Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Bərdədə vətəndaşları qəbul edib - FOTOLAR

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli oktyabrın 18-də Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Bərdə rayonu və Bakı şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, barama və heyvan subsidiyası, toxumçuluq, pambıqçılıq, suvarma suyu və digər məsələlərlə bağlı olub.

Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Vətəndaş qəbulu başa çatdıqdan sonra Azad Cəfərli Bərdə DAİM-in kollektivi ilə görüşüb, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və yeniliklər, iş prosesinin təşkili, yazlıq əkinlərin bəyanı prosesi ilə maraqlanıb, tövsiyə və tapşırıqlarını verib.

Daha sonra Azad Cəfərli rayonun Köbər kəndi yaxınlığında yerləşən “Köbər-Aqro” MMC-yə məxsus intensiv xurma, nektarin, gilas bağlarına baxış keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə