Magistraturaya qəbul imtahanının ikinci mərhələsi iyunun 26-da Bakı, Gəncə və Naxçıvan şəhərlərində keçiriləcək

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi iyunun 26-da Bakı, Gəncə və Naxçıvan şəhərlərində keçiriləcək

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2011/2012-cu tədris ili üçün Respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə həsr olunmuş növbəti mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, TQDK sədri cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun başa çatdığını qeyd edərək həmin prosesin yekunlarına dair statistik məlumatları mətbuat nümayəndələrinin diqqətinə çatdırıb.

M.Abbaszadə həmçinin 2010-cu və 2011-ci illər üzrə abituriyentlərin sayı və ali məktəblərə qəbul planı arasında müqayisəli təhlillər aparıb, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçən abituriyentlərin sayı və qeyd olunan ixtisaslar üzrə müsabiqə vəziyyəti, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi barədə geniş məlumat verib. O bildirib ki, ali təhsil müəssisələrinin magistraturalarına 20 fevralda keçirilən qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılır və proqram seçimində iştirak edirlər. Onun sözlərinə görə, bunun üçün bakalavrlar iyunun 8-dən 15-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmaları seçib təsdiq etməlidirlər. 8 mindən çox bakalavrın magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək hüququ qazandığını deyən M.Abbaszadə vurğulayıb ki, qəbul imtahanının ikinci mərhələsi iyunun 26-da Bakı, Gəncə və Naxçıvan şəhərlərində keçiriləcək: "Bunun üçün bakalavarlar iyunun 23-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq "Bakalavrların imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidir. İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılır. İxtisas üzrə test tapşırıqlarına cavabın maksimal qiyməti 50 baldır. Bu baldan yüksək nəticə göstərən bakalavrlar imtahanda uğur qazanmış hesab olunur".

M.Abbaszadə Rusiya ali məktəblərinə qəbulun nəticələri barədə də məlumat verib. O qeyd edib ki, Rusiya ali məktəblərinə qəbul imtahanları nəticəsində təxminən 11 yer boş qalıb: "Bu məlumatlar Rusiyadakı diaspor rəhbərliyinə çatdırılıb. İyunun 11-də Moskva şəhərində Rusiyada yaşayan Azərbaycan vətəndaşları üçün imtahan keçiriləcək. Onlar öz ərizələrini diaspor və Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinə təqdim edirlər. Verilən məlumatlara görə, indiyə qədər 150 ərizə daxil olub. Bu vətəndaşlar üçün iyunun 11-i Rusiyada imtahan təşkil olunacaq".

Mətbuat konfransının davamında M.Abbaszadə KİV nümayəndələrini maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə