Azad olunmuş ərazilərdə ümumi gücü 630 kilovatdan çox olan “Arximed” qurğusu quraşdırılıb

Azad olunmuş ərazilərdə ümumi gücü 636 kilovat olan “Arximed” qurğusu, 300-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 2000 kilovatdan çox olan günəş enerjisi sistemləri, günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri, “ağıllı dayancaqlar”, elektrikdoldurma məntəqələri quraşdırılıb. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycan energetikasında yaşıl era” məqaləsində qeyd olunub.

Nazirin sözlərinə görə, bunlar davamlı proseslərdir və bütün səylər bu innovativ təcrübənin geniş tətbiqinə, azad edilmiş ərazilərin enerji səmərəliliyində nümunəvi bölgəyə çevirməyə səfərbər olunub. O vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun xalis sıfır emissiyalı yaşıl enerji zonası kimi qurulması 2050-ci ilə karbon emissiyalarının 40 faiz azaldılması hədəfinə doğru aparan yolun əhəmiyyətli hissəsidir.

“Hidroenerji potensialı yüksək olan Qarabağ və Şərqi Zəngəzurda su elektrik stansiyaları bölgənin təmiz enerji təminatının əsas mənbəyidir. Bu regionların elektrik enerjisi tələbatı 100 faiz yaşıl enerji hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerjisisteminə ötürülür. İndiyə kimi 270 meqavat gücündə 32 su elektrik stansiyası istismara verilib. Bu, il ərzində 600 milyon kilovat-saatdan çox yaşıl enerjinin istehsalı, 160 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon qazının (CO2) həcminin isə 330 min tondan çox azalması deməkdir. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın 2024−2027-ci illərdə həyata keçirilməsi üzrə Tədbirlər Planı bu ərazilərdə daha 28 su elektrik stansiyasının tikintisini nəzərdə tutur. Onlardan ümumi gücü 37,5 meqavat olan 6 kiçik su elektrik stansiyasının (KSES) tikintisi aparılır. Bundan başqa, KSES-lərin bərpasına özəl investisiyanın cəlb edilməsi istiqamətində Kəlbəcər və Laçında Həkəri və Tərtər çayları üzərində yerləşən 5 kiçik su elektrik stansiyasının bərpa edilərək istismara verilməsi ilə bağlı Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” şirkəti, “Arges Enerji Team” MMC şirkəti və “Azərbaycan İnvestisiya Şirkəti” ASC arasında ötən ilin dekabrında imzalanmış müqaviləyə əsasən Laçında kiçik su elektrik stansiyalarından birinin təməli qoyulub, digər stansiyalarla bağlı müvafiq tədbirlər görülür”,- deyə P.Şahbazov qeyd edib.

Nazir, həmçinin bu ilin mayında açılışı olan “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının, yaxın perspektivdə istifadəyə veriləcək 140 meqavat gücündə su elektrik stansiyalarının Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi inkişafının mühüm elementləri olduğunu bildirib: “Ümumi gücü 500 meqavat olan 5 günəş, eləcə də külək elektrik stansiyalarının inşası ilə bağlı planlar üzrə investorlarla əməkdaşlığımız da bu strateji bölgəni yaşıl enerjinin istehsalı və ixracının mühüm mərkəzlərindən birinə çevirəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə