Magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak edəcək bakalavrların ixtisas seçimi başladı

Magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak edəcək bakalavrların ixtisas seçimi başladı

Bu gündən etibarən magistraturaya qəbul imtahanın ikinci mərhələsində iştirak edəcək bakalavrlar proqram və ixtisas seçimi etməlidirlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, bu seçimlərdə fevralın 20-də ali məktəblərin magistraturalarına keçirilən qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar iştirak edir. Onun sözlərinə görə, bunun üçün onlar iyunun 8-dən 15-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmaları seçib təsdiq etməlidirlər: "Qəbul imtahanının ikinci mərhələsi 2011-ci il iyunun 26-da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək. Proqram və ixtisaslaşmaları seçib təsdiq edən bakalavrlar iyunun 23-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılır. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır".

Qeyd edək ki, artıq TQDK tərəfindən "Magistr" jurnalının 4-cü sayı nəşr olunaraq bakalavrların istifadəsinə verilib. Jurnalda 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi, proqram və ixtisaslaşma seçimi haqqında elan, "Bakalavrın elektron ərizəsi"ndə qəbul proqramının seçilməsi və təsdiqi üçün təlimat, qəbul proqramının seçimi üçün "Bakalavrın elektron ərizəsi" formasının nümunəsi, qəbul aparılan ixtisaslaşmalar, magistratura səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozuna dair materiallar öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə