WACA nümayəndə heyəti ADU-da olub

WACA nümayəndə heyəti ADU-da olub

Qlobal Məsələlər üzrə Amerika Şuraları Liderlik Missiyasının nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) oldu. Universitetin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş ADU-nun İnformasiya Resurs Kompleksində (İRK) baş tutdu.

Görüşdə ADU-nun rektoru , millət vəkili, professor Səməd Seyidov, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Məcid Əliyev iştirak edirdi. Nümayəndə heyətinə Azərbaycanın ABŞ-ın Nyu-Mexiko ştatındakı fəxri konsulu, Qlobal Məsələlər üzrə Amerika Şuraları Liderlik Missiyasının (WACA) milli idarə heyətinin Santa Fe Şurasının direktoru Art Makafi (Art McHaffie) rəhbərlik edirdi. Görüşdə Qlobal Məsələlər üzrə Amerika Şuraları Liderlik Missiyasının nümayəndə heyətinin (WACA) prezidenti və baş icraçı direktoru Dr. Lori E. Murrey, Qlobal Məsələlər üzrə Amerika Şuraları Liderlik Missiyasının (WACA) milli idarə heyətinin direktoru Maykl Filip, İndiana Universitetinin təqaüddə olan dosenti Viktor Ernest Çaylderz, Qlobal Məsələlər üzrə Amerika Şuraları dərnəyinin idarəetmə heyətinin üzvü Con Deyli, Detroitin Qlobal Məsələlər üzrə Şuralarının direktor köməkçisi Dellaşon LaVerne Di Kresse, Paytaxt Region üzrə Beynəlxalq Mərkəzin direktoru Diana Konroy Lakivita, Meynin Qlobal Məsələlər üzrə Amerika Şuralarının fəal üzvü və könüllüsü Kimberli A.MakLauqhlin, Prell səhrasının (Palm Springs) qlobal məsələlər üzrə şurasının təqaüddə olan direktoru Cerri Vit iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan rektor Səməd Seyidov qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirdi. ADU haqqında qonaqlara məlumat verən Səməd Seyidov , universitetdə İngilis dili ilə yanaşı Fransız, Alman, İtalyan, İspan, Skandinaviya dilləri, İndoneziya, Korea, Yapon və s dillərin tədris olunduğunu qeyd etdi. ADU-da 5000-dən çox tələbənin təhsil aldığını qonaqların nəzərinə çatdırdı. Amerika universitetləri ilə ADU-nun əlaqələri haqda danışan rektor, hər il ADU-nun iki müəlliminin İndiana Universitetində Azərbaycan dilini tədris etdiyini qeyd etdi.

Nümayəndə heyətinin rəhbəri, Qlobal Məsələlər üzrə Amerika Şuraları Liderlik Missiyasının (WACA) milli idarə heyətinin Santa Fe Şurasının direktoru Art Makafi (Art McHaffie) öz növbəsində Azərbaycan Dillər Universitetdə olmağından şad olduğunu söylədi O, ADU tələbələri ünsiyyətdən məmnunluğunu dilə gətirdi.

Tədbirin sonunda qonaqlar tələbələrin onlara ünvanladıqları sualları cavablandırdılar.

Qeyd etmək lazımdır ki, Qlobal Məsələlər üzrə Amerika Şuraları Liderlik Missiyası 90 ilə yaxın zaman çərçivəsində fəaliyyət göstərir. Bu təşkilat nüfuzlu, müstəqil, qeyri-kommersiya qurumu olaraq yerli nəhəng müstəqil şuralara dəstək verərək onları təmsil edir və hər il 500,000 insan bu təşkilatın xidmətlərindən yararlanır. Bu təşkilatın əsas məqsədi səfərdə olduqları ölkənin problemləri ilə yaxından tanış olmaq və yerli insanlarını tanımaq, eləcə də həmin ölkə ilə Amerika arasında daha böyük əlaqələr yaratmaqdır.

Xatırladaq ki, Qlobal Məsələlər üzrə Amerika Şuraları Liderlik Missiyasının (WACA) nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Stratejik Araşdırmalıar Mərkəzinin (SAM) təşəbbüsü ilə Azərbaycanda səfərdədir. İyunun 13-dək davam edəcək səfər Azərbaycanın ABŞ-ın Nyu-Mexiko ştatındakı fəxri konsuluy Art Makafinin (Art MCHaffie) rəhbərliyi ilə həyata keçəcək. Azərbaycanla tanışlıq xarakteri daşıyan səfər çərçivəsində amerikalı qonaqların Azərbaycanın bir sıra dövlət qurumlarında ,elmi-tədqiqat mərkəzlərində, universitetlərdə görüşləri və bölgələrə səfərləri nəzərdə tutulub. WACA-nın Liderlik Missiyası ölkə və regionla bağlı tədqiqatların aparılmasında, hesabatların hazırlanmasında və məlumatların etibarlı mənbədən alınmasında bu səfərin çox faydalı olacağını bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə