lərə sosial sifarişlərin verilməsi müzakirə olunur. QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə vəsaitlərinin artırılması, həm də ayrı-ayrı nazirliklərin QHT-lərə sosial sifarişlərin verməsi tövsiyə olunur. Bu da maliyyə yükünün azaldılmasına xidmət edəcək. Dünyanın elə bir ölkəsi yoxdur ki, hansısa qurum əhalinin sosial və digər problemlərinin hamısını öz üzərinə götürsün və həll etsin.

Qeyd edim ki, 22-25 iyun tarixlərində İsveçrənin Cenevrə şəhərində QHT Alyansının nümayəndələrinin iştirakı ilə BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən Alternativ hesabatla bağlı dinləmələr keçiriləcək. 5 nəfərdən ibarət olacaq Azərbaycan nümayəndə heyəti Alternativ hesabatı BMT-yə təqdim edəcək", - deyə o əlavə edib.


Tədbirin davamında çıxış edən UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard hesabatla bağlı bir sıra təkliflərini verib. O bildirib ki, Cenevrəyə getmədən öncə hesabatda öz əksini tapan statistik rəqəmlər yenidən dəqiqləşdirilsin. Xüsusilə əlillik, cəzaçəkmə müəssisələrindəki uşaqların sayı ilə bağlı rəqəmlər yenidən baxılmalıdır. Alternativ hesabatda əlilliyi olan uşaqların cəmiyyət tərəfindən normal qarşılanması xüsusilə alqışlanır. Bu sahəyə diqqətin göstərilməsi mühüm əhəmiyyət kəsb edir. YUNİCEF bu və ya digər məsələrin həllində Səhiyyə Nazirliyi ilə əməkdaş edir, ancaq bundan sonra da görüləcək bir çox işlər, islahatlar mövcuddur.


Tədbirin davamında çıxış edən qonaqlar alternativ hesabatda öz əksini tapan məqamlarla bağlı fikirlərini bölüşüb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə