Sosial Tədqiqatlar Mərkəzi hava nəqliyyatında gömrük xidmətlərinin keyfiyyətlə yerinə yetirilməsini müəyyən edən başlıca indikatorlardan biri kimi, sərnişinlərin gömrük xidmətlərindən məmnunluq səviyyəsini müəyyən etmək məqsədilə sorğular keçirib. SİA xəbər verir ki, Azərbaycanın regional logistika və enerji arxitekturasını müəyyən edən, yeni qlobal logistik marşrutun - Orta dəhlizin mərkəzi arteriyalarını təşkil edən ölkəyə çevrilməsi, dünyada geoiqtisadi və hərbi qarşıdurmalar, nəqliyyat arteriyalarına nəzarət uğrunda mübarizə fonunda yeni iqtisadi-logistik mərkəzin yaranmasının strateji təşəbbüskarı kimi çıxış etməsi, rəqəmsal sivilizasiyanın formalaşmasından irəli gələn iqtisadi təhlükəsizlik çağırışları, ölkəmizin dünyanın ən mühüm tədbirlərindən birinə - COP29 konfransına ev sahibliyi etməsi, turistlərin sayının dəfələrlə artması və digər amillərin hava nəqliyyatında gömrük xidmətlərinin miqyasını və keyfiyyətini yüksəltməsi tələbləri bu istiqamətdə tədqiqatın aparılmasını şərtləndirib

Tədqiqat gömrük xidmətlərinin göstərilməsinin ən qabaqcıl keyfiyyət standartlarına və müştəri məmnunluğuna uyğunluğunu yoxlamaq; xidmətlərin keyfiyyəti və təşkili ilə bağlı məmnunluq səviyyəsini qiymətləndirmək; xidmətin göstərilməsi üzrə yekun nəticənin əldə edilməsində sərf olunan müddətdən məmnunluğu öyrənmək; xidmət göstərən əməkdaşların peşəkarlığını və davranışlarını qiymətləndirməyi hədəfləyib.
Qeyd edək ki, dövlət xidmətlərinin keyfiyyətindən və əlçatanlığından vətəndaş məmnuniyyəti bütün sahələrdə dövlət siyasətinin səmərəliliyinin başlıca meyarı kimi çıxış edir. Öz növbəsində məmnuniyyətin qiymətləndirilməsinin əsas üsullarından biri sosioloji sorğuların keçirilməsidir.
Sorğular Heydər Əliyev Beynəlxalq Aeroportunda, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən Azərbaycan Respublikası vətəndaşları və xarici ölkə vətəndaşları arasında olmaqla, ümumilikdə yaşı 18 və yuxarı olan 1869 respondentlə keçirilib.

Sorğunun sahə işi 2024-cü ilin 28 avqust – 30 avqust tarixləri arasında icra edilib. Məlumatların toplanılmasında kompüter dəstəkli üz-üzə müsahibə (CAPI) üsulu tətbiq olunub. Sorğular Azərbaycan, rus və ingilis dillərində aparılıb. Hədəf qrup üzrə respondentlər sadə təsadüfi üsulla sorğuya cəlb edilib. Bu məqsədlə Heydər Əliyev Beynəlxalq Aeroportunun Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal- 1 Beynəlxalq Hava Limanı” və “Terminal-2 Beynəlxalq Hava Limanı” gediş və gəliş xətlərində gömrük postlarından sonra yerləşdirilən STM-in intervüyer komandası tərəfindən sərnişinlərə sorğuda iştirak məqsədilə müraciət olunub. Bütün müsahibələrdə anonimlik təmin edilib, respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı, məlumatların yalnız ümumiləşdirilmiş qaydada istifadə ediləcəyi barədə zəruri məlumatlar çatdırılıb.
Sorğuda iştirak edənlərin 71.3%-i ölkəyə daxil olan və 28.7%-i ölkəni tərk edən sərnişinlər olub. İştirakçıların 38.8%-i Azərbaycan Respublikası vətəndaşları, 61.2%-i xarici ölkə vətəndaşları olub. Xarici ölkə vətəndaşlarının 38.1%-i Rusiya Federasiyasının, 13.9%-i Türkiyə Respublikasının, 10.0%-i Hindistan Respublikasının, 4.5%-i Pakisan İslam Respublikasının, 3.7%-i Birləşmiş Ərəb Əmirliklərinin, 3.5%-i Qazaxıstan Respublikasının, 3.5%-i Küveyt Dövlətinin və 22.8%-i digər ölkələrin vətəndaşlarıdır. Ümumi sorğu iştirakçılarının 16.6%-i gömrük nəzarətindən “qırmızı dəhliz”, 83.4%-i “yaşıl dəhliz” vasitəsilə keçib.

Gömrük xidmətinin təşkili ilə bağlı sərnişinlərin məmnunluq səviyyəsini öyrənmək məqsədilə onlara bu barədə sual ünvanlanıb. Sorğuda iştirak edənlərin 95.5%-i gömrük xidmətinin təşkilindən razı qaldığını, 3.2%-i razı qalmadığını bildirib. Respondentlərin 1.4%-i bu barədə rəyini bildirməkdə çətinlik çəkib. Gömrük xidmətinin təşkilindən razı qalan sərnişinlərin yüksək faizi (95.5%) xidmətlərin sərnişinlərin ehtiyaclarına uyğun və effektiv təşkil olunduğunu göstərir.

Sorğu çərçivəsində gömrük xidmətinin göstərilməsi müddətindən sərnişinlərin məmnunluq səviyyəsi öyrənilib. Nəticələrə əsasən, respondentlərin 95.1%-i xidmətin göstərilmə müddətindən razı qaldığını, 3.3%-i razı qalmadığını bildirib. Respondentlərin 1.6%-i cavab verməkdə çətinlik çəkib.
Sərnişinlərin gömrük əməkdaşlarının peşəkarlığı ilə bağlı rəylərini öyrənmək məqsədilə onlara bu barədə sual ünvanlanıb. Gömrük nəzarətindən “yaşıl dəhliz” vasitəsilə keçənlərin gömrük əməkdaşları ilə təmaslarının minimal səviyyədə olmasını nəzərə alaraq, bu sual məhz “qırmızı dəhliz” vasitəsilə keçən sərnişinlərə yönəldilib.

Nəticələrə əsasən, sorğuda iştirak edənlərin 94.2%-i gömrük əməkdaşlarının peşəkarlığından razı qaldığını, 4.8%-i razı qalmadığını bildirib. Respondentlərin 1.0%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Sərnişinlərin gömrük əməkdaşlarının münasibət və davranışı ilə bağlı fikirlərinə gəlincə, respondentlərin 96.5%-i əməkdaşların münasibət və davranışından razı qaldığını, 2.5%-i razı qalmadığını bildirib. Sorğu iştirakçılarının 1.0%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Sorğuda iştirak edənlərin 94.1%-i gömrük keçid məntəqəsindən ümumi olaraq müsbət təəssüratla, 2.9%-i mənfi təəssüratla ayrıldığını bildirib. Respondentlərin 3.0%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Sərnişinlər tərəfindən xaricdən gətirilən malların elektron bəyan edilməsi məqsədilə "Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" layihəsi çərçivəsində hazırlanmış "Smart Customs" mobil tətbiqindən istifadə səviyyəsini öyrənmək məqsədilə sorğu iştirakçılarına bu barədə sual ünvanlanıb. Respondentlərin 11.2%-i gömrük keçidi zamanı “Smart Customs” tətbiqindən istifadə etdiyini, 85.0%-i istifadə etmədiyini bildirib. Respondentlərin 3.8%-i bu barədə fikir bildirməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə