Gürcüstanda keçiriləcək seçkilərdə 3,5 milyondan çox seçici iştirak edəcək

Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərində 3 milyon 508 min 294 seçici səs verə biləcək. Onlardan 135 min 922-si ilk dəfə səs verəcək. Seçicilərin 95 min 910 nəfəri xarici ölkələrdə səs verəcəklər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb. Bildirilib ki, parlament seçkiləri ilə əlaqədar 3 min 111 seçki məntəqəsi açılacaq. Bunlardan 3 min 44-ü Gürcüstanda, 67-si isə 47 xarici ölkənin 53 şəhərində olacaq.

Ölkə daxilində yaradılacaq 3 min 44 məntəqənin 13-ü penitensiar müəssisələrdə və psixi xəstələrin yerləşdirildiyi mərkəzlərdə, 12-si isə həbsxanalarda açılacaq.

Səsvermə üçün 3 milyon 325 min 100 bülleten çap olunacaq. Bunlardan 2 milyon 838 min 600 mini elektron səsvermə, 486 min 500-ü isə köhnə qayda ilə səs vermək üçün yaradılan məntəqələrdəki seçicilər üçün nəzərdə tutulub.

Qeyd edək ki, parlament seçkiləri Gürcüstanda ilk dəfə proporsional sistem üzrə keçiriləcək və 5 faizlik baryeri keçən partiyalar parlamentdə təmsil oluna biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə