Kənd təsərrüfatına verilən kreditlərdən necə yararlana bilərik? - ARAŞDIRMA

Dünyada milyonlarla insan ifrat yoxsulluğu ilə üz-üzədir. Bu da öz növbəsində ərzaq təhlükəsizliyi problemindən xəbər verir. Dünyada qida təminatından məhrum olan 291 milyon insanın 72%-i Asiyada, Banqladeş, Hindistan, İndoneziya və Pakistanda yaşayır.

Pandemiyadan başqa, iqlim dəyişikliyi dünyada kənd təsərrüfatının üzləşdiyi ən böyük problemdir. Ekstremal hava hadisələrinin artması məhsuldarlığı və sektorun ümumi dayanıqlığını təhdid edir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, insanlar təbii fəlakətlər səbəbindən bitkiçilik və heyvandarlıq istehsalında 207 milyard dollar ümumi məhsulun 74%-ni itirir. Bu problemi həll etmək üçün dövlət siyasəti ekstremal hava hadisələri üçün erkən xəbərdarlıq sistemləri, kənd təsərrüfatı infrastrukturunun və istehsal təcrübələrinin iqlimə davamlılığı və əlverişli sığorta kimi bir sıra həllərə yol açmalıdır.

Hər il dünyada 850 milyon insan ac qalır və son onilliklər ərzində bu rəqəm azalmağa doğru gedir. Kənd təsərrüfatı bir çox ölkələrin inkişafı üçün əsas olaraq qalmaqdadır. İnkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı ümumi milli məhsulun əsas paylayıcısıdır və fermerlər (xüsusilə kiçik fermerlər) əhalinin əksəriyyətini təmsil edirlər.

Kənd təsərrüfatı bir çox cəmiyyətlər tərəfindən dəstəklənir və bu da qlobal ərzaq bazarına müəyyən təsir göstərir. Bu vəziyyət bir neçə onilliklər ərzində texnoloji tərəqqinin nəticəsidir. Ölkələrdə məhsuldarlıq inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrdəki kiçik fermerlərinkindən təxminən 500 dəfə yüksəkdir.
Məhsuldarlığın artırılması təsərrüfatların genişləndirilməsini və mexanikləşdirilməsini tələb edir. Bu dəyişikliklər fermerlərdən yaşamaq yolunda deyil, inkişaf yolunda olmağı tələb edir. Dövlətlər tərəfindən kənd təsərrüfatı ilə bağlı bir çox planlar, layihələr həyata keçirilir ki, onların arasında güzəştli kreditlər əsas yer tutur desək yanılmarıq.

Bəs ölkəmizdə kənd təsərrüfatı sahibləri bu kreditlərdən nə dərəcədə yararlanır?

"İqtisadi və Sosial Araşdırmalara Yardım" İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli SİA-ya açıqlamasında kənd təsərrüfatına verilən kreditlərdən danışıb.

Kənd təsərrüfatına verilən kreditləri almaq üçün müvafiq banklara müraciət etmək lazımdır. Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə fermer təsərrüfatına güzəştli kreditlərin təqdim edilməsi nəzərdə tutulmuşdur. Əsasən ərzaq tədarükü ilə məşğul olan sahibkarlıq obyektlərinə verilir. Həmçinin cənab Prezident tərəfindən sərəncam verilib ki, ərzaqlıq buğdanın əkilməsi ilə bağlı 5 illik güzəştli şərtlərlə kreditlər verilsin. Həmçinin dövlət tərəfindən həmin ərzaqları dünya standartlarına uyğun olaraq bazar qiymətinə əldə edəcəkdir. Bu da kənd təsərrüfatının inkişafına mühüm və müsbət təsirlər göstərməkdir. Kreditlərlə bağlı bankların adlarını çəkmirik, bu aydın məsələdir. Lakin ümid edirəm ki, bütün banklar Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə müvafiq məlumatlar əldə edəcək və əhalinin müraciətlərinə cavab olaraq lazimi işlər həyata keçiriləcək.

Burada əsas məsələ reysterində kənd təsərrüfatı subyekti və ya qeydiyyatdan keçmə şərtidir ki, bir insan fermer təsərrüfatı ilə əkinə, biçinə lazım olan kreditlərdən yararlana bilsin. Belə fərmanlar fermerləri stimullaşdırır, həmçinin qeyri-neft sektorunun inşasına təkan verir, onlarda həvəs yaradır ki, bu da subsidiya verilən sahələrlə daha çox məşğul olmağa gətirib çıxarır. Bariz nümunədir ki, dövlət müəyyən kənd təsərrüfatı məhsullarının ixracına, idxalına həm meyvələrin, həm də tərəvəzlərin ixracına müəyyən şərait yaradır. Geridə qoyduğumuz illərə nəzər salsaq, bu il qeyri-neft sektoru ümumi ixracın 51 faizini təşkil edir. Bunun içində kənd təsərrüfatının payı çoxluq təşkil edir. Həmçinin ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatının inkişafında çox böyük təsirini görürük. Artıq
Qarabağda geri alınmış torpaqlarımızın əkinə inteqrasiyası başlayır, bu da sözsüz ki, kənd təsərrüfatının inkişafına, müəyyən ərzaq artımına səbəb olacaqdır. Həmin bölgənin təbiətinə, iqliminə uyğun bitkilərin artmasına təkan verəcəkdir. Gələcəkdə cənab Prezidentin imzaladığı 2022-2026-cı illər iqtisadi sosial strategiyanın tərkib hissəsi olaraq həmin bölgələrdə həyata keçiriləcək və həmin strategiyada məhsulun hər il 4 faizin artması nəzərdə tutulmuşdur.

İqtisadçı-ekspert Eldəniz Əmirov isə qeyd edir. İqtisadi sahələr arasında kənd təsərrüfatına qoyulmuş investisiyaların geri dönüşü ilə bağlı böyük risklərin olduğu sahələrdən biridir. Çünki burada iqlim normaları, təbii fəlakətlər sel, daşqın, o cümlədən quraqlıq, zərərvericilər, mövsumi xəstəliklər və s. bir çox faktorlar vardır ki, kənd təsərrüfatı sahəsinə ciddi şəkildə mənfi təsirlərini göstərir. Bu səbəbdən kənd təsərrüfatına ayrılmış kreditlər böyük riskli kreditlər hesab olunur. Buna görə də banklar kənd təsərrüfatına kreditləri ayırmaqda o qədər də maraq göstərmirlər, çünki burda risk amili çox böyükdür. Həmçinin elə kənd təsərrüfatı məhsulları vardır ki, çox illik xarakter daşıyır. Məsələn bu il krediti bu sahəyə yatırım etdikdən sonra məhsulun satışı və gəlirin əldə olunaraq kreditin ödənilməsinə 3/4 il lazım gəlir. Bankların bu sahə ilə maraqlanmasının əsas səbəblərdən biri kimi bunu da qeyd etmək olar. Buna görə də dövlət beynəlxalq və yerli təşkilatlarla müxtəlif proqramlar icra edir və bu proqramlar çərçivəsində müxtəlif banklar kredit verir. Məsələn kənd təsərrüfatının rəqəmsallaşdırılması, rəqabətin artırılması, bu sahədə qadın gücünün artırılması, qadın sahibkarların çoxalması yönümdə dəstək göstərilməsi üçün 1 aylıq, 5 aylıq bəzən 1 illik çərçivəsində kreditlər verilir. Nəzərdə tutulan kreditlər kütləvi yox, məhz məhdud səviyyədə verilir.

Kənd təsərrüfatının kreditləşdirilməsi istiqamətində ölkədə fəaliyyət göstərən qurumlardan biri, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyidir (AKİA). Mən deyərdim ki, kənd təsərrüfatının inkişafında ən böyük rola malik elə məhz bu qurumdur. Düzdür hazırda vəziyyət qənaətbəxş halda deyil, amma 5/10 il əvvəl müqayisədə müəyyən qədər irəliləyiş var. Kənd təsərrüfatında çalışan sahibkarların istər xəstəliklərə qarşı mübarizədə, istər qanunvericiliyin tələblərinin müəyyən edilməsi istiqamətində, istər xarici bazarlarına çıxışı kimi müxtəlif sahlərdə kənd təsərrüfatı sahibkarlarına dövlət dəstək mexanizmləri vardır və fəaliyyət göstərir. Hal hazırda 5/10 il öncəyə nisbətən inkişaf var deyə bilərik, amma bu inkişaf lazımi dərəcədədirmi bunu zaman göstərəcək.

Həmçinin, güzəştli şərtlərlə kənd təsərrüfatı avadanlığı və texnikası, damazlıq heyvan alışı üçün nəzərdə tutulan kreditlər mövcuddur. Belə ki, sahibkar tərəfindən texnikanın dəyərinin 20%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 40 %-i həcmində subsidiya (güzəşt), qalan məbləğ isə Bank tərəfindən faizsiz kreditləşməklə kənd təsərrüfatı texnikası əldə etmək mümkündür. Damazlıq heyvan alışı üçün isə heyvanın dəyərinin 25%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 60% subsidiya (güzəşt), qalan məbləğ isə illik 7%-lə Bank tərəfindən kreditləşdirilir. 2022-ci ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 153,1 mln. manat təşkil edib ki, onun da 1 085,3 mln. manatı heyvandarlıq, 67,8 mln. manatı isə bitkiçilik məhsullarının payına düşür. Götürülən işlərin nəticəsidir ki, Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,8%, bitkiçilik məhsulları üzrə 14,4 % artıb.

Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqov bildirir ki, iqtisadiyyatın əmək bazarına daxil olan işçi qüvvəsinin sayına nisbətən daha az iş yerinin yaradılması kənd təsərrüfatının payına düşür.

Ən son olaraq 2022-2026-cı ildə sosial-iqtisadi inkşafla bağlı proqramın təmin olunmasıdır ki, bu da iqtisadiyyatın müxtəlif sahələrini əsasən də faktiki olaraq kənd təsərrüfatının inkişafına təkan verəcəkdir. Özünəməşğulluluq proqramları da var ki, bir çox insanlar özünə yeni işlər qura bilərlər və özünü məşğulluq isə yavaş-yavaş kiçik sahibkarlığa çevrilir. Bu sahədə işəgötürənlərin aktiv olması arzuolunandır, çünki bu həm də işə götürülənlərin maliyyə yükünün azaldılması və müəyyən təbəqədən olan insanların, o cümlədən işsizlərin əmək bazarına qazandırması istiqamətində atılan əsas addımlardan biridir.

Ölkəmizdə işsizliyə daha çox hansı sahələrdə tələbat var?

İlk növbədə kənd təsərrüfatı sahəsində daha çox ehtiyac vardır, lakin kənd təsərrüfatında daha çox ixtisaslı işçilərə ehtiyac duyulur. Aqronomlara, zootexniklərə həqiqətən ehtiyac duyulur və çox təəssüf ki bu sahədə biz öz tələbələrimizi yerinə yetirə bilmirik və nəticə etibarilə fermer təsərrüfatları həmin işləri yerinə yetirmək üçün xarici ölkələrdən, xüsusilə Türkiyədən ixtisaslı kadrları dəvət edirlər. Bir çox hallarda vakansiyaların oldmadığını görürük, məsələ peşəkar kadr məsələsidir ki, bəzi hallarda nisbətən daha yaxşı kadrlar seçilir müəyyən yerlərə ki, bu da əslində məsələnin həlli deyil. Deməli kənd təsərrüfatı, turizm maliyyə sektoru sahəsində, o cümlədən tibb sahəsində də peşəkar kadr ehtiyacı mövcuddur.

Kənd təsərrüfatı bu problemlərlə bağlı müəyyən ciddi addımlar atır. Lakin kənd təsərrüfatının artım dinamikası daha sürətli olduğu üçün davamlı olaraq bu sahədə kadra ehtiyac duyduğunu görürük. Sahibkarların artması, fermerlərin bu işə ürəklə daha ciddi yanaşması, həmçinin məhsulun bolluğunun artırılması üçün dövlət bir çox planlar və layihələr irəli sürür ki, bu da kənd təsərrüfatı iqtisadiyyatının inkişafına xüsusi təkan verəcək.

Müəllif: Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə