“Azərbaycan tarixi” dərsliyində aparılan monitorinqin nəticələri açıqlanıb

“Azərbaycan tarixi” dərsliyində aparılan monitorinqin nəticələri açıqlanıb

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Müasir İnkişaf" İctimai Birliyi "Azərbaycan tarixi" dərsliyinin (7-ci sinif) monitorinqinin nəticələrini açıqlayıb. SİA-nın xəbərinə görə, monitorinq Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Aşırlı bildirib ki, tarix millətin milli şüurunun formalaşmasında, onun dövlətçilik təfəkkürünün inkişafında mühüm rol oynayır. Keçmişini bilməyən millətin gələcəyini qura bilməyəcəyini deyən birlik sədri vurğulayıb ki, bu səbəbdən təşkilatın fəaliyyəti boyunca tarixlə bağlı məsələlərə, onun cəmiyyətə, xüsusilə gənclərə düzgün çatdırılmasına daim xüsusi diqqət ayırıb.

"2011-ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurası ilə həyata keçirilən "Azərbaycan tarixi dərsliklərinin monitorinqi" (V-VIII siniflər) layihəsi həmin işlərin davamı sayıla bilər. Layihə çərçivəsində keçirilən və "Azərbaycan tarixi dərsliklərinin monitorinqi nəticələri" adlı tədbir də ictimaiyyətlə bağlı müzakirələr təşkil etmək niyyəti daşıyır. Müzakirələrdə VII sinif dərsliyi və bununla bağlı təkliflər gündəmə gətirilib. Təkliflərin sistemləşdirilərək müvafiq qurumlara-Təhsil Nazirliyinə, AMEA Tarix İnstitutuna və digər qurumlara göndərilməsi qərarlaşdırılıb. Tarix dərslikləri ilə bağlı hər il müəyyən işlər görülür. Ancaq bunlarla yanaşı müxtəlif nöqsanlar da ortaya çıxır. İctimai Birliyin həyata keçirdiyi layihə avqust ayında bitəcək, amma bu araşdırmaları, monitorinqləri sonradan da davam etdirmək niyyətindəyik. Çünki bu dərsliklərin düzgün formada hazırlanaraq ictimaiyyətə çatdırılması hər birimizin borcudur", - deyə o əlavə edib.

Daha sonra layihənin eksperti Tariyel Faziloğlu monitorinqin nəticələri barədə daha ətraflı məlumat verib. O bildirib ki, orta məktəblərdə tədris olunan tarix dərslikləri bir çox problemlərlə zəngindir.

Bütün xəbərlər Facebook səhifəmizdə