“Əsrin Müqaviləsi” necə əsrin möcüzəsi oldu? - ANALİZ

Azərbaycanın yeni iqtisadi inkişaf konsepsiyasının təməli “Əsrin Müqaviləsi” ilə qoyuldu

“Əsrin Müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.

Heydər Əliyev

Azərbaycandan başlayan neft tarixi

Qədim tarixi mənbələrdə Azərbaycan ərazilərində neftdən istifadə ilə bağlı çoxsaylı məlumatlar var. Minillər əvvəldən neft bu torpağın sakinlərinə işıq və ocaq bəxş edib. Bütün dünyada qədim odlar yurdu kimi tanınmış Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı isə XIX əsrin ortalarından başlanıb. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda "qara qızılın" sənaye üsulu ilə çıxarılmasının əsasını qoydu. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada 1-ci yerə çıxaraq, dünya neft hasilatının yarısını verirdi.

XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlanmışdı. Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirdi. Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqaları neft sənayesində ən böyük maqnatlar idi.

Azərbaycan adı ilə ilk müstəqil respublika elan olunan 1918-20-ci illərdə də dövlətin əsas maliyyə mənbələrindən biri neft sənayesi idi. Sosialist respublika dövründə - 20-30-cu illərdə neftin hasilatı azalsa da, neftin iqtisadiyyatda rolu aparıcı idi.

İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 70 faizini verən Azərbaycan cəbhəni yanacaqla təmin edərək faşizm üzərində qələbədə böyük rol oynadı.

Əsrin ortasında Azərbaycanda neft sənayesində bir dünya möcüzəsinin əsası qoyuldu. 1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft Daşlarında vuran fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoydu. Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başladı. Dənizdə neft şəhəri yarandı.

XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin böyük nailiyyətləri ilə yadda qalaraq onun inkişafı, maddi-texniki bazasının möhkəmlənməsi illəri olub. Həmin illərdə respublikamızın neft sənayesinin bütün uğurları Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Azərbaycan Sovet İttifaqının tərkibindən çıxdıqdan sonra neft sektoruna daha çox üstünlük verildi və dənizdəki yeni neft yataqlarının işlənməsi üçün beynəlxalq konsorsium yarandı. Bu imkanı reallığa çevirən isə Heydər Əliyev dühasıdır.

Uğura aparan yol nədən başladı?

Xalqın çağırışı ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Elə ilk günlərdən ARDNŞ-in 1-ci vitse-prezidenti, Milli Məcisin deputatı İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir möhkəm ideya dururdu: "Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir".

Bu istiqamətdə saysız-hesabsız görüş və danışıqlar məhz bu deviz altında keçirilirdi. Əlbəttə, çətinlik və maneələr də olurdu. "Əsrin müqaviləsi" ilə bağlı danışıqların son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqlar dayandırılma məqamına çatırdı. Həmin anı İlham Əliyev belə xatırlayır: "Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Biz heç cür səhvə yol verə bilmərik".

Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı...

“Əsrin Müqaviləsi” necə yarandı?

1994-cü il sentyavrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yatatqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin Müqaviləsi" adlandırıldı. Bu sənəd təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapıb. “Əsrin Müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Rusiya, Böyük Britaniya, Norveç, Türkiyə, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, LUKoyl, MakDermott, Yunokal, ARDNŞ, Statoyl, Ekson, “Türkiyə petrolları”, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edir.

"Əsrin Müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 mln. ton idi, sonralar qiymətləndirici quyuların məlumatlarına görə bu ehtiyat 730 mln. tona çatdı. Ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür.

"Əsrin Müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın müxtəlif ökələrinin 40-dan artıq neft şirkəti ilə daha 30 sazişin də imzalanması üçün yol açdı.

"Əsrin Müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.

Yeni neft strategiyası

1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı. Bu neftin satışından əldə edilən valyuta ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış Dövlət Neft Fonduna daxil olur və xalqa böyük fayda verir. Şimal istiqamətindəki uzunluğu 231 km, diametri 720 mm olan neft kəməri ilə Azərbaycan nefti Rusiyanın Novorossiysk limanına nəql olunurdu. Qərb istiqamətində uzunluğu 837 km, diametri 530 mm Bakı-Supsa boru kəməri inşa edilərək, 17 aprel 1999-cu ildə işə salındı və bu kəmərlə də xeyli neft dünya bazarına çıxarılırdı.

1999-cu ilin noyabrında İstanbulda keçirilmiş ATƏT-in Sammitində Azərbaycan, ABŞ, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistanın prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) "Əsas İxrac Neft Kəməri"nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalandı.

2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli liderimiz Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyuldu və tikintisinə başlandı. Dəyəri 5 mlrd. ABŞ dolları olan BTC-nin uzunluğu 1770 km, ötürücülük qabiliyyəti ildə 50 mln. tondur.

Bu "əsas ixrac neft kəməri"nin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da böyükdür. Belə ki, bu neft kəməri dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin inkişafına təkan verdi, Azərbaycanın dünyada nüfuzunun güclənməsinə səbəb oldu.

Əsrin möcüzəsi

Ekspertlərin proqnozlarına görə, neftin 1 barelinin qiyməti 50 dollar civarında hesablanarsa, Azərbaycan "Əsrin Müqaviləsi" üzrə 2025-ci ilədək 200 mlrd. ABŞ dollarından artıq gəlir əldə edəcək. Bu dövrdə neft qiymətləri 50-150 dollar arasında dəyişib. Hazırda neftin qiyməti 40 dollar cıvarındadır.

Heydər Əliyevin dərindən düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, İNOQEYT, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilib.

Ölkəmizin sürətli iqtisadin inkişafının, sosial rifahın təmin edilməsinin, güclü orduya malik olmağımızın təməlində “Əsrin Müqaviləsi dayanır. Onu məhz buna görə əsrin möcüzəsi adlandırmaq olar.

Nüfuzlu iqtisadçılar və siyasi ekspertlər Azərbaycanın bütün sahələrdə sürətli inkişafına gətirib çıxaran əsas səbəb kimi “Əsrin Müqaviləsi”ni göstərirlər. 20 sentyabr tarixinin bu və digər əhəmiyyətli məqamlarını nəzərə alan prezident Heydər Əliyev 2001-ci ildə imzaladığı sərəncamla bu günü Azərbaycan neftçilərinin peşə bayramı kimi təsis edib. 20 sentyabr təkcə neftçilərin deyil, bütün Azərbaycan xalqının bayramıdır.

Bayramınız Mübarək!

Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə