“Bəzi dərsliklər reallıqdan uzaq yanaşmalarla yazılır” - EKSPERT DANIŞDI

“Ev tapşırıqlarının və dərsliklərin qəliz olmasının bir neçə əsas səbəbi var. Birincisi, tədris proqramlarının müasir dövrdə sürətlə inkişaf edən texnologiya və elmi məlumatlarla dolu olması, şagirdlərdən daha geniş biliklərə malik olmağı tələb edir. Müasir tədris yanaşmaları tələbələri təkcə nəzəri biliklərə deyil, həm də analitik düşünmə və kompleks problemləri həll etməyə hazırlamağa çalışır. Bu səbəbdən, dərsliklərdə və ev tapşırıqlarında çətinliklər və çoxşaxəli mövzuların yer alması qaçılmaz olur”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

O bildirib ki, digər tərəfdən müəlliflərin və təhsil sisteminin tədris materiallarını bəzən həddindən artıq yükləməsi də çətinliklər yaradır: “Müəlliflər çox vaxt tədris materiallarını mümkün qədər çox məlumatla doldurmağa çalışırlar ki, şagirdlər hər bir mövzunun hərtərəfli öyrənilməsini təmin etsinlər. Lakin bu yanaşma, xüsusən aşağı sinif şagirdləri üçün həddindən artıq yüklənmə və anlaşılmazlıq yaradır.

Üçüncüsü, dərsliklərin hazırlanmasında vahid standartların olmaması və ya onların müntəzəm olaraq yenidən nəzərdən keçirilməməsi də problemlərə səbəb olur. Bəzi dərsliklər köhnəlmiş və ya reallıqdan uzaq yanaşmalarla yazılır ki, bu da şagirdlər üçün əlavə çətinlik yaradır.

Ev tapşırıqlarının ağır olması isə çox vaxt müəllimlərin proqramı vaxtında tamamlaması zərurəti ilə əlaqələndirilir. Bu halda müəllimlər dərs müddətində çatdıra bilmədikləri materialları ev tapşırığı kimi verirlər, nəticədə şagirdlər çox vaxt dərslikləri anlamadan məcburən evdə özləri həll etməyə çalışırlar.

Dərsliklərin məzmunu dövri olaraq müasir tələblərə və şagirdlərin yaş xüsusiyyətlərinə uyğun yenilənməlidir. Dərsliklərdə ağır və təkrarlanan mövzular çıxarılmalı, sadə və daha anlaşılan dil istifadə edilməlidir.
Şagirdlərin fərdi bacarıq və maraqlarına uyğun proqramlar tərtib olunmalıdır. Hamının eyni sürətlə inkişaf etməsi mümkün deyil, buna görə də fərqli bacarıqlara və maraqlara malik şagirdlər üçün fərqli yanaşmalar tətbiq edilməlidir.
Rəqəmsal resurslar və interaktiv tədris materialları tədris prosesini sadələşdirə və daha maraqlı edə bilər. Elektron dərsliklər və müxtəlif öyrənmə platformaları vasitəsilə şagirdlər daha asan və effektiv şəkildə tədris materiallarını mənimsəyə bilərlər.
Şagirdlərin əlavə təzyiq altına düşməməsi üçün ev tapşırıqları yalnız əsas və zəruri biliklərin tətbiqinə yönəldilməlidir. Lazımsız və çətin tapşırıqlar minimuma endirilməli, şagirdlərin sərbəst vaxtı və onların psixoloji vəziyyəti nəzərə alınmalıdır.

Bu problemlərin həlli təhsil sisteminin daha effektiv və şagirdyönümlü olmasını təmin edə bilər. Həm də dünya təcrübəsinə nəzər salsaq, məsələn, Finlandiya kimi ölkələrdə ev tapşırıqları minimuma endirilir və dərsliklər sadə və anlayışlı şəkildə hazırlanır ki, bu da onların təhsil sisteminin uğurlu olmasının əsas səbəblərindən biridir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə