"Cəzalar ağırlaşdıqca, insanlarda buna qarşı immunitet yaranır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Cərimələrin artırılmasının müsbət nəticəsi olacaq və insanların ətraf mühiti çirkləndirməsinin qarşısını almağa təkan verəcək". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, bir məsələni də vurğulayım ki, cəzaların birdən-birə sərtləşdirilməsi heç də həmişə müsbət nəticəyə səbəb olmur: "Cəzalar ağırlaşdıqca, insanlarda buna qarşı immunitet yaranır. Əslində cəzanın məqsədi intiqam və cəza deyil, insanları islah etməkdir.

Fikrimcə, İnzabi Xətalarla bağlı cərimələrin seçilməsi zamanı inkişaf etmiş ölkələrin təcrübələrindən faydalanmaq doğru olardı. Hesab edirəm ki, Azərbaycanda İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi nəzərdə tutan qanun layihəsi doğrudur və bu müsbət nəticə verə bilər. Təbii ki, insanlar artıq marifələnəcək ki, tütün və digər zibil tullantılarını yerə atmaqla həm ətraf mühiti çirkləndirir, həm də öz sağlamlıqlarına zərər vurmuş olurlar.

Qaydalara riayət etməyən vətəndaşları Daxili İşlər Nazirliyinin (DİN) adiyyəti üzrə əməkdaşları məsuliyyətə cəlb edəcəklər. Eyni zamanda burada müxtəlif kamera görüntüləri və vətəndaşların lentə alıb hüquq-mühafizə orqanlarına göndərdikləri görüntülərdən də istifadə oluna bilər. Bunların əsasında protokollar tərtib olunacaq və qaydaları pozan şəxslər cəzalandırılacaqlar.

Milli Məclis keçirilən iclasında müzakirəyə çıxarılan və birinci oxunuşda qəbul edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik belədir:

Qüvvədə olan qanuna əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə 50 AZN,

Dəyişikliyə əsasən,

Fiziki şəxslər 300 AZN məbləğində,

Vəzifəli şəxslər 1000 AZN məbləğində,

Hüquqi şəxslər 4000 AZN məbləğində cərimə ediləcək.

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır.

Eyni qaydanı bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə