Abituriyentlər qəbul imtahanlarına psixoloji cəhətdən hazır olmaları üçün nə etməlidirlər?-ARAŞDIRMA

Abituriyentlər qəbul imtahanlarına psixoloji cəhətdən hazır olmaları üçün nə etməlidirlər?-ARAŞDIRMA

Artıq abituriyentlərin ilboyu hazırlaşdıqları imtahan gününə çox az bir zaman qalıb. İyul ayından başlayaraq tələbə adını qazanmaq uğrunda yarışan yüz minlərlə gəncin həm biliyi, həm də iradəsi imtahana çəkiləcək.

Belə ki, bu il ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün 110 423 abituriyent sənəd verib. Ərizələrin sayı ötən illə müqayisədə 1,85%, yəni 2085 nəfər azalıb. Abituriyentlərin 50,38%-ni oğlanlar, 49,62%-ni isə qızlar təşkil edir. Qəbul imtahanlarında son illərdə ilk dəfə olaraq oğlanların sayı qızlara nisbətən bir qədər çoxdur. Sənəd verənlərin 57,17%-nin orta ümumtəhsil məktəblərinin builki məzunları təşkil edir. Bu il sənəd verən 110 423 abituriyentin 99 190 nəfəri Azərbaycan, 11 233 nəfəri isə rus bölməsinin məzunlarıdır. Abituriyentlərin 34 988 nəfəri I, 27 068 nəfəri II, 32 859 nəfəri III, 15 508 nəfəri isə IV ixtisas qrupuna sənəd verib. 2011-2012-ci tədris ili üçün ali məktəblərə 31 min 519 plan yeri ayrılıb ki, onlardan 9848 yer I, 8988 yer II, 8839 III, 3844 yer isə IV ixtisas qrupu üzrə nəzərdə tutulub. Bu il ali məktəblərdə dövlət sifarişli yerlərin sayı isə 10 min 616-dır. Onlardan 4136 yer I, 2345 yer II, 2642 yer III, 1493 yer isə IV qrupu üzrə müəyyənləşib.

Əlbəttə, zehni və psixoloji gərginliklə səciyyələnən imtahan günü yüksək diqqət, fərasət və mənəvi hazırlıq tələb olunur. Bu andan yaşanan gərginlik abituriyentlərin psixologiyasında ciddi fəsadlara yol açır. Sirr deyil ki, ali məktəblərə qəbul imtahanlarında yalnız qabiliyyətsizlər deyil, həm də imtahanlara psixoloji cəhətdən hazır olmayanlar kəsilirlər. Mütəxəssislərin apardığı araşdırma göstərir ki, müsbət əhval-ruhiyyə və özünə inam uğurun 50 faizini təşkil edir. Bəs görəsən, imtahan həyəcanı içində olan abituriyentlərdə xoş əhval-ruhiyyəni necə yaratmaq olar? Abituriyentlər bilikləri ilə yanaşı imtahana psixoloji cəhətdən də tam hazır olmaları üçün nələri bilməlidirlər?

Abituriyentlərin bu barədə fikirləri fərqli və maraqlı oldu

Rəsulov Zeynal-abituriyent

- Bu il sənədlərimi III qrupa vermişəm. Mədəniyyət və İncəsənət Universitetinin kino və dram fakültəsinə hazırlaşıram. Qabiliyyət imtahanının birinci turundan keçmişəm, II turu isə iyulun 9-da olacaq. Ondan da uğurla keçsəm, qəbul imtahanında 300 bal toplamalıyam ki, Mədəniyyət və İncəsənət Universitetinə qəbul olum.

İlk növbədə bütün abituriyentlərə uğurlar arzulayıram. Abituriyentlərə məsləhətim odur ki, valideynlərinin sözlərinə qulaq assınlar, onların məsləhətlərini yerinə yetirsinlər. İmtahanlara psixoloji cəhətdən tam hazır olmaq üçün vaxtı-vaxtında dərsləri oxumaq lazımdır. O cümlədən hazırlığa gedən zaman müəllimlərlə xoş ünsiyyət yaratmaq lazımdır ki, onlar da bildiklərini abituriyentlərə həvəslə öyrətsinlər. Valideynlərim məni böyüdüb boya-başa çatdırıb və hazırlıq ərəfəsində hər zaman mənə dəstək olur, qabağa çəkməyə çalışırlar. Hazırlıqlara getdiyim üçün özümü qəbul imtahanlarına tam hazır görürəm.

\"\"

Sadıqova Ülkər-abituriyent

- İlk növbədə qəbul imtahanlarına hazırlaşan bütün abituriyentlərə uğurlar arzulayıram. İnşallah onların hər bir öz məqsədlərinə nail olarlar. Təbii ki, imtahana hazırlaşan hər bir tələbədə həyəcan olur. Lakin bu həyəcanı yenmək üçün ilk öncə qarşılarına məqsəd qoymalı və məqsədini də özünə aydınlaşdırmalıdır ki, nə istəyir və nəyə hazırlaşır? Düşünürəm ki, abituriyent yetəri qədər oxuyanda və özünə arxayın olanda daha az həyəcanlı olur. Çünki uşaqlar daha çox imtahanda bildiklərinin yadından çıxmasından qorxurlar. Nə qədər ciddi hazırlaşsan, o qədər özünə daha arxayın olursan və həyəcanı da yenməyi bacarırsan.

Bundan əlavə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası imtahanlara hazırlaşan abituriyentlər üçün sınaq imtahanları təşkil edir. Abituriyentlər bu imtahanlara gedərək özlərini sınayır, imtahan stressi və həyəcanını yaşayırlar. Bunun üçün sınaqlara getmək daha məsləhətlidir. Daha sonra onlar özlərini mütəmadi olaraq imtahanda səs-küylü auditoriyaya düşə bilmələrinə, yanındakı abituriyentin ona mane ola bilməsinə və digər məsələlərə hazırlamalıdır. Bacardığın qədər imtahan da sakit və səbrli olmalısan ki, ətrafdakılar səni yayındırmasın və sualların üstündə diqqətini cəmləyə biləsən.

Psixoloji cəhətdən hazır olmaq üçün abituriyentin ətrafı da ona kömək olmalıdır. İlk növbədə heç kimə "həyəcanlanma" deməsinlər. Çünki mənim özümə də "həyəcanlanma" deyəndə, istər-istəməz həyəcanlanıram. Ona görə də sadəcə olaraq "bu bir imtahandır və oxumusansa keçəcəksən və nailiyyət əldə edəcəksən" deyə dəstək olmaq daha yaxşı olar.

Valideynlərə isə demək istərdim ki, onlar uşaqlarına dəstək olsunlar. Onlara göstərsinlər ki, biz sənə inanırıq və sən də özünə inanmalısan. Düşünürəm ki, hər bir uşağa "biz sənə inanırıq" ən böyük bir dəstəkdir.

\"\"

- Təbii ki, abituriyentlərin qəbul imtahanlarına psixoloji cəhətdən tam hazır olmaları üçün valideynlərin üzərinə böyük yük və məsuliyyət düşür. Valideynlər də öz növbəsində bu ərəfədə uşaqlara onlar tərəfindən böyük dəstəyin vacibliyini qeyd ediblər.

Mirəhmədova Şəhnaz-valideyn

- Hər bir abituriyentə istər müəllimlər, istərsə də valideynlər tərəfdən həmişə bir az köməklik lazımdır. Amma qalan hər şey abituriyentin özündən asılıdır. Əgər o imtahanlara məsuliyyətli və düzgün hazırlaşıbsa, nəticələr də yaxşı olacaq. Əgər uşaq 11 il oxumayıbsa, nə müəllimin, nə də valideynin dəstəyi ona kömək olmayacaq. Elə uşaq var ki, repetitor yanına gedir, eləsi də var ki, imkanı olmadığından özü oxuyur. Həmin o repetitor yanına getməyən uşaq özü qəbul olunur. Əgər uşaq oxuyubsa qəbul olacaq, oxumayıbsa yox. Amma qeyd edim ki, son illərdə oxuyanlar həddən artıq çoxdur.

Düşünürəm ki, imtahana hazırlaşan abituriyentə "Yaza bilməsən evə gəlmə", "İmtahandan kəsilsən bizim başımızı aşağı salacaqsan" kimi sözlər deyən valideynin psixoloji durumu düzgün deyil. Nə qədər olub ki, bunun nəticəsində uşaqlar özünü asıb. Bu psixoloji durumdur. O valideynin durumunu uşağa şamil etmək düzgün deyil. Ona görə də valideynin özünün səviyyəsi olmalıdır. Bir az özünün düşüncəsi olmalıdır ki, uşağa kömək etsin. Hamı oxuya bilməz axı, kimsə də başqa bir işlə məşğul olmalıdır.

Əzizzadə Hafiz-valideyn

- Qəbul imtahanlarına hazırlaşan dövrdə abituriyentə valideynlər tərəfindən kömək olunmalıdır. Yəni, onları əlavə işlərlə məşğul olmağa məcbur etmək düzgün deyil. Onlar bu ərəfədə tam olaraq təhsillə məşğul olmalıdır. Sadəcə olaraq ali məktəblərə hazırlaşan uşaqların psixoloji durumu bir az çətin vəziyyətdə olur. Həmin anda uşaqlara kömək olmaq lazımdır.

Valideynlərə demək istərdim ki, özləri ali məktəbə hazırlaşarkən hansı hissləri keçiriblərsə, uşaqlara da o gözlə baxsınlar. Uşağın qapazaltına salınması ilə razı deyiləm. Ona yol göstərmək, kömək etmək lazımdır. Başqasının uşağını nümunə gətirmək olar ki, filankəsin uşağı xarici şirkətdə işləyir və yüksək məbləğdə maaş alır, oxuyub alim olub, sən də oxu belə ol. Amma uşağı qapazaltı edib ona əziyyət vermək, psixoloji durumunu daha da geri salmaq lazım deyil.


\"\"

- Psixoloq isə hesab edir ki, abituriyent qəbul imtahanına 1 həftə, 1 gün qalmış və imtahan günü görəcəyi işləri əvvəlcədən müəyyənləşdirməlidir. Onun fikrincə, imtahana hazırlıqlar ardıcıl şəkildə görülsə, nəticələr də müsbət olar.

Nigar Rəsullu-psixoloq

- İlk növbədə demək istəyirəm ki, abituriyentlər sınaq imtahanlarına getsələr, daha yaxşı olar. Sınaq imtahanları abituriyentləri nəzəri biliklərini yoxlamaqla yanaşı, onları psixoloji cəhətdən də imtahanlara hazırlayır. Bundan başqa, abituriyentlərə məsləhət görürəm ki, imtahanlara 1 həftə qalmış müəllim yanına getməsinlər və mümkün qədər bütün ilboyu hazırlaşdıqları kitabları bir kənara qoyub dincəlsinlər. Rahat şəkildə təmiz havada gəzsinlər, imtahanlardan həyəcanla danışan insanlardan uzaq dursunlar. Çünki onlar abituriyentləri stress vəziyyətinə salırlar. Daha çox onlara müsbət enerji verən insanlarla söhbət etsinlər.

Valideynlərə müraciət edib demək istərdim ki, uşaqlara "qəbul olmasan başımızı aşağı salacaqsan, adımızı batıracaqsan" kimi sözlər deməsinlər. Çünki imtahanda uşaqlar ancaq o sözləri fikirləşir və bunun nəticəsi də çox mənfi olur. İmtahana 1 gün qalmış abituriyentlər əvvəla hansı binada imtahan verəcəkləri binanı ya özləri, ya da valideynləri oranı dəqiqləşdirsinlər. Çünki biz görürük ki, çox problemlər bununla bağlı olur. Bir çox uşaqlar imtahana gecikir, ya yeri, ya da nəqliyyatı bilmir və nəticədə müxtəlif problemlər olur. İmtahana bir gün qalmış lazım olan bütün sənədlərini bir faylın içərisinə qoyub hazır vəziyyətə qoysunlar. Çünki 10% uşaqlar imtahana gələndə hansısa sədlərini itirirlər.

İmtahan günü isə həm valideynlər, həm də uşaqlara məsləhət görürəm ki, həmin gün çox ağır yeməklər yeməsinlər. Bundan başqa, imtahan çox tez və yaxud da gec gəlmək lazım deyil. "İmtahana buraxılış vəsiqəsi"də saat neçə yazılıbsa, o vaxt gəlmək lazımdır. Bir də abituriyentlər tələsməsinlər və cavab kartı ilə diqqətli işləsinlər. Suallara bildikləri fənlərdən başlasınlar və hansısa sualı həll edə bilmirlərsə, onu saxlayıb sonda vaxtları qalarsa yenidən ona qayıda bilərlər.


\"\"

Uzun illərdir ki, Azərbaycanda tələbə qəbulu prosesini həyata keçirən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə də qəbul imtahanlarına psixoloji cəhətdən hazır olmaq üçün həm abituriyentlərə, həm də onlara dəstək olan valideynlərə məsləhətlərini verdi. O, bu məsələdə ən əsas məsləhətlərinin valideynlərə olduğunu söyləyib.

- İmtahan zamanı abituriyentlər öz talelərini həll edirlər. İmtahan zamanı kiminləsə danışmaq, kiməsə kömək etmək kimi hərəkətlər abituriyentlərin öz nəticələrinə mənfi təsir göstərir. Bu nöqteyi-nəzərdən çox şey valideynlərdən asılıdır. Çox zaman valideynlər abituriyentləri imtahana göndərəndə elə bir stress vəziyyətinə salırlar ki, uşaq ilk addımını qorxuyla atır. Buna görə də valideynlər gərək uşaqları imtahana göndərəndə stress vəziyyətinə salmasınlar. Qorxu nəticəsində uşaq heç bir nəticə göstərə bilməz.

Bu vaxta kimi uşaq 11 il ərzində mövcud olan proqramları mənimsəməyibsə, imtahana bir ay qalan müddətdə on bir il üçün nəzərdə tutulan proqramı mənimsəyə bilməz. Onlar yalnız fiziki və psixoloji hazırlıq cəhətdən müəyyən mövzuları təkrar edə bilərlər.

Mənim bu məsələdə ən əsas məsləhətlərim valideynlərədir. Bu prosesdə onların rolu çox yüksəkdir. Bir daha deyirəm ki, ailədə mühit sağlamdırsa, uşağa inam varsa və bununla yanaşı, abituriyentin də valideynlərinə inamı varsa və problemlərini açıb onlara deyə bilirsə, onların imtahanda da problemləri olmur. İmtahanda əsasən ağlayan, stress vəziyyətinə düşənlər öz valideynlərindən qorxan uşaqlar olurlar. Bu valideynlər uşaqları sevmək əvəzinə onları qorxu içərisində yaşadırlar. Öz uşaqlarına qarşı düşmən münasibəti bəsləyib onları qorxudur, stress vəziyyətinə salırlar. "İmtahandan əvvəl yaza bilməsən evə gəlmə" və ya daha ağır sözlərin işlədilməsi uşağı öldürmək, ruhdan salmaq deməkdir. Uşağı məcbur etmək lazım deyil ki, o bildiyindən də çox şeylər əldə etmək üçün hansısa bir yola getsin, kimdənsə köçürməyə cəhd etsin. Bunun nəticəsində o imtahandan qovula bilər.

Valideynləri bu yoldan uzaqlaşdırmaq istəyirəm. Çünki ali məktəbə qəbul olmağın yeganə yol var. Bu da imtahan gəlib bildiyini yazmaq və topladığı bala uyğun olaraq ixtisası seçimi etməkdir. Bir daha abituriyentlərin hər birinə ali məktəblərə qəbul imtahanlarında uğurlar diləyirəm. Onu qeyd edim ki, oxuyan, əziyyət çəkən heç kimin əməyi hədər getmir. Əgər abituriyentlər hazırlaşıb, bilik-bacarıq əldə ediblərsə, mütləq imtahandan müəyyən nəticə göstərə biləcəklər.\"\"


Bütün xəbərlər Facebook səhifəmizdə