Dərs cədvəllərinin tərtib olunması kimdən asılıdır? - RƏYLƏR

Məktəbin keyfiyyətli idarə olunmasında, təlim prosesində səmərəliliyin artırılmasında dərs cədvəlinin elmi-pedaqoji tələblər əsasında tərtib edilməsi vacib amillərdəndir. Dərs cədvəlinin düzgün tərtib olunması şagirdlərin təlim materiallarını yaxşı mənimsəməsinə də müsbət təsir göstərir.

Dərs cədvəlinin tərtibində həftənin ayrı-ayrı günlərinin çətin fənlərlə həddindən artıq yüklənməsi şagirdlərin iş qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Həm də düzgün tərtib olunmayan dərs cədvəli şagirdlərdə yorğunluq, diqqətsizlik kimi halların baş verməsinə gətirib çıxarır. Bundan başqa, tələblərə cavab verməyən dərs cədvəli tədris prosesində həmçinin intensivliyi azaldır, şagirdlərin yorğunluğu həftə ərzində getdikcə artır, eyni zamanda müəllim əməyinin səmərəsinə mənfi təsir göstərir.

Bəzi şəhər məktəblərində dərs cədvəli hələ də təsdiqlənməyib. Qeyri-müəyyənliyin səbəbi nədir? Valideynlərin sözlərinə görə, övladları yeni tədris ilinə uyğunlaşmaqda çətinlik çəkir, hər həftə fərqli cədvəllə dərslərə hazırlaşırlar. SİA mövzu ilə bağlı Q.Nuralıyev adına Xolqaraqaşlı kənd tam orta məktəbin direktoru Ruhəngiz Nəcəfovanın, təhsil eksperti Elnur Aydının və təhsil eksperti Rizvan Fikrətoğlunun fikirlərini öyrənib.

Xolqaraqaşlı kənd tam orta məktəbin direktoru Ruhəngiz Nəcəfova: "Dərs cədvəllərinin tərtib olunması məktəb rəhbərliyindən asılıdır. Məktəb rəhbərliyi əgər vaxtında öz işini düzgün formada, sürətli qurarsa, onda dərs cədvəlləri də tam şəkildə hazır olmuş olar. Bizim dərs cədvəlimiz sentyabrın 16-da tam şəkildə həm müəllimlərə təqdim olunmuşdur, həm də sinif qruplarına göndərilmişdir. Bütün şagirdlər artıq ayın 16-da dərsə gələrkən öz dərs cədvəllərini tam şəkildə biliblər.

Həm də biz kitabların paylanmasını sentyabrın 6-da həyata keçirmişik. Buna görə də şagirdlər məktəbə tam hazır şəkildə gəliblər. Nə valideynlərin narazılığı var, nə müəllimlərin, nə də şagirdlərin. Qeyd edim ki, həm də bizim elektron cədvəlimiz də hazırdır. Məktəbimizin tabe olduğu Şirvan-Salyan regional təhsil idarəsinin çevik işi sayəsində elektron cədvəllərimiz də sentyabr 16-na qədər regionala göndərilib. Tam şəkildə təsdiq olunub. Heç bir problemimiz yoxdur. Dərs cədvəllərinin hazır olunması da dərs bölgüsünün vaxtında, düzgün aparılmasından, məktəb rəhbərliyinin öz işini düzgün qurmasından asılıdır".

Təhsil eksperti Elnur Aydın: "Valideynlərin narahatlığı anlaşılandır. Hər həftə dəyişən cədvəl uşaqların tədris prosesinə uyğunlaşmasını çətinləşdirir. Tədris ilinin əvvəlində öyrənmə keyfiyyətinə təsir göstərir. Bir çox səbəblərdən məktəblərdə dərs cədvəllərinin təsdiqlənməsində gecikmələr ola bilir. Vakant müəllim yerlərinin dolmaması, müəllim yerdəyişmələri dərs cədvəlinin vaxtında hazır olmamasına təsir edir. Bəzi məktəblərin infrastrukturu və sinif otaqlarının yetərsizliyi, dərs cədvəllərinin tərtibində gecikmələrə səbəb olur. Məktəb daxilində şagird sayının artması və ya azalması siniflərin yenidən təşkil edilməsini tələb edir. Bu da dərs cədvəllərinin gec təsdiqlənməsinə səbəb olur. Bəzən cədvəllərin elektron sistemlər vasitəsilə tərtibi zamanı texniki problemlər prosesin yubada bilir.

Dərs cədvəllərinin təsdiqlənməsindəki gecikmələri aradan qaldırmaq üçün müəyyən tədbirlər görmək olar. Müəllim çatışmazlığı problemini öncədən proqnozlaşdırıb vaxtında işə qəbul prosesi tamamlansa, cədvəl tərtibini çevik və operativ etmək mümküdür. Elektron sistemlərin tətbiqi məktəb rəhbərliyinin dərs yükünü daha sürətli bölüşdürməsinə kömək edir. Əsas cədvəl təsdiqlənməyibsə, müvəqqəti cədvəllər tətbiq olunub, şagirdlərin dərslərə uyğunlaşması və tədris prosesini tənzimləmək olar. Valideynlər və şagirdlər üçün cədvəllərdə baş verə biləcək dəyişikliklər barədə vaxtında məlumat verilməlidir və dəyişikliklərin səbəbləri onlara aydın şəkildə izah edilməlidir. Bu, şagirdlərin dərslərə hazırlığını və uyğunlaşmasını asanlaşdırar".

Təhsil eksperti Rizvan Fikrətoğlu: "Mövcud təhsil qanunvericiliyinə əsaslansaq, dərs cədvəlləri tədris ilinin ilk gününə qədər hazırlanıb təsdiqlənməlidir. Dərs cədvəlinin düzgün, vaxtında tərtib olunmasında ən çox məsuliyyət daşıyan şəxs məktəb direktorunun tədris işləri üzrə müavinidir. Ola bilər ki, tədris ili başlayanda hansısa müəllim işə gəlsin və ya işdən çıxarılsın, bu səbəbdən dolayı hansısa fənlərin keçirilməsində yerdəyişmə ola bilər. Bu, heç də dərs cədvəlinin olmaması mənasına gəlmir.

Dərs cədvəlinin vaxtında tərtib olunmaması şagirdlərin dərslərində vaxtında və keyfiyyətlə hazırlamalarına və davamiyyətlərinə mənfi təsir göstərəcək.

Bu hal müəllim və valideynlər üçün də problemlər yaradır. Bu kimi halların qarşısının alınması üçün dərs cədvəli vaxtında tərtib olunmalıdır. Tərtib olunarkən burada çətin, orta, asan fənlər nəzərə alınmaqla bölünməlidir. Məsələn, biz birinci dərs fiziki tərbiyəni, altıncı dərsə Azərbaycan tarixini sala bilmərik. Bu, düzgün tərtib olunmayan dərs cədvəlidir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə