Məleykə Abbaszadə abituriyentlərin işlərini sadələşdirmək üçün Təhsil Nazirliyinə müraciət etdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən təşkil olunan sınaq imtahanlarında iştirak etmək üçün 247765 abituriyent yazılıb. SİA-nın xəbərinə görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, 77031 nəfər isə sınaq imtahanlarında fərd kimi iştirak edib. Orta hesabla hər abituriyentin 3 dəfə sınaq imtahanında iştirak etdiyini deyən M.Abbaszadə qeyd edib ki, sınaqlarda iştirak edən 77031 nəfər fərdin 58800-ü ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib: "19 031 nəfər imtahanlarda ərizə verməyib, ancaq sınaqda iştirak edib. Sınaq imtahanları respublikanın 52 bölgəsində keçirilib. İmtahanlarda iştirak edən 19 mindən çox abituriyentin qəbul imtahanlarına sənəd vermədiyindən onların orta statistik nəticələrini söyləmək olmur. Ona görə də yalnız son sınaq imtahanında ərizə verənlərin nəticələrini araşdırdıqda görürük ki, Azərbaycan bölməsində I ixtisas qrupunda orta bal 234, II qrupda 305, III qrupda 314, IV qrupda isə 351-dir", - deyə o əlavə edib.
TQDK sədri vurğulayıb ki, attestat qiymətlərinin abituriyentlərin ərizələrinə daxil edilməsi prosesi sadələşdirilə bilər: "Bu ilin məzunları hələ ki attestatlarını almayıblar. Əvvəlki illərin məzunları isə artıq attestat qiymətlərini sənədlərinə daxil ediblər. Ərizələr təsdiqlənib və onlar imtahan ərəfəsində internet vasitəsilə "İmtahana buraxılış vərəqəsi"ni çap edib əldə edə biləcəklər. Amma bu ilin məzunları attestat alandan sonra oradakı qiymətləri öz ərizələrinə daxil etməli və onu sənəd qəbulu komissiyasına təqdim etməlidir. Orada qiymətlər yoxlanır, təsdiqlənir və bundan sonra, abituriyentlər öz buraxılış vərəqələrini çap edə bilərlər. Bu proses daha sadə ola bilər. Buraxılış imtahanları bitəndən sonra Təhsil Nazirliyi "Məzun bazası"nı vaxtında komissiyaya təhvil versə, abituriyentlərin attestatlarını təsdiq etdirmək üçün sənəd qəbulu komissiyasına getməsinə ehtiyac qalmayacaq. Ötən il bizə bu məzun bazası iyulun əvvəlində verildi deyə, biz bu yoxlamanı avtomatik olaraq edə bilmədik. Sonuncu buraxılış imtahanları iyunun 17-də Bakı şəhərində keçiriləcək. Bu məzun bazası iyunun 25-dək verilsə, biz bu nəticələri avtomatik olaraq abituriyentlərin ərizələrinə köçürə bilərik. Builki məzunlar üçün təkrar sənəd qəbulu komissiyasına getmək lazım olmaya bilər. Çox istərdim ki, bu məzun bazası komissiyaya iyunun 25-dək təqdim olunsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB