"Peşə təhsilli şəxslər var ki, onlar ali təhsillilərdən daha çox qazanır" - MÜSAHİBƏ
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndinin SİA-ya verdiyi müsahibəsini təqdim edirik:
- Elçin müəllim, məlumdur ki, az bal toplamaq ehtimalı olanlar daha çox 5-ci ixtisas qrupuna üz tutur. Elə suallar da daha çox bu yöndən olacaq. Bəs, az bal toplayanlar, yaxud az bal toplayacağını düşünən abituriyentlər 5-ci ixtisas qrupundan necə yararlana bilər?
- 5-ci ixtisas qrupuna qəbul olmaq istəyən abituriyentlər minimal müsabiqə şərtini ödəməlidirlər. Əgər onlar ən azı 60-70-80 bal toplayıblarsa, mütləq qabiliyyət imtahanı verməlidirlər. Məsləhətim odur ki, çalışıb 100 bal üzərində nəticə əldə etsinlər ki, daha real qəbul olmaq imkanları olsun.
- 5-ci ixtisas qrupunda hansı ixtisaslar var?
- Burada qabiliyyət tələb edən ixtisaslar var. Ümumiyyətlə, buradakı ixtisasların demək olar ki, hamısı qabiliyyət tələb edir. Yalnız istisna universitetlər var ki, onlar qabiliyyət tələb etmir. Bura əsasən, dizayn ixtisası üzrə olanlar aiddir. Burada keçid balları 170-180, hətta 200 üzəri qeydə alınır. Yəni, bu ixtisasları yazmaqdansa, yazmamaq daha məqsədəuyğundur. Amma kimsə bu ixtisasları seçmək istəyirsə, 200-250 bal toplamalıdır.
- 5-ci ixtisas qrupuna hansı fənlərdən hazırlaşmaq lazımdır?
- Burada 3 fəndən hazırlaşırlar. Bu da Azərbaycan dili, riyaziyyat və xarici dildir.
- 5- ci ixtisas qrupunda hansı ixtisaslar var?
- Burada, əsasən, Təsviri incəsənət müəllimliyi, Bədən tərbiyəsi müəllimliyi, məşqçilik, dizaynerlik, aktyorluq, rəqs müəllimliyi və s. mövcuddur.
- Maddi baxımdan 5-ci ixtisas qrupu hansı mənada valideynlərə sərf edir?
- Valideyn burada övladını cəmi 3 fəndən hazırlığa yollayır. Bu zaman da xərclər minimal olur. Həmçinin, 5-ci ixtisas qrupunda illik təhsil haqları daha münasibdir.
- Bəs, 5-ci ixtisas qrupunda oğlanlar və qızlar üçün uyğun olan hansı peşələr var?
- Burada oğlanlar üçün əsasən dizaynerlik, bədən tərbiyə müəllimliyi, məşqçilik, ümumi fiziki hazırlıq, aktyor, heykəltaraşlıq və s. Qızlar üçün isə təsviri incəsənət müəllimliyi, dizaynerlik, rəngkarlıq, qrafika və digər bu qəbildən olan ixtisaslar daha uyğundur.
- Bilik səviyyəsi aşağı olan abituriyentlər hansı ixtisas qrupuna hazırlaşsa nəticə əldə edə bilər?
- Bu tip abituriyentlərin 2 və 5-ci ixtisas qrupuna hazırlaşması daha məqsədəuyğundur. Yəni, buradan universitetə qəbul olmaq ehtimalları daha yüksəkdir.
- Sizcə, indiki zəmanədə diplom şərtdirmi? Yoxsa hər hansı peşəyə diplomsuz yiyələnməklə də uğur qazanmaq olar?
- Əlbəttə, diplom çox vacibdir. Üstəlik, diplomla bərabər ixtisasını bilmək də önəmlidir. Əgər diplomu olan şəxs öz ixtisasını bilmirsə, bu zaman diplom heç bir şeyə gərək deyil.
Universitetə qəbul olmayanlar peşəyə yönəlsələr daha yaxşı olar. Məsələn, bərbərlik, aşpazlıq, çilingərlik və s. Bilirsiniz ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi fəaliyyət göstərir və agentliyin tabeliyində bir neçə peşə məktəbi-litseyi var. Universitetə qəbul olmayan abituriyentlər bu sahələrə də yönəlsələr gələcəkləri üçün yaxşı karyera qura bilərlər.
- İndiki repetitor qiymətləri normal ailə büdcəsinə uyğundurmu?
- Təbii ki, uyğun deyil. Abituriyentlər 6-7 fəndən hazırlaşır. Valideynlər ən azı ayda 450-500 manat övladının hazırlıqlarına pul ödəyir. Məncə repetitor qiymətlərinin bu qədər baha olması doğru yanaşma deyil.
- Bəzi müəllimlər var ki, çox yüksək qiymətə ixtisas seçimi üçün kodlaşdırma edir. Sizcə, yüksək qiymətə kodlaşdırma edən müəllimlər daha etibarlıdır? Bu baha qiymət haradan qaynaqlanır? Bu barədə siz nə düşünürsünüz?
- Təbii ki, ixtisas kodlaşdırması ilə bağlı hər hansı bir xidmət göstərilirsə, bunun da müəyyən bir ödənişi olmalıdır.
- Polis Akademiyası 5-ci qrupda varmı?
- Xeyr, 5-ci qrupda bu yoxdur.
- Bəs, 2-ci ixtisas qrupu asandır?
- Məncə 1 və 2-ci ixtisas qrupuna qəbul olmaq daha asandır. Digər qruplar bir qədər çətindir.
- Gənclər hansı ixtisasa qəbul olmaqla daha asan iş tapa bilər?
- Hesab edirəm ki, burada əmək bazarında İT və pedaqoji yönümlü olan ixtisaslara tələbat var. Gənclər bu sahələrə qəbul olsa, gələcəkdə işlə bağlı bir problem yaşamayacaqlar.
- Sizcə, sadəcə, sözdə ali təhsilmi, yoxsa yaxşı pul qazana biləcəyimiz bir peşə daha yaxşıdır?
- Hər kəsin ali təhsil almaq kimi bir öhdəliyi yoxdur. Əgər kimsə ali təhsil ala bilmirsə, peşə təhsili də ala bilər. Elə peşə təhsilli şəxslər var ki, onlar ali təhsillilərdən daha çox gəlir əldə edir, yaxud qazanırlar.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə