Haluk Görgün Türkiyənin müdafiə sənayesindəki inkişafları dəyərləndirib

Müdafiə Sənayesi rəhbəri Haluk Görgün Türkiyənin bu sahədəki müstəqillik yürüşünün bütün dünyada diqqət çəkdiyini qeyd edib. O, Türkiyənin müdafiə sənayesində çatdığı nöqtəni dəyərləndirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Görgün "Türkiyənin müdafiə sənayesindəki böyük tərəqqisi və texnoloji müstəqillik yürüşü bütün dünyada diqqət çəkir. 15 milyard dollardan çox sektor dövriyyəsi, 80 faizdən yuxarı yerli istehsal payı və 185 ölkəyə edilən ixracat ilə yerli müdafiə sənayesi qlobal arenada özünü təsdiqləmiş vəziyyətdədir" ifadələrini işlədib.

Bu il Türkiyənin gücünü nümayiş etdirəcəyi ən böyük tədbirlərdən biri olan “Saha Expo”nun 22-26 oktyabr 2024 tarixlərində İstanbulda keçiriləcəyini xatırladaraq bunları deyib: "1400-dən çox iştirakçı şirkət, 150 mindən çox ziyarətçi, 300-dən çox məhsul təqdimatı və 200-dən çox imza mərasimi ilə müdafiə sənayemizin çatdığı nöqtəni hamımız bir yerdə görəcəyik. Eyni zamanda, 12 beynəlxalq paneldə sektorun gələcəyini formalaşdıracaq vacib müzakirələr aparılacaq və 500-dən çox heyət arasında strateji əməkdaşlıqlar imzalanacaq."

Türkiyənin müdafiə sənayesi nəhənglərinin yeni texnologiya və məhsulları ilə “Saha Expo”da yer alacağını qeyd edən rəhbər Haluk Görgün inkişaf səviyyəsini görmək istəyənləri sərgiyə dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə