Pandemiyadan ölkə iqtisadiyyatının qorunması vacibdir TƏHLİL

Ötən ili, 2019-cu ili Azərbaycan uğurla başa vurdu. Hesabat ili iqtisadi, sosial və digər sahələrdə irəliləyişlərlə, müsbət nəticələrlə yadda qaldı. Bu isə öz növbəsində cari il üçün təbii ki, nikbin proqnozlar demək idi. Daha dəqiq desək, ötən ilin uğurlarının cari il üçün daha böyük uğurlara, daha geniş miqyasda müsbət nəticələrə zəmin yaratması ondan xəbər verirdi ki, dövlətimiz bundan da artıq uğur qazanmaq, müsbət nəticələr əldə etmək əzmi ilə yeni ilə qədəm qoyub. Amma, bu yerdə, “sən saydığını say, gör fələk nə sayır” zərb məsəli yada düşür və dərhal pandemiya, eləcə də onun vurduğu zərərli təsirlər xatırlanır.

Ötən ilin nəticələrinə nəzər salsaq görərik ki, ölkəmizdə iri həcmli layihələr uğurla həyata keçirilib. Keçən il 4,2 milyon nəfəri əhatə edən iki böyük sosial paket reallaşdırlıb, minimum əməkhaqqı 1 ildə 2 dəfə artırılaraq 130 manatdan 250 manata, minimum pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bütün bunlarla yanaşı, illərlə vətəndaşları narahat edən, dolların məzənnəsində olan artımlarla əlaqədar yaranan problemli kreditlər məsələsi də həllini tapıb. Qeyd edək ki, bu müsbət nəticələr heç də təsadüfi deyildi. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, bütün bunlar “kölgə iqtisadiyyatı”na qarşı aparılan mübarizənin, büdcə-fiskal, gömrük və vergi sahəsində aparılan islahatların nəticəsində əldə olunan uğurların hesabına reallaşdırılıb.
“Kölgə iqtisadiyyatı”na qarşı aparılan mübarizə, büdcə-fiskal, gömrük və vergi sahəsində aparılan islahatlar sayəsində nəyə nail ola bildik? Nailiyyətlər çox oldu və ilk növbədə onu vurğulamaq yerinə düşərdi ki, 2019-cu ildə vergi və gömrük orqanlarının xəttilə büdcəyə 1 milyard manat əlavə vəsait daxil oldu. Nəzarət mexanizminin gücləndirilməsi, “qara mühasibatlığa”, “kölgə iqtisadiyyatına” son qoyulması, gömrük və vergi orqanlarında şəffaflığın təmin edilməsi, nəticədə əlavə olaraq büdcəyə 1 milyard manat vəsaitin daxil olması ilə geniş spektrda imkanlar yaratdı. Bu imkanlar da dövlət tərəfindən əhalinin sosial, iqtisadi cəhətdən müdafiəsini yaxşılaşdırmaq üçün islahatları dərinləşdirmək üçün imkanlar demək idi.
Qeyd etdiyimiz kimi, cari ilin əvvəlində əhalinin sosial, iqtisadi cəhətdən müdafiəsini yaxşılaşdırmaq üçün dövlətimizin islahatları dərinləşdirmək potensialını etiraf etmək lazımdır. Ölkəmiz 2020-ci ilə çox nikbin proqnozlarla qədəm qoydu və cari ilə heç də pis başlamadı. Bu barədə dövlət başçımız, Cənab Prezident İlham Əliyev də öz nitqində bildirib. Məhz bu zəngin potensial, düzgün və uğura hesablanan siyasət sayəsində əldə edilən imkanlar sayəsində yanvar-fevral aylarında ümumi daxili məhsul (ÜDM) 2,8 faiz, o cümlədən, qeyri-neft sektoru 6,7 faiz, qeyri-neft sənaye sahəsi 21,7 faiz artıb, inflyasiya cəmi 2,8 faiz, əhalinin gəlirləri isə 9 faiz təşkil edib.
Ötən ilki uğurların davamı kimi qeyd edə bilərik ki, bu il də vergi və gömrük orqanları ən qısa dövr ərzində belə müvəffəqiyyətləri ilə yadda qaldı. Belə ki, ilk 3 ayda dövlət büdcəsinə vergi orqanları 221 milyon manat, gömrük orqanları isə 91 milyon manat vəsait daxil ediblər. Bu isə o deməkdir ki, bu orqanlar cəmi 3 ay ərzində dövlət büdcəsinə əlavə olaraq 300 milyon manat vəsait cəlb ediblər. Məntiqi hesablamalar onu deməyə əsas verir ki, bu gedişlə cari ilin sonuna ötən ilkindən daha çox, yəni daha dəqiq desək ən azı 1,2 milyard vəsaitin cəlb olunması gözlənilirdi. "Əlbəttə, bizim ümidlərimiz ondan ibarət idi ki, il boyunca bu dinamika özünü saxlayacaq, beləliklə, büdcəmizə əlavə gəlirlər gələcək və bunun hesabına əlavə sosial proqramların icrası mümkün olacaq", deyə Cənab Prezident də xüsusilə bu barədə haqlı olaraq vurğulayıb. Amma qeyd etdiyimiz kimi, vəziyyət tamam başqa məqamlardan xəbər verir və bütün dünyanı cənginə alan, ÜST tərəfindən pandemiya kimi tanınan bu vəziyyət tamam fərqli halı diqtə edir.
Etiraf etmək lazımdır ki, pandemiya iqtisadiyyata ciddi şəkildə zərər vurdu. Bu zərər təkcə Azərbaycan iqtisadiyyatına deyil, ümumilikdə dünya iqtisadiyyatına nəinki zərər, hətta zərbə vurdu. Bütün dünya ölkələri, eləcə də Azərbaycan iqtisadiyyatı ciddi bir şok yaşamalı oldu ki, bu zamana qədər beləsi hələ müşahidə olunmamışdı. Doğrudur, bundan öncə də dünyada hansısa virus, quş qripi, donuz qripi kimi bəlalar peyda olub. Amma etiraf edək ki, onların heç biri bu yekəlikdə dünyada bu tərzdə həyəcan siqnalı doğurmayıb. Hələ bu vaxta qədər bütün dünya bu şəkildə karantin rejiminə keçməyib. Yer planeti bu zamana qədər bu şəkildə təhdid qarşısında qalmayıb.
Məsələ burasındadır ki, başda Ümumdünya Səhiyyə Təşkilatı olmaqla bütün dünya ölkələri virusla, pandemiya ilə mübarizəyə qalxsa da hələki ortada konkret nəticə yoxdur. Ən acınacaqlısı isə odur ki, proses hələ də davam edir, hələ də istər sağlamlığa, istərsə də iqtisadiyyata zərər vurmaqdadır. Hər gün ÜST dünya üzrə yoluxma və ölüm halları barədə məlumat yayır. Elə ölkələr, məsələn Avropa ölkələri, ABŞ kimi elə dövlətlər var ki, hələ də hər gün anti-rekord göstərici ilə planetin sakinlərinin diqqətini cəlb edir. Bir sözlə, prosesin belə bir şəkil alması sonu barədə söz söyləməyə imkan vermir və nə vaxt qutaracağı da bilinmir. Bu isə öz növbəsində çox çətin vəziyyət yarandığını təsdiq edir.
Hadisələrin gedişi dünya dövlətlərinin qarşısında mühüm vəzifələr qoyur. Hər bir ölkə özünəməxsus şəkildə bu vəziyyətə yanaşma nümayiş etdirir. Azərbaycan dövləti, ölkəmiz isə qarşısına birdən-birə iki olduqca vacib və mühüm məsələni həll etmək vəzifəsi qoyub ki, bunlardan birincisi əhalinin sağlamlığının qayğısına qalmaq, ikincisi isə ölkə iqtisadiyyatını qorumaq və sığortalamaqdır. Neftin qiymətinin kəskin şəkildə aşağı olduğu, həmçinin maliyyə və iqtisadi sarıdan daxili vəziyyətin bu şəklə düşdüyü bir dövrdə baş verə biləcək misilsiz tənəzzüldən sığortalanmaq hazırda ən başlıca iş hesab olunur.
Ölkəmiz, hökumətimiz yaranmış vəziyyətlə əlaqədar çevik reaksiya verdi. Qeyd edilən hər iki vəzifəni həll etmək istiqamətində operativ qərarlar qəbul etdi. Hazırki vəziyyət özü də təsdiq edir ki, bu operaqtivlik təqdirəlayiqdir və sözün əsl mənasında alqışlanmalıdır. Bir-birinin ardınca təsdiq edilən dövlət proqramları bütün sahələri əhatə etdi və sözsüz ki, əhalinin, Azərbaycan vətəndaşlarının üzrəyincə oldu. Bu istər sahibkarlıq sahəsinə, istərsə də ehtiyacı olanlara ayrılan vəsaitlərdə öz əksini tapıb ki, nəticədə ölkə vətəndaşı dövlət başçısının qayğısını hiss edir. Təsadüfi də deyil ki, Cənab Prezidentin ünvanına minnətdarlıq məktubları gəlməkdə davam edir. Ölkə vətəndaşları ünvanladıqları minnətdarlıq məktublarında bəşəriyyəti bürüyən bu bəladan onların xilas olmaları istiqamətində dövlət başçımızın göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.
Heç şübhəsiz ki, keçən il sosial sahədə aparılan islahatların davamı bu il də, cari il üçün də nəzərdə tutulmuşdu. Ötən ildə olduğu kimi, 2020-ci ildə də bəzi sahələr üzrə əməkhaqlarının əlavə olaraq artırılması nəzərdə tutulurdu. Cari ildə artımlar üçün 4 milyard manata qədər əlavə vəsait xərclənəcəyi planlaşdırılırdı. Amma reallıqlarla barışmaq lazım gəlir və nəzərə almaq lazımdır ki, həmin 4 milyard manatın artıq yarısından çoxu, yəni, 2,5 milyardı koronavirus təyinatlı oldu. Məsələ burasındadır ki, ölkə vətəndaşı çox yaxşı başa düşür ki, bu vəsaitlər belə əslində onların sağlamlığı, rifahı üçündür. Yəni, yenə də ölkə vətəndaşları üçündür və dövlətimizin siyasətinin mərkəzində vətəndaş amili dayanır. Vətəndaşlarımız onu da başa düşürlər ki, ən əsas məqsəd, həm cəmiyyətimizin sağlamlığının, həm də iqtisadiyyatımızın sığortalanması olmalıdır və dövlətimizin məqsədi də elə budur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...