Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

Fevralın 12-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib.

SİA xəbər verir ki, komitənin sədri Anar İsgəndərov iclasın gündəliyinə “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) çıxarıldığını deyib.

Sənəd haqqında məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafının beş milli prioritetindən biri kimi müəyyən olunub. Müzakirəyə çıxarılan qanun layihəsi də həmin ərazilərdə məskunlaşan əhaliyə münasibətdə peşə təhsili üzrə təhsil haqqının dövlət hesabına ödənilməsinin qanunvericilik əsaslarının müəyyən edilməsi üçün hazırlanıb. Belə ki, sənəddə işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və növbəti üç tədris ili üzrə dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub.

Layihə sözügedən ərazilərdə peşə təhsilinin stimullaşdırılmasına və dayanıqlı məşğulluğun təmin olunmasına xidmət edəcək.

Müzakirədə çıxış edən komitə sədri Anar İsgəndərov, komitə sədrinin müavini Fariz İsmayılzadə, üzvlər Bəxtiyar Əliyev, Pərvin Kərimzadə, Ceyhun Məmmədov, Şahin Seyidzadə, Elçin Mirzəbəyli, Mehriban Vəliyeva, Samir Vəliyev, Əziz Ələkbərov, Rəşad Mahmudov, Elnarə Akimova, Vasif Qafarov, Fatma Yıldırım, Tamam Cəfərova və Sevinc Fətəliyeva təklif olunan dəyişikliklərin əhəmiyyətindən danışıblar. Bildirilib ki, layihə işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış vətəndaşlarımızın peşə təhsilinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsinin hüquqi mexanizminin formalaşdırılmasına və zəruri kadr potensialının yaradılmasına xidmət edir.

Deputatlar həmin ərazilərdə məskunlaşan şəxslərin, xüsusən də gənclərin peşə təhsilinin əmək bazarının tələblərinə uyğun inkişaf etdirilməsi, regionda dayanıqlı məşğulluğun təmin olunması kimi məsələlərlə bağlı fikirlərini bölüşüblər.

Sonda qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə