26 oktyabr parlament seçkiləri ilə bağlı müzakirələr aparılıb

Gürcüstanın baş naziri İrakli Kobaxidze ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının nümayəndələri ilə görüşüb. SİA Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.

Hökumət administrasiyasında keçirilən iclasda 26 oktyabr parlament seçkiləri ilə bağlı müzakirələr aparılıb.

Baş nazir qeyd edib: "Hökumət əvvəlki illərdə olduğu kimi, azad və ədalətli seçkilərin keçirilməsi üçün hər şeyi etməyə hazırdır. Bu məqsədlə bir sıra mötəbər beynəlxalq təşkilatların həm qısamüddətli, həm də uzunmüddətli missiyaları seçkiləri müşahidə etmək üçün dəvət olunub".

İrakli Kobaxidze beynəlxalq müşahidəçilərlə açıq və fəal əməkdaşlığa hazır olduğunu bir daha təsdiqləyib: "Hökumət başçısının sözlərinə görə, siyasi proseslərin radikallaşması müxalifətin gündəmində qalmaqdadır, lakin ümumilikdə seçki prosesləri sağlam şəraitdə keçəcək".

Baş nazir beynəlxalq müşahidə missiyalarının obyektiv qiymətləndirilməsinin vacibliyini vurğulayıb və qeyd edib ki, hökumət oktyabrın 26-da keçiriləcək seçkiləri müşahidə etmək üçün mümkün qədər açıqdır, çünki bu seçkilər ədalətli, azad və rəqabətli mühitdə keçiriləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə