“Biznesin müflisləşməsi” işçi qrupunun növbəti iclası keçirilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” işçi qrupunun 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan geniş tərkibdə iclası keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, iclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyi, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının əməkdaşları, İqtisadiyyat Nazirliyi və Nazirliyin yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının nümayəndələri və işçi qrupun digər üzvləri, o cümlədən özəl sektorun nümayəndələri iştirak ediblər.

Tədbirdə Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edərək Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupu çərçivəsində aidiyyəti qurumlarının məqsədyönlü və koordinasiyalı fəaliyyəti nəticəsində qazanılmış nailiyyətlərin ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılmasına və beynəlxalq reytinqlərin yüksəlməsinə xidmət etdiyini bildirib.

Daha sonra o, işçi qrupun yeni rəhbərini iclas iştirakçılarına təqdim edib. Ədliyyə nazirinin müavini, işçi qrupun rəhbəri Abiddin Hüseynov çıxış edərək 2025-ci il üzrə qarşıda duran prioritet vəzifələr və biznesin müflisləşməsi sahəsinin daha da inkişaf etdirilməsi ilə əlaqədar ötən dövrdə görülən işlər barədə məlumat verib, işçi qrupun fəaliyyəti nəticəsində əldə edilmiş əsas nailiyyətləri səsləndirib.

Qeyd olunub ki, 2024-cü il üzrə Yol xəritəsinin icrası ilə bağlı “Biznesin müflisləşməsi” işçi qrupu tərəfindən təşkilati, qanunvericilik və maarifləndirici işlər görülüb. Yol xəritəsinin fəaliyyət istiqamətləri üzrə müəyyən edilmiş tədbirlər ötən dövr ərzində əsasən müvəffəqiyyətlə icra edilib, bir sıra tədbirlərin icrası isə 2025-ci ildə də davam etdiriləcək. “Sağlamlaşdırma və müflisləşmə haqqında” yeni qanun layihəsinin hazırlanması işinin tamamlanması istiqamətində intensiv işlərin görüldüyü və həmin qanun layihəsinin ilkin versiyasının redaktəsinin yekunlaşmaq üzrə olduğu barədə məlumat verilib.

İclas zamanı, həmçinin işçi qrupun üzvləri tərəfindən Yol xəritəsində nəzərdə tutulmuş tapşırıqlar üzrə əsas nailiyyətlər təqdim olunub və 2025-cü il üçün Yol xəritəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb.

Tədbir iclas iştirakçılarının çıxışları və işçi qrupun fəaliyyəti ilə bağlı müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə