Məleykə Abbaszadə imtahanqabağı danışdı-MÜSAHİBƏ

Məleykə Abbaszadə imtahanqabağı danışdı-MÜSAHİBƏ
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin SİA-ya müsahibəsi:
- Məleykə xanım, artıq ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərin ərizə qəbulu başa çatıb. Bundan sonra, qəbul prosesində abituriyentləri nələr gözləyir?

- Bəli, artıq iyunun 1-də ali məktəblərə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatdı. Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 110 423 abituriyent sənəd verib. Ərizələrin sayı ötən illə müqayisədə 1,85%, yəni 2085 nəfər azalıb. Abituriyentlərin 50,38%-ni oğlanlar, 49,62%-ni isə qızlar təşkil edir. Cari il sənəd verən 110 423 abituriyentin 99 190 nəfəri Azərbaycan, 11 233 nəfəri rus bölməsinin məzunlarıdır. Abituriyentlərin 34 988 nəfəri I, 27 068 nəfəri II, 32 859 nəfəri III, 15 508 nəfəri isə IV ixtisas qrupuna sənəd verib.

Bu il ərizələrin təsdiqləmə müddətini bir gün artırdıq. Çünki ərizə qəbulu üçün ayrılan müddətdə 3 min nəfərə yaxın abituriyent öz ərizələrini təsdiqlətməmişdi. Öz ərizəsini təsdiqləməyən üç min nəfərdən 296 nəfəri bu ilin, qalanları isə əvvəlki illərin məzunlarıdır. Əvvəlki illərin məzunlarının da böyük əksəriyyətini isə oğlanlar təşkil edirdi. Onların ərizələrinin təsdiqlənməməsinin səbəbi hərbi xidmətə getmələrinə dair möhlətlərinin olmaması ilə əlaqədar idi deyə, biz bu prosesi saxladıq. Nəticədə qəbul imtahanlarında iştirak etmək üçün 110 mindən çox abituriyent ərizə verib və onlar imtahanlara buraxılacaq. Təbii ki, attestat almaq üçün buraxılış imtahanlarında sənəd verən abituriyentlərdən kimlərsə kəsiləcək və bunun nəticəsində də ola bilsin ki, rəqəmlər azalacaq.

Birinci dəfə olaraq bu il regionlarda da qəbul imtahanları keçirəcəyik. Naxçıvanda, Gəncədə, Sumqayıtda ənənəvi olaraq bu imtahanlar keçirilir. Bu il birinci dəfə Şəkidə və Lənkəranda bu imtahanlar müəyyən qruplar üzrə təşkil olunacaq. Gəncədə isə bütün qruplar üzrə imtahan keçiriləcək. Onu deyə bilərəm ki, imtahanların keyfiyyəti, təşkilatı nöqteyi-nəzərdən aparılan işlər Bakıda və regionlarda eyni səviyyədə aparılır. Buna görə də inanırıq ki, imtahanın keyfiyyəti Bakıda olduğu kimi regionlarda da yüksək səviyyədə təşkil olunacaq. Biz buna bir ildir ki, hazırılaşırıq.

Amma abituriyentlər bilməlidirlər ki, bu prosesin düzgün getməsi müəyyən dərəcədə onlardan da asılıdır. Abituiryentlər imtahana gələndə öz biliklərinə güvənməli və çalışmalıdırlar ki, qəbul zamanı bildiklərini yazsınlar və hansısa əlaqə qurub bir-birilərinə kömək etməyə çalışmasınlar, heç bir əlavə vasitəyə əl atmasınlar. Bir-birlərinə kömək etdikdə bu onlara da çox baha başa gələ bilər, çünki imtahan zamanı öz aralarında danışan abituriyentlərin nəticələri ləğv olunur. İmtahandan sonra komissiya tərəfindən araşdırmalar aparılır və əgər bir imtahan zalında abituriyentlərin 80-90 faiz nəticələri üst-üstə düşürsə, onların nəticələri ləğv edilir. Rus bölməsinə "Azərbaycan dili" imtahan zamanı da təxminən 8 abituriyentin nəticəsi ləğv olunub.

Bunu da qeyd edim ki, imtahan zamanı abituriyentlər öz talelərini həll edirlər. İmtahan zamanı kiminləsə danışmaq, kiməsə kömək etmək kimi hərəkətlər abituriyentlərin öz nəticələrinə mənfi təsir göstərir. Bu nöqteyi-nəzərdən çox şey valideynlərdən asılıdır. Çox zaman valideynlər abituriyentləri imtahana göndərəndə elə bir stress vəziyyətinə salırlar ki, uşaq ilk addımını qorxuyla atır. Buna görə də valideynlər gərək uşaqları imtahana göndərəndə stress vəziyyətinə salmasınlar. Uzun illər ərzində müşahidə etmişik ki, ali təhsilli, öz üzərində daim işləyən, uşaq psixologiyasından hansısa məlumatı olan valideynlərin uşaqlarla problemləri olmur. Ancaq vaxtilə oxumayan, ali təhsil almayan, öz üzərilərində işləməyən valideynlər nədənsə uşaqlarından daha çox şey tələb edirlər. Elə bil ki, bu həyatdan uşaqlarının nəticələri ilə heyf alırlar. Ancaq hər bir uşağın da müəyyən məhdud imkanları var. Qorxu nəticəsində uşaq heç bir nəticə göstərə bilməz.

Bu vaxta kimi uşaq 11 il ərzində mövcud olan proqramları mənimsəməyibsə, imtahana bir ay qalan müddətdə on bir il üçün nəzərdə tutulan proqramı mənimsəyə bilməz. Builki məzunlar attestat üçün imtahan verirlər. Onların indi repetitor yanına gedib, yeni mövzular öyrənməsi lazım deyil. Onlar yalnız fiziki və psixoloji hazırlıq cəhətdən müəyyən mövzuları təkrar edə bilərlər. Yeni mövzuları mənimsəmək çox çətindir. Heç olmasa bildiklərini təkrar edib, nəyisə yadlarına salıb, imtahanlara psixoloji cəhətdən sakit vəziyyətdə gəlməlidirlər. Uşağın hansısa biliyi varsa və sınaq imtahanında 300-350 bal toplayırsa, demək imtahanda da təxminən o nəticəni göstərəcək.

Ancaq biz onun da şahidi oluruq ki, 110 min nəfər sənəd verənlərin cəmi 58 mini sınaq imtahanlarında iştirak edib. Belə çıxır ki, 52 min abituriyent qəbul imtahanlarına sınaqda olmadan gəlir və öz nəticələrini hələki bilmir. Sınaqda iştirak edən uşaqlar təqribi bilirlər ki, qəbul imtahanlarında hansı nəticələri əldə edə bilər. Sınaq imtahnlarının virtual variantı da var və internet vasitəsilə də bundan istifadə etmək olar. Real sınaq imtahanlarına qatılmayan abituriyentlər internet vasitəsilə virtual imtahanda iştirak edə bilər.

- Ümumiyyətlə builki imtahanlarda hansı ixtisaslar üzrə daha yüksək müsabiqə vəziyyəti gözlənilir?

- Bu il IV ixtisas üzrə daha yüksək müsabiqə gözlənilir. Belə ki, IV qrupda bir yerə təxminən 5-6 nəfər ərizə verib. Qalan ixtisas qruplarında müsabiqə vəziyyəti isə elə də yüksək deyil. Həm dövlət sifarişli, həm də ödənişli təhsil formalarının seçilməsini uşaqlar özləri müəyyənləşdirir. Ali məktəblərə qəbul imtahanları zamanı da əsas müsabiqə dövlət sifarişli yerlərə görə yaranır. II qrupda özəl ali məktəblərin yerləri kifayət qədərdir. I qrup üzrə ümumi plan yeri 9848-dirsə, bunun 4136-sı dövlət sifarişli yerlərin payına düşür. II qrupda 8980 yer olduğu halda, dövlət sifarişli yerləri sayı 2345- dir. Təbii ki, dövlət sifarişli yerlərdə kifayət qədər yüksək müsabiqə yaranacaq. III qrup üzrə ümumi plan yerləri 8839-dursa, dövlət sifarişli yerlər 2642-dir. Burada dövlət sifarişli yerlərin sayı ümumi plan yerlərindən təxminın 3 dəfə azdır. IV ixtisas qrupu üzrə 3844 yerlərdən 1000-i bədən tərbiyəsi üzrə qabiliyyət tələb edən ixtisasların payına düşür. Qalan kənd təsərrüfatı, kimya, biologiya və tibb ixtisasları üzrə yerlərin sayı 2600-dir. Onların 1400-ü dövlət sifarişli yerlərdir ki, burada da çox yüksək müsabiqə vəziyyəti yaranacaq. Bizdə elə hallar olur ki, 400-dən yuxarı bal toplayan uşaqlar özəl ali məktəblər və yaxud dövlət ali məktəblərinin ödənişli ixtisaslarından imtina edib tibb texnikumlarını seçirlər. Tibb Universitetinə keçid balı 520-dirsə, bura daxil ola bilməyən 515 ballıq abituriyentlər tibb texnikumlarını seçirlər.

- Abituriyentlərin imtahana psixoloji cəhətdən hazır olması üçün valideynlərin, müəllimlərin, yoxsa, onların öz üzərilərinə daha böyük məsuliyyət düşür?

- Mənim bu məsələdə ən əsas məsləhətlərim valideynlərədir. Bu prosesdə onların rolu çox yüksəkdir. Bir daha deyirəm ki, ailədə mühit sağlamdırsa, uşağa inam varsa və bununla yanaşı, abituriyentin də valideynlərinə inamı varsa və problemlərini açıb deyə bilirsə, onların imtahanda da problemləri olmur. İmtahanda əsasən ağlayan, stress vəziyyətinə düşənlər öz valideynlərindən qorxan uşaqlar olurlar. Bu valideynlər uşaqları sevmək əvəzinə onları qorxu içərisində yaşadırlar. Öz uşaqlarına qarşı düşmən münasibəti bəsləyib onları qorxudur, stress vəziyyətinə salırlar. Valideyn üçün ən vacib məsələ uşağın sağlamlığıdır. "İmtahandan əvvəl yaza bilməsən evə gəlmə" və ya daha ağır sözlərin işlədilməsi uşağı öldürmək, ruhdan salmaq deməkdir. Uşağı məcbur etmək lazım deyil ki, o bildiyindən də çox şeylər əldə etmək üçün hansısa bir yola getsin, kimdənsə köçürməyə cəhd etsin. Bunun nəticəsində o imtahandan qovula bilər. Bəzi sosial təbəqədən olan valideynlər hesab edirlər ki, bu dünyada onlar üçün mümkün olan şeyləri onlar da öz uşaqlarından əsirgəməyəcək. Onlar hesab edirlər və çalışırlar ki, uşaqlarına hasısa adi yolla daha uyğun şərait yaratsınlar. Çox zaman bu valideynlər müəyyən dələduzların toruna düşürlər. Belə valideynləri bu yoldan uzaqlaşdırmaq istəyirəm. Çünki ali məktəbə qəbul olmağın yeganə yol var. Bu da imtahan gəlib bildiyini yazmaq və topladığı bala uyğun olaraq ixtisası seçimi etməkdir.

- Sonda gələn ay imtahan verəcək abituriyentlərə arzularınız və məsləhətləriniz...

- Bir daha abituriyentlərin hər birinə ali məktəblərə qəbul imtahanlarında uğurlar diləyirəm. Onu qeyd edim ki, oxuyan, əziyyət çəkən heç bir abituriyentin əməyi hədər getmir. Əgər abituriyentlər hazırlaşıb, bilik-bacarıq əldə ediblərsə, mütləq imtahandan müəyyən nəticə göstərə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə