Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis olunan bu gün dövlət dilimizin keçdiyi inkişaf yoluna nəzər salmaq, onun müasir dövrdə qorunması və inkişafı istiqamətində görülən işləri dəyərləndirmək baxımından böyük əhəmiyyət daşıyır.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında Türkiyənin Qazi Universitetinin tədqiqatçı-alimi, təhsilin idarə olunması üzrə fəlsəfə doktoru Şəhla Aslan söyləyib. O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət dilinin qorunması, zənginləşdirilməsi və müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Azərbaycan dilinin ictimai, elmi, təhsil və informasiya məkanındakı mövqeyinin daha da möhkəmləndirilməsi bu siyasətin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı nəticəsində Azərbaycan və dünya ədəbiyyatının ən dəyərli nümunələri latın qrafikasında kütləvi tirajla nəşr olunub, kitabxanalar, məktəblər, ali təhsil müəssisələri və digər mədəniyyət ocaqları yeni nəşrlərlə təmin edilib.
Tədqiqatçı-alim vurğulayıb ki, Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi dövlətin mədəniyyət siyasətinin prioritetlərindən biridir. “Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyasında ana dilimizin dövlət dili kimi qorunması, cəmiyyətin bütün sahələrində tətbiqinin genişləndirilməsi, Azərbaycan dilində elmi və bədii nəşrlərin sayının artırılması, rəqəmsal informasiya məkanında istifadəsinin genişləndirilməsi, ədəbi dil normalarının qorunması, dil mədəniyyətinin yüksəldilməsi, gənc nəslin ana dilinə bağlılığının möhkəmləndirilməsi, eləcə də xaricdə Azərbaycan dilinin təbliğinin dəstəklənməsi mühüm hədəflər kimi müəyyən olunub.
“Müasir dövrdə qloballaşma, sosial şəbəkələrin geniş yayılması və rəqəmsal kommunikasiya vasitələrinin sürətli inkişafı Azərbaycan dilinin istifadəsində yeni çağırışlar formalaşdırır. Xüsusilə gənclər arasında xarici mənşəli sözlərdən lüzumsuz istifadə, internet jarqonunun geniş yayılması və bəzi hallarda ədəbi dil normalarına tam əməl edilməməsi nitq mədəniyyətinə mənfi təsir göstərən amillər sırasındadır. Buna görə də ana dilimizin saflığının qorunması hər bir vətəndaşın, xüsusilə gənc nəslin üzərinə düşən mühüm məsuliyyətdir”, - deyə Şəhla Aslan vurğulayıb.
Tədqiqatçı-alim qeyd edib ki, Azərbaycan dili, eyni zamanda, böyük türk dilləri ailəsinin ayrılmaz tərkib hissəsidir: “Sevindirici haldır ki, Azərbaycan dilinin xarici ölkələrdə yaşadılması və öyrədilməsi istiqamətində Azərbaycanın Türkiyədəki səfirliyinin tabeliyində olan Mədəniyyət Mərkəzi mühüm fəaliyyət həyata keçirir. Mərkəzin təşəbbüsü ilə Qazi Universitetində yaradılan “Azərbaycan Türkcəsi Tədris Ocağı” bu istiqamətdə həyata keçirilən əhəmiyyətli layihələrdən biridir. Tədris ocağında təşkil olunan Azərbaycan dili kurslarında Türkiyənin müxtəlif universitetlərindən, eləcə də fərqli ölkələrdən olan tələbələr, tədqiqatçılar və Azərbaycan dilinə maraq göstərənlər təhsil alırlar. Onlar yalnız dilimizi öyrənmir, həm də Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə yaxından tanış olurlar.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi bu layihə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında qarşıya qoyulan hədəflərin praktik təzahürlərindən biri kimi qiymətləndirilə bilər. Tədris ocağında təşkil olunan kitab təqdimatları, müzakirələr, ədəbi-bədii görüşlər Azərbaycan dilinin öyrənilməsinə marağı artırmaqla yanaşı, ölkəmizin zəngin mədəni irsinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir. Bu təşəbbüs Azərbaycan dilinin müxtəlif ölkələrdən olan gənclər və elm adamları tərəfindən də öyrənilməsinə şərait yaradır və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfə verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB