"Universitetlərin yaxın gələcəkdə Qarabağa köçürülməsi inandırıcı deyil" - MÜNASİBƏT BİLDİRİLDİ

“Doğrudur, “Elmlər Akademiyası”, “28 May” kimi metrostansiyalarının yaxınlığında tələbələr tıxacların və sıxlığın olmasına müəyyən mənada təsir göstərə bilərlər. Amma ümumi olaraq paytaxtda şagirdlər tələbələrdən daha çox tıxaca səbəb olurlar. Ümumiyyətlə, Azərbaycandakı tələbə sayının 180 mini ötmədiyini nəzərə almaq lazımdır. Onların bir hissəsi bölgələrdə təhsil alsa da, təxminən 100-120 min arası paytaxtda oxuyur. Onların isə Bakıda böyük tıxaca səbəb olduğunu düşünmürəm”. Bu sözləri SİA-ya təhsil eksperti Elmin Nuri deyib.

Ekspert xatırladıb ki, universitetlərin Bakıdan kənara köçürülməsi məsələsi hər il gündəmə gəlir: “Səbəb olaraq da hər zaman universitetlərin tıxaclara səbəb olduğu deyilir. Bu səbəbdən də onların ya şəhərin ətrafına, ya da regionlara köçürülməsi təklif olunur. Qarabağın işğaldan azad olunmasından sonra isə Bakıdakı universitetlərin hər hansısa birinin ora köçürülməsi məsələsi gündəmə gəlib. Lakin mənim məsələyə münasibətim birmənalı deyil. Çünki orada onsuz da Qarabağ Universiteti inşa olunacaq. Məndə olan məlumata görə, həmin universitet nəinki Azərbaycanın, hətta Qafqazın ən güclü və ən böyük universitetlərindən biri olacaq. Belə olacağı təqdirdə, hər hansısa bir universitetin Qarabağa köçürülməsini real hesab etmirəm. Lakin hansısa universitetin Qarabağ filalı fəaliyyət göstərə bilər. Hazırda da bir çox universitetin bölgələrdə filalı var. O cümlədən, onların Qarabağda filalı ola bilər”.

Ekspert hesab edir ki, universitetlərin yaxın gələcəkdə Qarabağa köçürülməsi inandırıcı deyil: “Məncə, böyük universitetlərimizdən hər hansısa birinin Qarabağa köçməsini gözləyə bilmərik. Universitetlərin nəinki Qarabağa, hətta digər rayonlarımıza da köçürülməsini gözləmək əbəsdir. Çünki bəzi detallar universitetlərin özündən asılı deyil. Bu gün universitetlərimiz beynəlxalq reytinq cədvəllərinin tələbləri istiqamətində işləmək üçün çalışırlar. Onun öhdəsindən isə layiqincə gəlmək üçün çətinlik çəkdikləri görünür. Ona görə ki, tələblər həddindən artıq yüksəkdir. Əgər universitet regionlardan birinə köçsə, orada böyük kampus və yataqxana olmalıdır. Paytaxtdakı universitetlərimizin maksimum 4 yataqxanası var. Bəzi universitetlərin isə ümumiyyətlə yataqxanası yoxdur. Hətta 4 yataqxana belə universitet tələbələrinin maksimum 8-10 faizini ödəyir. Onlar da əsasən xarici tələbələrdir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə